AZ

Bölgələrdə qəhvəyi mərmər bağacığının yayılmasına qarşı mübarizə tədbirləri davam etdirilir - FOTO

Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair cari ilin Tədbirlər Planı”na əsasən qəhvəyi mərmər bağacığına qarşı mübarizə və müşahidə tədbirləri davam etdirilir.

Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən məlumat verilib.
 

Bildirilib ki, agentliyin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər həyata keçirilib, feremon tələlər quraşdırılıb və mübarizə tədbirləri həyata keçirilib.


Zərərvericiyə qarşı mübarizə tədbirlərinin effektivliyini təmin etmək məqsədilə il ərzində qışlama yerlərinin monitorinqi aparılıb, 51 rayonda 9 min 140 ədəd feromon tələ quraşdırılıb.

Monitorinqlər nəticəsində zərərvericinin 2 min 272 ədəd yetkin fərdi, 61 ədəd nimfası aşkarlanıb.

Zərərvericinin yetkin fərd və nimfaları əsasən şimal-qərb və qərb bölgələrində quraşdırılmış feromon tələlərdə müşahidə olunub. Sirayətlənmə səviyyəsinin yüksək olduğu 125 ocaqda (315,7 hektar ərazidə) bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Qeyd edək ki, qəhvəyi mərmər bağacığı son illər, əsasən, fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab olunur. Məhsuldarlığa ciddi ziyan vura bilən zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla, topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sovurmaqla qidalanır.

Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir - dadı pisləşir, üst səthi kələ-kötür olur.

Zərərverici ilə sirayətlənmə zamanı sitrus meyvələri, xurma və üzümün meyvələri yetişmədən tökülür. Qəhvəyi mərmər bağacığı qərzəkli bitkilərdə meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.


Bizim.Media

Seçilən
26
3
bizim.media

4Mənbələr