Parkların genişlənməsi paytaxtın sosial və mədəni həyatını zənginləşdirir
Paytaxt Bakı hazırda park və açıq məkanların salınmasını sürətləndirən və bu sahədə regionda önə çıxan şəhərlərdən birinə çevrilməkdədir. Son illərdə paytaxtımızda həyata keçirilən genişmiqyaslı abadlıq, yaşıllaşdırma və şəhərsalma layihələri həm şəhərin vizual simasını dəyişir, həm də onun ekoloji durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Əvvəllər paytaxtın inkişafı daha çox yeni yaşayış binaları və yol infrastrukturunun genişləndirilməsi ilə xarakterizə olunurdusa, bu gün artıq şəhərsalma konsepsiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ənənəvi urbanizasiya modelində əsas məqsəd əhalinin artan yaşayış və iş yerlərinə tələbatını qarşılamaq idisə, müasir konsepsiya insanın həyat keyfiyyətini, ekoloji mühiti və sosial rifahı ön plana çıxarır.
Bu baxımdan son illərdə Bakının təkcə mərkəzi hissələrində deyil, həm də ətraf rayonlarında iri parkların, geniş istirahət zonalarının, gəzinti və velosiped yollarının salınması diqqəti cəlb edir. Yeni yaradılan parklar yalnız yaşıllıq sahələri kimi deyil, həm də mədəni və sosial həyatın dinamik mərkəzləri kimi nəzərdə tutulur. Burada ailələrin, gənclərin, yaşlı insanların rahat və təhlükəsiz şəkildə istirahət edə bilməsi üçün hər cür müasir infrastruktur qurulur. Uşaq oyun meydançaları, açıq hava idman sahələri, kitab oxuma guşələri, açıq kafe və mədəni tədbirlər üçün meydanlar yaradılır. Bu cür məkanlar şəhər sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələrinə, sağlam həyat tərzinin təşviqinə, ictimai ünsiyyətin artmasına şərait yaradır.
Bakıda yeni park layihələrinin diqqətçəkən məqamlarından biri də memarlıq həllərinin milli elementlərlə zənginləşdirilməsidir. Müasir dizayn texnologiyaları və yerli memarlıq üslubunun vəhdəti şəhərin tarixi simasını qorumağa və eyni zamanda, onun gələcək inkişafına uyğun mühit formalaşdırmağa imkan verir. Bu yanaşma nəticəsində paytaxt həm yerli əhali, həm də turistlər üçün daha cazibədar məkan statusu qazanır.
Açıq ictimai məkanların genişləndirilməsi şəhərin ekoloji tarazlığı üçün də mühüm əhəmiyyət daşıyır. Yaşıllıq sahələrinin artırılması havanın təmizlənməsinə, toz və səs-küyün azalmasına, yayda şəhərin mikroiqliminin yumşalmasına səbəb olur. Qlobal miqyasda iqlim dəyişikliyi ilə bağlı çağırışların artdığı bir dövrdə belə layihələrin həyata keçirilməsi davamlı inkişaf prinsiplərinə tam uyğundur. Bakının bu istiqamətdə atdığı addımlar onu dünyanın ən yaşıl və yaşamağa əlverişli paytaxtlarından birinə çevirməyə doğru aparır.
Keçmiş “Sovetski” ərazisi parklara çevrilir
Bakının Yasamal rayonu ərazisində yerləşən və uzun illər “Sovetski” kimi tanınan məhəllə paytaxtın yaddaşında xüsusi yeri olan ərazilərdən biridir. Bu məhəllə XX əsrin əvvəllərində formalaşmağa başlamış, burada əsasən daşdan tikilmiş iki-üç mərtəbəli binalar, dar küçələr, kiçik həyətlər və qədim Bakı həyət mədəniyyətini yaşadan tikililər mövcud olmuşdur. “Sovetski” bir çox bədii əsərlərdə, filmlərdə və fotoşəkillərdə Bakı həyatının özünəməxsus simvolu kimi əksini tapmışdır. Lakin zaman keçdikcə ərazidəki binaların istismar müddəti başa çatmış, mühəndis-kommunikasiya infrastrukturu köhnəlmiş, təhlükəsizlik standartlarına cavab verməyən vəziyyət yaranmışdır.
Bu gün həmin ərazidə köhnə, qəzalı vəziyyətdə olan və şəhərin memarlıq simasına mənfi təsir göstərən binaların söküntüsü davam edir. Yasamal Rayon İcra Hakimiyyətinin verdiyi məlumata görə, bu proses həm sakinlərin təhlükəsizliyi, həm də şəhərin müasir inkişaf konsepsiyasına uyğun olaraq aparılır. Ərazidə həyata keçiriləcək yenidənqurma işləri sadəcə köhnə tikililərin aradan qaldırılması ilə məhdudlaşmayacaq, həm də daha funksional, estetik və sosial baxımdan dəyərli layihələrin icrasına imkan yaradacaq.
