AZ

O torpaqlara qayıdacağımıza inamımız gündən-günə artır - MÜSAHİBƏ

Bakı, 13 avqust, Ceyhun Xəlilov, AZƏRTAC

Zaman keçsə də bəzi illər, bəzi yerlər yaddaşdan silinmir. İrəvan da, İrəvanlı günlər də belə xatirələrdəndir– bir dövr orada yaşayan insanlar üçün yalnız coğrafi məkan deyil, həm də həyatlarının bir parçasıdır.

İrəvan sakini, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə həmin xatirələri illərdir ki, özü ilə daşıyır. Onun “İrəvan – tariximiz, torpağımız, taleyimiz” adlı fotoalbomu şəxsi yaddaşın vizual ifadəsidir. Albom təkcə şəkillər toplusu deyil, bir dövrün ovqatını əks etdirən sənədli salnamədir. AZƏRTAC-a müsahibəsində İradə xanım bu layihənin yaranma prosesindən, İrəvan şəhərinin onun həyatındakı yerindən və gələcək arzularından danışıb.

– İradə xanım, İrəvan şəhərinin tarixi və mədəni siması haqqında nə deyə bilərsiniz?

– İrəvan şəhəri yerləşdiyi coğrafi mövqe sayəsində həm Asiya, həm də Avropa mədəniyyətlərinin qovşağında yer alır, bu da onun zəngin və çoxşaxəli mədəni irsinin əsasını təşkil edir.

Şəhərin gündəlik həyatında ən önəmli rol məscidlərə, bazarlara, bağlara və təhsil müəssisələrinə məxsus idi. Tarixi mənbələr göstərir ki, İrəvanda vaxtilə səkkiz möhtəşəm məscid fəaliyyət göstərirdi, lakin bu gün onlardan yalnız Göy Məscid salamat qalıb. Bu məscidlər və digər tarixi-mədəni abidələr yalnız sənədlərdə deyil, həm də XVII-XIX əsrlərdə şəhəri ziyarət etmiş tanınmış xarici səyyahların və sənətkarların əsərlərində təsvir olunub. Məsələn, fransız səyyah Dubois de Montpéré, alman rəssam August von Aufhausen, rus sənədləşdirici Maşkov, Şopen və Şarden kimi tanınmış şəxslərin əsərlərində İrəvanın memarlığı, küçələri və məscidləri təsvir edilib.

Təhsil baxımından da İrəvan olduqca inkişaf etmiş bir şəhər olub. Gimnaziyalar, seminariyalar, müxtəlif məktəblər fəaliyyət göstərib. Xüsusilə qızlar üçün ayrılmış məktəblər şəhərin yüksək mədəni səviyyəsini və qadın təhsilinə verilən önəmi göstərib. İrəvan, həmçinin “Bağlar şəhəri” kimi məşhur olub. Şəhərin içində və ətrafında çoxsaylı bağlar yerləşib – “Dəlmə bağları”, “Dərə bağları”, “Şəhər bağları” və s. Uşaqlığım həmin bağların içində, onların ətrində keçib. Bu bağlarda yetişdirilən məhsullar təkcə yerli bazarlarda deyil, həm də müxtəlif bölgələrə, habelə İrana, Türkiyəyə, Rusiya ərazisinə (hətta məşhur Eliseevsky mağazasına) qədər ixrac olunub. İrandan tacirlər xüsusilə quru meyvə almağa gəliblər. İrəvanın bazarları həmişə canlı və rəngarəng olub. Müxtəlif bölgələrdən gələn tacirlər burada toplaşıb, ticarət edib, yeni xəbərlər və məlumatlar paylaşıblar.

Hər məhəllənin özünəməxsus həyatı, özünəməxsus insan münasibətləri və qaydaları olub. Elə məhəllələr var idi ki, ora həm mədəniyyətin, həm də birlik və həmrəyliyin qorunduğu məkan kimi qalırdı. Orada uşaqlıq illərimin ən dərin xatirələri, insanların gündəlik söhbətləri, bayramların ab-havası yaşayırdı. O yerlər illər keçsə də unudula bilməz.

– Yaddaşınızdan silinməyən o məkan haqqında bəhs edə bilərsinizmi?

– Əvvəlcə qeyd edim ki, İrəvanda məscidlər təkcə dini ibadət yerləri olmaqla qalmayıb, həm də insanların bir araya gəldiyi, bir-birindən xəbər aldığı, fikir mübadiləsi apardığı və bəzən mühüm qərarların qəbul edildiyi sosial-mədəni mərkəzlər kimi fəaliyyət göstərib. Xatirimdə ən çox qalan yerlərdən biri də məhəlləmizin yaxınlığında yerləşən məscid idi. Bura təkcə ibadət yeri deyildi, həm də insanların görüşdüyü, bayramlarda bir araya gəldiyi, çətin günlərdə bir-birinə dəstək olduğu bir mərkəz idi. Bu məscid şəhərin köhnə, özünəməxsus ruhunu qoruyub saxlayan nadir məkanlardan idi. Həmin məscid xalq arasında müxtəlif cür adlandırılsa da, rəsmi adı Dəmirbulaq Məscidi idi.

