AZ

Tatarıstana kütləvi dron hücumu – VİDEO

Tatarıstan kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb. Bütün dronlar sənaye obyektlərinə yönəldilib.

Bizim.Media xəbər verir ki, bu barədə respublika hökumətinin teleqram kanalında məlumat verilib.
 

Qeyd olunub ki, ölən və yaralanan yoxdur, “istehsal prosesləri pozulmayıb”, müəssisələr adi rejimdə işləyir.


Kazan hava limanında “Kover” rejimi tətbiq edilib. Regionda dron təhlükəsi barədə xəbərdarlıq yerli vaxtla 7:25-də (Bakı vaxtı ilə 8:25) elan olunub. Kazan, Nijnekamsk, Elabuga, Naberejnıye Çelnı və Almetyevsk şəhərləri üçün təhlükə barədə əhalinin diqqətinə çatdırılıb.

Nijnekamsk hava limanı da təyyarələrin qəbulunu və buraxılışını dayandırıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 12 avqust səhəri Tatarıstan üzərində 9 Ukrayna dronu vurulub.

Ukrayna Silahlı Qüvvələrinin PUA-ları 12 avqust gecəsi Stavropolda yerləşən “Monokristall” kimya sənayesi müəssisəsinə də hücum edib.
 

Bu barədə hücumun görüntülərini geolokasiya edən rusiyalı “Astra” teleqram kanalı məlumat yayıb. Ukraynanın “Exelinova+” teleqram kanalı da dronların həmin müəssisəni vurduğunu bildirib.


Hadisə şahidlərinin kadrlarında zavod binasının qarşısında tüstü görünür.

Stavropol rəhbərliyi zavoda hücumu rəsmi olaraq təsdiqləməyib. Şəhər meri İvan Ulyançenko bildirib ki, PUA hücumu nəticəsində yaşayış kompleksində və adı çəkilməyən sosial obyektin pəncərələri sınıb, bir neçə avtomobil zədələnib. Ölən və yaralanan olmayıb.
 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində hava hücumundan müdafiə qüvvələri 25 Ukrayna dronunu, o cümlədən 3-nü Stavropol diyarı üzərində vurub.


Ukrayna hərbi kəşfiyyatı (QUR) Rusiyada yeganə helium istehsal edən zavodu (Orenburq vilayətində yerləşən müəssisə) PUA-larla vurub. Bu barədə RBK-Ukraina mənbələrinə istinadla xəbər yayıb.

Məlumata görə, hadisə 11 avqust axşamı baş verib. Yerli sakinlər müəssisə üzərindən dronların uçduğunu və partlayış səsləri eşidildiyini bildiriblər.
 

Orenburq vilayəti rəhbərliyi yerli vaxtla saat 20:00 radələrində federal M-5 “Ural” magistral yolunun Perevolotskoye və Xolodnıye Kluçi yaşayış məntəqələri arasındakı hissəsini bağlayıb, çünki zavod həmin ərazidə yerləşir.


Orenburq helium zavodu Rusiyada bu sahədə yeganə, Avropada isə ən böyük müəssisələrdən biridir. Onun illik gücü təxminən 15 milyard kubmetr təbii qazın emalıdır.

Zavodda alınan helium raketqayırma, kosmik sənaye və aviasiyada istifadə olunur.
 

Bu qaz, xüsusilə, yanacaq çənlərində təzyiq yaratmaq və raket mühərriklərinə sabit yanacaq axınını təmin etmək üçün tətbiq edilir.


RBK-Ukraina mənbələrinin məlumatına görə, müəssisə Rusiya hərbi-sənaye kompleksinin bir hissəsidir və “birbaşa olaraq Ukraynaya qarşı aqressiyada iştirak edir”. Hücumun vurduğu ziyan barədə Rusiya rəsmiləri hələ açıqlama verməyib.


Bizim.Media

Seçilən
72
10
bizim.media

10Mənbələr