AZ

"Tofiq Bəhramov"da üçüncü qol - YENİLƏNİR

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək ki, "Qarabağ" bu çərçivədə "Şkendiya"nı qəbul edəcək.

Bilindiyi kimi, "köhlən atlar" ilk oyunda qələbə qazanaraq həlledici görüş üçün üstün tərəf statusuna yiyələndi. İndi necə deyərlər, məsələni kökündən həll etmək vaxtıdı. Və nəinki "Qarabağ"ın, futbol ictimaiyyətinin azı heç-heçəyə ehtiyacı var. Özü də hava-su kimi. Axı belədə ağdamlıların ən mötəbər klub turnirinin əsas mərhələsinə vəsiqə qazanmaq şansı bir qədər də artacaq. Deməli, bu gün "Tofiq Bəhramov"da həyəcanlı dəqiqələrə şahidlik edəcəyik. Matçı stadiondan izləmək fürsəti olmayanlar isə "CBC Sport"un canlı efirinə üz tuta bilər.

Qarabağ - Şkendiya (Şimali Makedoniya) 2:1
Klisman Tsake, 16-öz qapısına. Kadi Borges, 18 - Fabris Tamba, 10.
Hakimlər: DANNİ MAKKELİ, Hessel Steeqstra, Yan de Vriz, Mark Naqteqaal (hamısı Niderland).
VAR hakimi: Dennis Hiqler (Niderland).
VAR hakiminin köməkçisi: Riçard Martens (Niderland).
12 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20.00.

Boşa verilən fürsətlər... Dəyərləndirilməyən azı üç yüzfaizlik qol imkanı... Futbolçuların fərdi səhvləri və "Şkendiya"nı ümidləndirən nəticə... Bəli, ilk matçı düşünəndə ağla məhz bu cümlələr gəlir. Ancaq indi axşamkı oyuna köklənmək lazımdı. Yenə şanslar olacaq, yenə makedoniyalıların cərimə meydançasında at oynatmaq üçün şərait yaranacaq. Düzdü, rəqib Bakıya qələbə ilə gəlib. Daha dəqiqi, kollektiv yerli çempionatda ilk turun oyununa çıxıb. “Şkupi”ni qəbul edən Tetovo təmsilçisi inamlı qələbə qazanıb – 5:1. Əslində darmadağında qonaqların yarımmüdafəçisi Endrit Rüstəminin artıq 17-ci dəqiqədə meydandan qovulması da böyük rol oynayıb. Avqustun 5-də “Qarabağ”a qarşı oynayan futbolçulardan yalnız ikisi start heyətində yer alıb - qapıçı Babukar Qeye və Adamu Əlhassan. 68-ci dəqiqəyə qədər 2:1 öndə olan “Şkendiya”nın baş məşqçisi Jeton Bekiri sonradan əsas heyət üzvlərini meydana buraxıb. Komandanın əsas ulduzu Besart İbrahimi beş dəqiqə ərzində dubl edib. Ancaq bu məqamların qonaqları cəsarətləndirməsinə, "Qarabağ"ı yenmək haqda düşünmələrinə səbəb olmasına imkan vermək olmaz.

Ağdam təmsilçisi ənənəvi təzyiqiylə elə ilk dəqiqələrdən "Şkendiya"ya yerini göstərməyin yollarını aramalıdı. Onsuz da "köhlən atlar"ın nə zədəlisi var, nə də cəzalısı. Yəni baş məşqçi Qurban Qurbanov unikal start heyətini və əvəzetmələri seçməkdə sərbəstdi. "Qarabağ" hələ 4 gün əvvəl matç üçün satışa çıxarılan biletlərdən 14 min 500-nün sahibini tapdığını açıqlamışdı. Dünən məlum oldu ki, "Şkendiya" Bakıya azarkeşlərini gətirməyib. Deməli, bu axşam "Tofiq Bəhramov"da iynə atsaq, yerə düşməyəcək!

KƏNAN BAHADIR

Seçilən
3
1
football-plus.az

2Mənbələr