Məscid müxtəlif zamanlarda dağıdılmağa cəhd olunsa da, uzun müddət qorunub saxlanmışdı. Memarlıq baxımından da məscid diqqət çəkirdi. Divarlarında arnavit üslubunda taxta bəzəklər vardı. Mənim şəxsi arxivimdə həmin dövrə aid çox qiymətli fotoşəkillər, hətta məscidin içindən çəkilmiş görüntü də var. Ancaq sonralar – biz orada olmayanda məscid söküldü. Lakin ona aid sənədlər və möhür Azərbaycana gətirilərək Qafqaz Müsəlmanları İdarəsinə təhvil verildi. Bu sənədlərdə əsasən Dəmirbulaq Məscidinin yerləşdiyi ünvan, onun tarixi və ona dair digər rəsmi məlumatlar yer alır və bu gün Azərbaycanda onun sənədləri qorunur.

– Fotoşəkillərdən, arxivdən danışdınız. Bu barədə bir az daha ətraflı bəhs edə bilərsiniz?

– Mən bu mövzuya 1997–1998-ci illərdən maraq göstərməyə başlamışam. Hər bir vətəndaşın borcudur ki, doğulduğu torpağı tanısın, tarixini bilsin. Uşaq vaxtı atam mənə tariximiz barədə danışardı, istəyirdi ki, mən köklərimizi yaxşı öyrənim.

Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Onun çıxışlarını dinlədikdən sonra mən həmin işə daha ciddi yanaşmağa başladım. 2005-ci ildən bu sahədə sistemli fəaliyyət göstərirəm. Tarixçi deyiləm, amma maraqlanıram, araşdırıram, oxuyuram, məlumat toplayıram. Məni ən çox cəlb edən şeylərdən biri fotoşəkillərdir. Onlarla işləmək çox çətin və məsuliyyətlidir. Elələri var ki, çox qədim olduğundan əlcəklə toxunmaq lazımdır. Ancaq çətinliklə bərabər bu çox zövqvericidir, çünki şəkillər bizim üçün tarix, canlı yaddaşdır.

Mənim əsas məqsədim bu tarixi qorumaq və insanlara çatdırmaqdır. 2000-ci illərin əvvəllərində öz təşkilatımı qurmağa başladım, 2004-cü ildə təsis etdim və rəsmi qeydiyyatdan keçirdim. O vaxtdan bəri sosial sahədə fəal çalışıram.

Beynəlxalq təşkilatların üzvü kimi də çalışıram ki, təbliğatımız düzgün aparılsın, albomlar hazırlayım, sərgilər keçirim. Mədəniyyət Nazirliyinə müraciət etdim və İçərişəhərdə fotosərgi keçirmək istəyimi bildirdim. Bir həftə sonra müsbət cavab aldım. 2006-cı ildə İçərişəhərdəki Bədii Sərgi Salonunda “İrəvan – Torpağım, tarixim, taleyim mənim” adlı sərgini təşkil etdim. Bu sərgi üçün İsrafil Məmmədovun eyniadlı kitabı mənə ilham verdi. Sərgi ilkin üç gün üçün planlaşdırılmışdı, sonra tarixi əhəmiyyəti nəzərə alınaraq müddət dörd gün də əlavə olunaraq 1 həftəyə çatdırıldı. Sərgidə “İrəvan ziyalıları” adlı stend də vardı — Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Əziz Əliyev, Zərifə Budaqova, Vəcihə Səmədova və Səid Rüstəmov kimi tanınmış şəxsiyyətlərin şəkilləri təqdim olunurdu. Bu yolla insanlara İrəvanın azərbaycanlı ziyalıları xatırladılırdı.

Sərgidən sonra bir çox yeni əlaqələr yarandı. Məsələn, İrəvan xanlarının nəslinin nümayəndələri ilə tanış oldum - Abasquluxan İrəvanskinin nəticəsi Ofeliya Bağırbəyova mənimlə əlaqə saxladı, sonra Turhan Turqutla, Əmir Əli Sərdari ilə görüşlərim oldu və onlar da mənə qiymətli materiallar təqdim etdilər. Daha sonra Qərbi Azərbaycanın bütün bölgələrindən topladığım tarixi abidələr, mədəniyyət nümunələri ilə geniş sərgilər təşkil etdik.

İlk balaca sərgim, dediyim kimi, 2006-cı ildə baş tutdu, 2008-ci ildə isə Muzey Mərkəzində İçərişəhərdə “Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” adlı fotosərgimi açdım. 2010-cu ildə “İrəvan danışır – canlı şahidlər” adlı sənədli film çəkdik və Muğam Mərkəzində təqdimatını keçirdik. Sonra düşündüm ki, bu şəkilləri sadəcə sərgilərlə məhdudlaşdırmaq olmaz, onları fotoalbom şəklində təqdim etmək daha məqsədəuyğundur. Çünki şəkil – tarixdir, o, özü danışır, özü sübutdur.

– Fotoalbomun hazırlanması prosesi necə baş verdi? Gələcəkdə bu barədə nə düşünürsünüz?

