AZ

"Fənərbağça" "pley-off" turuna keçə biləcək? - RƏY

"Düşünürəm ki, "Feyenoord" - "Fənərbağça" (2-1) qarşılaşmasının ədaləti nəticəsi bərabərlik idi". 

Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, sadəcə Niderland təmsilçisinin əzmkarlığı özünü göstərdi:

"Əslində, "Fənərbağça"nın qol vurandan sonra bir qədər rahatlaşması onlara mənfi təsir etdi. Nəticədə, rəqib də bundan yararlandı. İlk matçda "Feyenoord" matça yaxşı başlamamışdı. Hətta bir-iki zərbədən və çox kiçik cəhdlərdən başqa heç nə ilə yadda qalmadılar. "Fənərbağça" isə xüsusilə ikinci hissədə daha yaxşı oynadı". 

Ekspert qeyd edib ki, sözügedən matçda "Feyenoord" hücum qurmaqda çətinlik çəkirdi:

"Ümumi olaraq matçda üstün tərəf "Fənərbağça" idi. Haqq edərək bərabərlik qolunu da vurdular. Lakin futbolda rahatlaşmaq olmaz. Biz bunun nəticəsini həmin matçda əyani şəkildə gördük". 

Mütəxəssis revanş matçı barədə təxminlərindən də danışıb:

"Məncə, cavab qarşılaşmasında əsas amil baş məşqçi fərqi olacaq. Robin van Persi çox yaxşı futbolçu karyerasına sahib olsa da, Joze Mourinyo ondan daha təcrübəli baş məşqçidir. Düzdür, "Fənərbağça"nın çalışdırıcısı son zamanlarda enişdədir, amma yenə də onun bu şansı əldən verəcəyini zənn etmirəm. 

Çünki həm "Feyenoord"un baş məşqçisi Robin van Persi təcrübəsizdir, həm də heyəti yeni yığılmağa başlayıb. Məsələn, keçən mövsüm uğurlu olan heyətdən ayrılanlar olub. Yeni transferlər isə hələ bir-birlərinə tam alışmayıblar. Düzdür, Niderland təmsilçisinin kollektivi əzmkar və enerjilidir, amma təmkin də lazımdır".

Kənan Məstəliyevin sözlərinə görə, turun favoriti "Fənərbağça"dır:

"Mənim proqnozuma əsasən, "Fənərbağça" ikinci matçda eyni səhvləri etməyəcək. Əzmkarlıqla bərabər, diqqətli olmaq lazımdır. Ümumiyyətlə, İstanbul klubunun heyətinin daha yaxşı və təcrübəli futbolçulardan ibarət olduğunu düşünürəm. Əlbəttə ki, baş məşqçi faktoru da öz sözünü deyə bilər. Həmçinin, "Fənər"in doğma azarkeşləri qarşısında oynamağı da üstünlükdür. 

Məncə, "Fənərbağça"nın turu keçmək şansı az deyil. Hətta deyərdim ki, kiçik də olsa, bir addım öndədir. Yəni İstanbul təmsilçisinin ilk oyundakı məğlubiyyətə rəğmən, "pley-off" turuna keçməsi məni təəccübləndirməz". 

Pərviz

Seçilən
6
hit.az

1Mənbələr