AZ

Vaşinqton razılaşmaları gerçək sülhə yol açan tarixi mərhələdir » AzadMedia.az


Ülvi Quliyev
Milli Məclisin deputatı


Dünyanın əksər dövlət və hökumət başçıları, nüfuzlu beyin mərkəzləri, aparıcı beynəlxalq təşkilat və media resursları, haqlı olaraq, Vaşinqton razılaşmalarını tarixi hadisə kimi qiymətləndirir. Prezident İlham Əliyevin qəbul etdiyi yüksəksəviyyəli təbrik məktublarının və telefon zənglərinin arxasında da elə bu gerçəklik dayanır. Avqustun 8-də Ağ Evdə imzalanmış sənədlər Ermənistanın işğalçılıq siyasətinin və himayə etdiyi separatçılığın yalnız savaş meydanında deyil, həm də siyasi-diplomatiya müstəvisində iflasa uğradığını təsbit edir. İşğal dövründə Ermənistanın heç vaxt tək olmadığını, hansı güclərin onun arxasında dayandığını, işğalçıya kimlərin hərbi-siyasi, iqtisadi-maliyyə və informasiya dəstəyini verdiyini nəzərə alaraq tam əminliklə deyə bilərik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında verdiyi bəyanat üzləşdiyimiz reallığı tam dolğunluğu ilə ifadə edir: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin imzaladığı Birgə Bəyannamə üç il əvvəl Şuşada səsləndirilən tarixi gerçəkliyi artıq beynəlxalq-siyasi müstəvidə də təsbit edir. Dünyanın ən qüdrətli dövlətinin paytaxtında, özü də Prezident Donald Tramp kimi güclü siyasi liderin şahidliyi ilə imzalanan Bəyannamənin hər bəndi həm də o deməkdir ki, Azərbaycanın savaş meydanında qazandığı Zəfər və onun doğurduğu hüquqi nəticələr artıq diplomatiya müstəvisində də qəbul olunur. Əvvəla, ona görə ki, bu sənəd BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə istinadla “beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyini” bir daha təsdiq edir. Birgə Bəyannamənin 5-ci maddəsində, həmçinin qeyd olunur: “Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”.

Azərbaycan işğal dövründə dünyadan, ilk növbədə, böyük güclərdən ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə dönmədən və ayrı-seçkilik göstərmədən əməl olunmasını tələb edirdi. O illər ərzində “ərazi bütövlüyünün toxunulmazlığı” və “öz müqəddəratını təyinetmə” prinsipləri arasında olduğu kimi, işğalçı ilə işğala məruz qalan arasında hansı riyakarlıqla bərabərlik işarəsinin qoyulmasına cəhdlər edildiyinin dəfələrlə şahidi olmuşuq. Birgə Bəyannamə ilə bu cür siyasi riyakarlığın, qərəz və ədalətsizliyin üzərindən xətt çəkildi. Eyni zamanda, Ermənistanda hələ də nəfəsi gələn revanşist kəsimə və onların arxasında dayanan dairələrə xəbərdarlıq edildi ki, qisas cəhdinin və güc tətbiqinin qarşısı bundan sonra qətiyyət və birgə səylərlə alınacaq!

Lakin ötən illər ərzində Ermənistandakı revanşist kəsimin beyni kənardan o qədər zəhərlənib ki, onların ağıllanacağına və ya hamilərinin sakitləşəcəyinə ictimai inam cəmiyyətimizdə çox zəifdir. Təsadüfi deyil ki, avqustun 8-də Ağ Evdə Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistan Baş nazirinin iştirakı ilə keçirilən mətbuat konfransında səsləndirilən suallardan biri də elə bununla bağlı oldu. Prezident İlham Əliyev həm mətbuat konfransında, həm də həmin gün ölkəmizin media nümayəndələrinə verdiyi müsahibədə Cənubi Qafqazda beynəlxalq hüququn və tarixi ədalətin bərpasını həzm edə bilməyən, bu səbəbdən, Ermənistanda revanş hissini körükləməyə çalışan dairələrə bu mühüm xəbərdarlıq mesajını verdi: “Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”.

