Bakı, 13 avqust, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Nigar Nəsibova Böyük Britaniyanın Edinburq Universitetində “Advanced Chemical Engineering” ixtisası üzrə təhsilini davam etdirmək hüququ qazanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Nigar Nəsibova bu nüfuzlu universitetdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində mağistratura səviyyəsi üzrə təhsilini davam etdirəcək.
Nigar Nəsibova 2021-ci ildə 546.7 balla BMU-nun kimya mühəndisliyi (ingilis bölməsi) ixtisasına qəbul olub, 2025-ci ildə 94.89 ortalama ilə məzun olub.
Tələbəlik dövründə fəal olan Nigar 100 SOCAR könüllüsündən biri seçilib. İngilis dili bölməsində oxuyaraq dil biliklərini inkişaf etdirən BMU məzunu IELTS imtahanında 7 bal toplayıb. Yüksək göstəricilərinə görə 4-cü kursun qış sessiyasında Ümid-Babək Əməliyyat Şirkətində təcrübə keçmək imkanı qazanıb və təcrübə dövrü bitdikdən sonra həmin şirkətdən iş təklifi alıb. Hazırda bu şirkətdə kiçik proses mühəndisi kimi fəaliyyət göstərir.