Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq cəhdi onun ölkəmizə qarşı düşmənçiliyini təsdiq edir
Müharibə insanların minillərlə qurub-yaratdıqlarının bir anda məhv olması deməkdir. İllərlə təcavüzə məruz qalan, torpaqları işğal olan Azərbaycan xalqı müharibənin nə olduğunu yaxşı bilir.
Üç ildən bir qədər də çoxdur ki, Ukrayna xalqı torpaqlarını təcavüzkardan qorumaq üçün mübarizə aparırır. Hər gün neçə-neçə insanın həyatı yarımçıq qalır, qocalar, körpələr ölür, yüzlərlə insan şikəst olur. Rəsmi məlumatlara görə, indiyə kimi 6,9 milyon ukraynalı öz vətənini tərk edərək xarici ölkələrdə yaşamaq məcburiyyətində qalıb.
Rusiya-Ukrayna müharibəsi başlayan gündən Azərbaycan bir qayda olaraq bu ölkəyə humanitar yardım edir. Xatırladaq ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə", 2008-ci il 22 may tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2022-ci il 14 yanvar tarixli "Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi" əsasında inkişaf edir.
Ukraynaya humanitar yardım daşıyan ilk Azərbaycan təyyarəsi 2022-ci il fevralın 27-də Polşaya eniş edib. Həmin ilin mart ayında isə Ukraynaya 550 ton çəkidə dərman və tibbi ləvazimatlar, bundan başqa, ərzaq və humanitar yardımlar göndərilib. 2023-cü il fevral-iyun aylarında göstərilən yardımın həcmi 1000 tondan çox olub. Azərbaycan İrpen şəhərində zərərçəkmiş məktəbin bərpası, uşaqların psixoloji reabilitasiyası və mina təmizlənməsi kimi layihələr də həyata keçirib.
2023-cü ilin iyun ayında Moldovada keçirilən Ukraynanın bərpası konfransında Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramov Ukraynaya ölkəmiz tərəfindən göstərilən yardımın məbləğinin 40 milyon dollar məbləğində olması barədə məlumat verib. Eyni zamanda ölkəmiz Kiyevdə bir uşaq kitabxanası sığınacağının təmiri üçün 30 min dollar məbləğində maliyyə yardımı göstərib.
Bu günlər dövlətimizin başçısının imzaladığı sənədə əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə ölkəmizdə istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon dolların manat ekvivalentində vəsait ayrılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. Bu ölkələr sırasında Ukrayna nə birinci, nə də sonuncudur. Azərbaycan təkcə COVID-19 pandemiyası ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.
Təəssüf ki, ölkəmizin humanizm və insanlıq naminə bəşəri dəyərlərə söykənən humanist addımı bəzi ölkələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə qonşu Rusiya Federasiyasında məsələyə siyasi don geyindirmək istəyən qüvvələr kifayət qədər çoxdur.
Son günlər Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus yanacaq anbarına beş "Şahed" kamikadze dronu ilə zərbə endirməsini təsadüfi hadisə hesab etmək olmaz. Əksinə, bu, ölkəmizə təzyiq göstərmək məqsədilə dəqiq hesablanmış terror aktıdır.
Ukrayna hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, dron zərbələri yüksək dəqiqliklə endirilib və hədəfin məhz SOCAR infrastrukturu olması təsadüfi deyil. Xatırladaq ki, bu, heç də birinci hadisə deyil. Bir neçə gün öncə SOCAR-ın Orlovka yaxınlığında yerləşən Azərbaycan qazının ötürülməsi üçün nəzərdə tutulan qazpaylayıcı stansiya Rusiya raketlərinin hədəfinə tuş gəlmişdi. Buradan belə nəticəyə gəlmək olur ki, Rusiya solovyovlar, zatulinkimilər vasitəsilə açıq şəkildə Azərbaycana, Ukrayna ilə enerji əməkdaşlığına və daha geniş mənada - Qərb strukturları ilə inteqrasiya meyillərinə qarşı hədələyici mesajlarının nəticə vermədiyini görüb ölkəmizə təzyiq məqsədilə SOCAR-ın Ukraynadakı bazalarını hədəfə alıb. Bunun bir məqsədi Azərbaycanın Kiyevə qaz ixracını dayandırmaqdır. Digər səbəb isə Rusiyanın Azərbaycanın tam müstəqil siyasət yürütməsini nəinki regionda, eləcə də dünyada nüfuz və söz sahibinə çevrilməsini həzm edə bilməməsidir.
Amma, necə deyərlər, əbəsdir, bəsdir. Azərbaycanı öz dövlət və milli maraqları naminə tutduğu yoldan heç bir təhdid, təzyiq döndərə bilməz. Bu nəticəsiz çabalar Rusiyanın daha bir ölkə ilə də qonşuluq münasibətini korlaya bilər.
E.QƏNİYEV,
"Azərbaycan"