AZ

ABŞ-nin Prezidenti Donald Tramp Nobel Sülh mükafatına layiqdir

O, dünyada müharibələri dayandırmağa çalışan sülhpərvər lider kimi qəbul edilir

Avqustun 8-də dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində möhtəşəm tarixi hadisə baş verdi. ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 7 bənddən ibarət Birgə Bəyannamə imzalandı. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, əldə olunan razılaşma regionda uzunmüddətli sülhün təmin olunması üçün real zəmin yaradır. 

Ağ Evdə imzalanan sazişin ən mühüm bəndlərindən biri də "Trump Route for International Peace and Prosperity" adlanan yeni tranzit koridorunun yaradılması ilə bağlıdır. Bu yol Azərbaycan, Ermənistan, Türkiyə və Avropa arasında ticarət və logistik əlaqələri genişləndirəcək, həmçinin Orta Asiyaya çıxış imkanlarını gücləndirəcək. Bu sənəd təhlükəsizlik, müdafiə sənayesi, enerji, iqtisadiyyat, süni intellekt, tranzit və iqlim dəyişikliyi kimi çoxşaxəli sahələri əhatə edir.

Prezident İlham Əliyevin Ağ Evdəki bəyanatı və Vaşinqton səfəri Azərbaycan diplomatiyası üçün tarixi mərhələ oldu. İmzalanan sülh sazişi yalnız iki ölkə arasındakı münasibətləri deyil, bütün Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişdirə bilər. Dövlətimizin başçısı çıxışında "Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı", - deyə qeyd etdi.

Vaşinqton razılaşması, ABŞ-Azərbaycan strateji tərəfdaşlığının təməlinin qoyulması və "Trump Route" kimi iri layihə sözsüz ki, Azərbaycanın gələcək onillikdə regional və qlobal arenada mövqelərini daha da gücləndirəcək. Sülh nəinki bizim bölgəmiz, eyni zamanda bütün dünya üçün böyük imkanlar yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, "Tramp rifah və sülh marşrutu" divarları yox edəcək, bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından, həmçinin beynəlxalq təhlükəsizlik baxımından yeni imkanlar vəd edir. 

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən tarixi görüşdən sonra  "Truth Social" hesabında paylaşım edərək Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə uzun illər davam edən münaqişə və itkilərdən sonra belə bir sənədi imzalamağın onun üçün böyük şərəf olduğunu qeyd edib. Tramp daha sonra vurğulamışdır: "Onlar iki möhtəşəm insan və böyük liderdirlər. İndi isə mənim yaxşı dostlarım oldular!"

İki ölkə arasında sülhün yaranması üçün ABŞ Prezidenti  Donald Tramp çox uğurlu təşəbbüslərlə çıxış edib. Demək olar ki, Donald Trampın adı dünya tarixinə  müharibələrə son qoymağa, münaqişələri həll etməyə çalışan dünya lideri kimi düşəcək. 

Rusiya-Ukrayna müharibəsi kontekstində apardığı danışıqlar və tərəfləri uzlaşdırmaq cəhdləri, 12 günlük İran-İsrail gərginliyinin bitirilməsindəki çağırışları və fəaliyyəti, Vaşinqtonda baş tutan Azərbaycan-Ermənistan danışıqları və digər xoşməramlı xidmətləri deməyə əsas verir ki, ABŞ Prezidenti Donald Tramp bundan sonrakı fəaliyyətində də dünyada sülh və əmin-amanlıq yaratmağa çalışacaq.

Prezident Donald Trampın dünyada sülhyaratma səylərini yüksək dəyərləndirən  dövlətimizin başçısı Vaşinqtonda Birgə Bəyanatın imzalanması zamanı ABŞ Prezidentinin Nobel Sülh mükafatına layiq görülməsi üçün Nikol Paşinyan ilə birgə Nobel komitəsinə müraciət etmək barədə təkliflə çıxış edib: "Bəlkə biz baş nazir Paşinyan ilə razılaşarıq və Nobel mükafatının komitəsinə birgə təşəbbüs də irəli sürə bilərik. Cənab Tramp bu mükafata layiqdir". Mətbuata açıqlamasında Azərbaycan Prezidenti bir daha vurğulamışdır: "Bəs əgər Nobel Sülh mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı. Bir sözlə, düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik".  Azərbaycan Prezidentinin təşəbbüsünə Nikol Paşinyan da dəstək verərək çıxışında Prezident Trampın Nobel Sülh mükafatına layiq olduğunu bildirib.

Ağ Evdən verilən məlumata görə, ABŞ Prezidenti D.Trampın son aylar apardığı diplomatik fəaliyyəti, xüsusən də qlobal münaqişələrin həlli istiqamətindəki təşəbbüsləri bir sıra dünya liderləri və hökumətləri tərəfindən yüksək dəyərləndirilərək onun Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. 

Ağ Ev rəsmilərinin sözlərinə görə, Trampın Nobel Sülh mükafatına təqdim olunması, xüsusən də onun Cənubi Qafqaz, Yaxın Şərq və Asiya istiqamətində son diplomatik təşəbbüsləri ilə bağlıdır. Xüsusən də Azərbaycan və Ermənistan arasında sülh prosesi, İsrail və ərəb ölkələri ilə münasibətlərin normallaşdırılması, eləcə də Asiya-Sakit okean regionunda gərginliyin azaldılması istiqamətində onun tərəfindən atılan addımlar vurğulanır.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
28
50
azerbaijan-news.az

10Mənbələr