Bu dəyişikliklərin mərkəzində artıq paytaxt sakinlərinin sevimli istirahət məkanlarından birinə çevrilmiş Mərkəzi Park dayanır.Şəhərin mərkəzində belə geniş yaşıllıq zonası yaratmaq təkcə estetik baxımdan deyil, həm də ekoloji cəhətdən nadir fürsətdir. Parkın mövcud hissələrində müasir gəzinti yolları, velosiped zolaqları, uşaq oyun meydançaları, açıq hava idman qurğuları, dekorativ fəvvarələr və mədəni tədbirlər üçün açıq səhnələr mövcuddur. Bu, Bakının həm yerli əhalisi, həm də xarici qonaqları üçün cəlbedici istirahət ünvanıdır. Hazırda aparılan söküntü işləri parkın daha da genişləndirilməsinə yönəlib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, işlər başa çatdıqdan sonra ərazi paytaxtın Baş Planına uyğun olaraq abadlaşdırılacaq. Eyni zamanda, hazırda istirahət məkanının ərazisi təxminən 36 hektar təşkil etsə də, 4-cü hissədə parka metronun “Nizami” stansiyasının ətrafındakı 21 hektara yaxın ərazi də əlavə olunacağı qeyd edilir. İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılacağı, parkda qarışıq ağac növlərinin əkiləcəyi nəzərdə tutulan sıx meşə tipli zonanın ərazinin landşaftında özünəməxsus yer tutacağı vurğulanır.
Yeni park konsepsiyası və ekoloji təsirlər
Yeni hissədə geniş yaşıllaşdırma işləri aparılacaq, müxtəlif iqlim şəraitinə uyğun ağac və kollar əkiləcək. Planlaşdırılan sıx meşə tipli zona təkcə landşaft baxımından gözəl görünməyəcək, həm də şəhərin mikroiqlimini yaxşılaşdıracaq. Parkın salınması ətraf ərazilərin mikroiqliminə də müsbət təsir göstərəcək. Elmi araşdırmalar göstərir ki, geniş yaşıllıq zolaqları və sıx ağaclıq strukturları yay aylarında havanın yer səviyyəsindəki temperaturunu azalda, kölgələnmə və buxarlanma yolu ilə daha sərin və rahat mühit yarada bilər. Bu təsirin dərəcəsi iqlim şəraitinə, bitki növlərinə, landşaftın quruluşuna və yaşıllıq sıxlığına görə dəyişir. Bakı kimi isti və quraq yayları olan şəhərlərdə isə belə parkların havanın keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, istilik adası effektini də zəiflətməsi gözlənilir. Burada qarışıq ağac növlərinin əkiləcəyi nəzərdə tutulan sıx meşə tipli zonanın ərazinin landşaftında özünəməxsus yer tutacaq.
Parkın yeni hissəsində böyük süni göl yaradılacaq. Bu göl təkcə estetik baxımdan deyil, həm də mikroiqlimə müsbət təsir göstərərək ətraf mühitin rütubət balansını qoruyacaq. Göl ətrafında gəzinti yolları, idman meydançaları, uşaq oyun zonaları, mədəni tədbir sahələri, açıq hava kinoteatrı və piknik yerləri salınacaq.
Bütün bu işlər davamlı inkişaf prinsiplərinə əsaslanır. Enerji səmərəli işıqlandırma, suvarma sistemlərinin avtomatlaşdırılması, yağış sularının toplanaraq istifadə edilməsi kimi ekoloji həllər nəzərdə tutulur. Parkın sosial funksiyaları da ön plandadır. Burada hər yaş qrupundan olan insanlar üçün rahat və təhlükəsiz istirahət şəraiti yaradılacaq.
Nəqliyyat və tarixi məhəllələrin qorunması
Şəhərin mərkəzində bu qədər geniş ictimai məkanın salınması nəqliyyat məsələlərini də gündəmə gətirir. Layihəyə görə, parkın ərazisində qapalı avtodayanacaq inşa ediləcək ki, bu da mərkəzi küçələrdə avtomobil sıxlığının azalmasına kömək edəcək. Nəqliyyat axınının optimallaşdırılması üçün parkın giriş-çıxış nöqtələri əsas prospekt və küçələrlə koordinasiyalı şəkildə planlaşdırılır.
Bundan əlavə, layihə Təzə Pir məscidi ətrafındakı tarixi məhəllənin qorunmasını və onun müasir şəhərsalma strukturuna inteqrasiyasını da nəzərdə tutur. Bu, Bakının tarixi memarlıq irsinin mühafizəsi ilə müasir abadlıq standartlarının harmoniyasının bariz nümunəsi olacaq. Beləliklə, ərazi həm tarixi kimliyini qoruyacaq, həm də müasir şəhər ritminə uyğun yenilənəcək.
Görünən odur ki, Yasamalda başlanan bu dəyişikliklər təkcə lokal abadlıq layihəsi deyil, paytaxtın gələcək simasını müəyyən edəcək genişmiqyaslı şəhərsalma strategiyasının mühüm hissəsidir. Əgər nəzərdə tutulan planlar uğurla həyata keçirilsə, Bakı yaxın illərdə həm memarlıq baxımından daha cazibədar, həm də yaşamaq və istirahət üçün daha əlverişli bir şəhərə çevriləcək. Bu layihələr, eyni zamanda, paytaxtın ekoloji davamlılıq strategiyasına töhfə verərək, gələcək nəsillər üçün daha sağlam, yaşıl və insan mərkəzli Bakı formalaşdıracaq.
Nigar Orucova, “İki sahil”