Azərbaycan Prezidenti bu açıqlaması ilə “nöqtəni” nə zamansa “vergülə” çevirmyə hələ də ümid edən bədxahlarımıza və onların Ermənistandakı əlaltılarına faktiki olaraq o mesajı verdi ki, dünyanın ən qüdrətli dövləti Cənubi Qafqazda yaradılan geosiyasi reallığın, haqq və ədalətin, sülhün və iqtisadi rifahın tərəfindədir. Kim bu gerçəkliklə barışmasa, qarşısında, ilk növbədə, ABŞ-ni, ardınca isə onun çoxsaylı müttəfiqlərini görəcək. Bu həm də o deməkdir ki, fərqli coğrafiyalarda işğalçılıq siyasəti yürüdən və separatçılıq meyllərini tətikləyən dairələr mövcud reallığı görməzdən gələ bilməyəcəklər.

Vaşinqton razılaşmaları arasında tarixi qərarlardan biri də Azərbaycanın ATƏT-in Minsk Prosesinin və onunla əlaqəli strukturların bağlanılmasına dair növbəti haqlı tələbinin Ermənistan tərəfindən qəbul edilməsi ilə bağlıdır. Birgə Bəyannamənin 2-ci maddəsində qeyd olunduğu kimi, Azərbacan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda bu məqsədlə birgə müraciət imzaladılar. ABŞ Prezidentinin şahidliyi ilə ATƏT-in bütün iştirakçı dövlətlərinə bu qərarı qəbul etmək çağırışı edildi. Bununla, Minsk qrupunun üç onillik ərzində davam edən səmərəsiz fəaliyyətinə və işğalçı ilə işğala məruz qalan ölkələr arasında ədalətsiz şəkildə bərabərlik işarəsinin qoyulması kimi təhlükəli ənənəsinə son qoyuldu.

Qısa aralıq istisna olunmaqla, 1992-ci ildən etibarən Azərbaycana qarşı tətbiq edilən “Azadlığa Dəstək Aktına” 907-ci düzəlişin qüvvəsi Prezident Donald Trampın güclü siyasi iradəsi sayəsində məhz avqustun 8-də dayandırıldı və əlamətdardır ki, ABŞ Prezidenti həmin Sərəncamı Prezident İlham Əliyevlə ikitərəfli görüşü zamanı imzaladı. Bununla bütün dünyaya o mesaj verildi ki, 2023-cü ilin antiterror əməliyyatından sonra Azərbaycana qarşı Bayden Administrasiyasının qərəzli şəkildə bərpa etdiyi ədalətsiz sanksiya və təzyiq siyasəti tarixin arxivinə gömülür. Azərbaycan və ABŞ Prezidentləri arasında imzalanan “Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu isə Bayden Administrasiyasının qərəzli siyasətinə son qoymaqla yanaşı, dövlətlərarası münasibətlərimizin yeni müstəviyə keçdiyini ifadə edir. Həmin Xartiya ilə enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur sahələrinin birgə inkişafına sərmayə qoyuluşu, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin önə çıxarılacağı nəzərdə tutulur. Avqustun 7-də dövlət başçımızın və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR və “ExxonMobil” şirkəti arasında imzalanmış “Əməkdaşlıq haqqında Memorandum" bu istiqamətdə atılan ilk mühüm addımlardan biridir. Prezident İlham Əliyev elə bunları nəzərə alaraq, avqustun 8-də ölkəmizin media nümayəndələrinə verdiyi müsahibədə ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsini belə dəyərləndirdi: “Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”.

Ağ Evdə imzalanan tarixi sənədlərdən biri də Sülh Sazişinin razılaşdırılmış mətninin Azərbaycan və Ermənistan Xarici işlər nazirləri tərəfindən paraflanması ilə bağlıdır. BMT Nizamnaməsinə, 1991-ci il Almatı Bəyannaməsinə və digər beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərə istinadları nəzərdə tutan həmin sənədlə bir daha təsdiq olunur ki, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipi bütün digər prinsiplərin fövqündə dayanır. Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidentinin beynəlxalq hüququn beş təməl prinsipi əsasında irəli sürdüyü mətn Ağ evdə Prezident Donald Trampın şahidliyi ilə paraflandı. Əslində, bu faktın özü işğala məruz qalan və separatçılıqdan hələ də əziyyət çəkən digər xalqlara o ümidi verir ki, beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsi cəhdləri heç bir hüquqi nəticə verə bilməz.

