Son oyunda qol vursa belə, hücumun mərkəzində oynayan Nəriman Axundzadə və əvəzedicisi Musa Qurbanlı heç kimə güvən vermir. Qarşıdakı rəqib isə “Ferenstvaroş”du. Üç mövsüm əvvəl də qarşılaşmışdıq. Lakin onda “Qarabağ” daha güclü idi.
Mərkəz hücumçusu transfer edilməsə, Nəriman Axundzadə və Musa Qurbanlı ilə “Ferenstvaroş” qarşısına çıxmaq olarmı?
Sualı təcrübəli mütəxəssis Arif Əsədova ünvanladıq:
“Öncə “Qarabağ”ı pley-off münasibəti ilə təbrik edirəm. “Qarabağ”ın bura qədər gəlməsi təəccüb doğurmadı - rəqibləri ilə müqayisədə həm təcrübə, həm də oyun keyfiyyəti baxımından birbaş üstün idi. Hazırda komandanı pley-off mərhələsi gözləyir. Heyətdə yeni futbolçular var. Onlar komandaya yavaş-yavaş uyğunlaşır. Hücum xəttində problem olduğunu deməzdim. Nəriman Axundzadə hücumun mərkəzində oynayır. Deməzdim ki, pis çıxış edir. Oyundan-oyuna“artırır”. Alternativ baxımından, təbii ki, komandaya hücumçu lazımdı. Yəqin ki, məşqçilər korpusu da bunu düşünür, həll edir. “Qarabağ transferlərə həmişə həssas yanaşır. Qurban Qurbanov transfer xətrinə transfer edən məşqçi deyil, komandanın oyun fəlsəfəsinə uyğun futbolçu axtarır. Düşünürəm ki, məşqçi korpusu bizdən daha yaxşı bilir. Komandanın daha irəli getməsi üçün ən yaxşı addımı atacaqlarına ümid edirəm”.
MÜZƏFFƏR QULUZADƏ