– Fotoalbomun rəyçisi, tarix üzrə fəlsəfə doktoru Nazim müəllimlə 1990-cı illərdə Qızıl Aypara Cəmiyyətində birgə işləmişdik. Onun da bu sahədə təcrübəsi var idi və mən onu Qərbi Azərbaycanla bağlı tədbirlərə çağırır, mövzunu müzakirə edirdim. Beləliklə, mən ona fotoalbomla bağlı planlarım barədə məlumat verdim, o da layihəmdə tarixi məsələlərlə bağlı dəstək olmağa razılaşdı və əməkdaşlıq etməyə başladı. Albom ilkin olaraq üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmışdı.

2023-cü ildə Azərbaycanda kitabın ilk versiyasının təqdimatını keçirdik və böyük bir fotosərgi təşkil edildi. Sonra Türkiyənin bir neçə şəhərində - İqdır, Kars, Kayseri və Bursada sərgilərimiz oldu. Daha sonra albom fransız dilinə tərcümə edildi və bununla bağlı Fransada konfrans keçirildi. 2024-cü ildə isə Brüsseldə və Niderlandda “Benilüks” Azərbaycan təşkilatı ilə birgə konfranslar təşkil etdik.

Bundan əlavə, Zəngəzur və qayıdış mövzularına dair həm Niderlandda, həm də Azərbaycanda beynəlxalq konfranslar keçirmişik. Tədbirlərimizdə yalnız azərbaycanlılar deyil, müxtəlif xalqlardan nümayəndələr iştirak edir. Məsələn, Niderlanddakı tədbirdə Baltikyanı ölkələrdən, Ukraynadan, İsraildən və digər yerlərdən dörd fərqli icmanın nümayəndələri qatılmışdı. Orada mən həyatımı sakit və emosiyalardan uzaq şəkildə, sadəcə uşaqlığımı, yaşadıqlarımı və itirdiklərimi izah etdim. Mənim həyat hekayəm iştirakçılara təsir etdi. Tədbirin sonunda bir niderlandlı xanım yaxınlaşıb dedi: “Xahiş edirəm, bu kitabı mənə verin”. O an anladım ki, missiyamı yerinə yetirmişəm.

Hazırda bu istiqamətdə fəaliyyətimiz davam edir. Gələcəkdə Avropanın digər ölkələrində sərgilər və təqdimatlar keçirmək niyyətindəyik. Əsas məqsədimiz Azərbaycan mədəniyyətini — geyimimizi, mətbəximizi, abidələrimizi dünyaya tanıtmaqdır. Kitabda tarixi abidələr və təhsil sahəsi ilə bağlı məlumatlar toplanıb, lakin mətbəx ayrıca şəkildə təqdim olunur. Bununla bağlı ayrıca kitab var və mən həmin kitabın ərsəyə gəlməsində iştirak etmişəm – özüm reseptlər vermişəm, xan nəsli ilə əlaqəyə keçərək onlardan məlumatlar almışam və s.

– Sizcə fotoalbomunuzun unikallığı və tarixi dəyəri nədədir?

– Fotoalbomun ən böyük dəyəri ondadır ki, oradakı şəkillər — tarixi abidələr, mədəniyyət nümunələri yalnız xarici mənbələrə aiddir. Qədim şəkillərin biri belə Azərbaycan mənşəli deyil. Bu da oxucuda dərin maraq və inam hissi yaradır.

– Gələcək üçün hansı ümidləriniz var və bu istiqamətdə ictimai birliklərin rolu barədə nə düşünürsünüz?

– Bizim o torpaqlara qayıtmağa inamımız gündən-günə daha da artır. Vətən müharibəsinə qədər Qarabağın azad olunacağına çoxları inanmırdı. Amma gördük ki, həm söz, həm də əməl var. İnanırıq ki, İrəvana və digər bölgələrə də mütləq qayıdacağıq, bu proses güclü diplomatiya ilə həyata keçiriləcək. Azərbaycanın diplomatik potensialı bu istiqamətdə kifayət qədər yüksəkdir. Qarabağın azad olunması isə bizə dayaq oldu.

Gələcək üçün çağırışım budur: hər azərbaycanlı bu istiqamətdə öz sahəsində bacardığını etməli, təşkilatlanmalı və məqsədyönlü fəaliyyət göstərməlidir. Bu, haqq və ədalət uğrunda atılan addımdır. Qayıdış bizim milli və insani borcumuzdur. O torpaqlarda çoxlu tarix, mədəniyyət, abidə və yaddaş var, bunları unutmaq olmaz! Biz qayıdışı daim gözümüzün önündə tutmalıyıq. Ümid edirəm ki, yaxın gələcəkdə sülh müqaviləsi də imzalanacaq.

Qayıdışın mümkünlüyünə inanıram və bilirəm ki, Prezidentimizin uzaqgörən siyasəti ilə bu gerçəkləşəcək. Mən hər zaman İrəvana qayıtmağa hazıram. Biz Prezidentin təşəbbüslərini - siyasətini hər zaman dəstəkləyirik və istəyirik ki, daimi sülh şəraitində yaşayaq.

 

Seçilən
3
1
azertag.az

2Mənbələr