Birgə Bəyannamənin mühüm müddəalarından biri də müharibədən dərhal sonra Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Çünki həmin tələbin qəbul olunması yeni geosiyasi reallığı təsbit etməklə yanaşı, nəinki bölgəmiz, daha geniş coğrafiya üçün ciddi geoiqtisadi imkanlar açır, Orta Dəhlizin mühüm hissəsi olan Zəngəzur həlqəsinin işlək vəziyyətə gətirilməsinə hüquqi əsaslar yaradır. Ermənistan hökuməti Vaşinqtonda Azərbaycanın tarixi nəticələr doğuracaq bu haqlı tələbini də qəbul etdi. Birgə Bəyannamənin 4-cü maddəsində bu dəhliz “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılır və o, Ermənistana aid olan ərazinin yurisdik sərhədlərini əhatə edir. Şübhəsiz ki, Prezident Donald Tramp Cənubi Qafqazda sülh quruculuğuna və Azərbaycanın beynəlxalq hüquq normaları əsasında yaratdığı yeni reallığa verdiyi töhfəyə görə bunu haqq edir. Ölkəmiz üçün isə mühüm olan odur ki, ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin 3-cü maddəsində Ermənistan hökuməti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etmək öhdəliyini öz üzərinə götürür və ABŞ buna təminat verir.

Minsk Prosesinin və onunla əlaqəli strukturların bağlanması, Naxçıvana maneəsiz keçidin təmin olunması öhdəliyini qəbul etdikdən sonra Ermənistandan gözlədiyimiz növbəti tələb dəyişməz olaraq qalmaqdadır. Bu, ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan Ermənistan konstitusiyasının və digər normativ-hüquqi aktlarının dəyişdirilməsi ilə bağlıdır. Birgə Bəyannamənin və Sülh Sazişinin mətnində faktiki təsbit olunur ki, işğal və anneksiya siyasətinə hüquqi don geyindirmək cəhdləri beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Elə bu səbəbdən, Prezident İlham Əliyev Vaşinqtonda ölkə mediasına müsahibəsində həmin ziddiyyətin aradan qaldırılmasının vacibliyinə növbəti dəfə xüsusi diqqət yetirdi: “Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər... Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.

Ağ Evdə imzalanmış sənədlərin mətninə diqqət yetirsək, görərik ki, onların hər biri Azərbaycanın haqlı və dəyişməz şərtlərinin qəbul olunduğunu nümayiş etdirir. Vaşinqton razılaşmalarının həm ümumi məzmunu, həm də ayrı-ayrılıqda müddəaları savaş meydanında qazandığımız tarixi Zəfərin doğurduğu reallığı diplomatiya müstəvisində də tam şəkildə təsbit edir. Mübaliğəsiz, o da danılmaz həqiqətdir ki, bu tarixi uğurların təməlində Azərbaycan Liderinin əyilməz iradəsi, milli maraqlarımızın qorunmasına xidmət edən əzmkar siyasəti dayanır. Uca Allah tarixi Qələbəmiz uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şübhəsiz ki, bu, heç zaman unutmayacağımız və hər zaman ehtiramla anacağımız böyük gerçəklikdir.

Bununla yanaşı, İkinci Dünya müharibəsindəki qələbənin həlledici memarlarından biri olan Uinston Çörçillin bu müdrik kəlamını unutmağa da heç kimin mənəvi haqqı yoxdur: “Siyasət də müharibə kimi həyəcanlı və təhlükəlidir. Lakin müharibədə bizi bir, siyasətdə isə dəfələrlə öldürə bilərlər”. Prezident İlham Əliyev təxminlərimizdən və gördüyümüzdən də dəfələrlə təhlükəli olan bədxahlarımızın çoxəsrlik məkrli siyasi planını iflasa uğratdı. Şəxsi nümunəsi və fədakar fəaliyyəti ilə sübut etdi ki, heç bir qüvvə, heç bir təzyiq və iyrənc qarayaxma kampaniyası xalqın tərəddüdsüz etimad göstərdiyi Lider qətiyyətini sındıra bilməz. O da həqiqətdir ki, dünyada bu cür Zəfər tarixini yazmağı arzu edən bir çox lider var. Lakin real nəticələrlə bunu təmin etmək heç də hər liderə nəsib olmur. Tarixin fərq qoyduğu reallıq da elə bununla bağlıdır. Nəinki müstəqillik, çoxəsrlik dövlətçilik tariximizin ən parlaq və ən möhtəşəm dövrünü yaşayırıq. Əminəm ki, müasirlərimizlə yanaşı, gələcək nəsillər də bu tarixi Zəfərin arxasında dayanan gerçəkliyi və onun əldə olunması naminə göstərilən fədakarlığı heç vaxt unutmayacaq!
Seçilən
51
7
azadmedia.az

8Mənbələr