Ötən həftə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Birgə Bəyannamə ilə Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı qoyuldu. Sənəddə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) açılması kimi mühüm məsələ də yer alıb. Belə ki, 42 km-lik dəhliz 99 illiyə ABŞ tərəfinə icarəyə verilib.
Zəngəzur dəhlizininin açılacağı xəbərinə sevinənlər arasında oradan keçmiş sonuncu qatarın maşinisti də var – Əli Quliyev. İllər öncə Zəngər dəhlizin ilə Naxçıvana keçib gedən sonuncu qatarın maşinisti Modern.az-a müsahibə verib. Gəlin, Əli Quliyevi dinləyək:
- Sizi daha yaxından tanımaq istəyirik. Harada doğulmusunuz, harada oxumusunuz? Dəmir Yollarında çalışana qədərki fəaliyyətiniz nə olub?
- 1955-ci ildə Zəngilan rayonunun Muğanlı kəndində anadan olmuşam. 1975-1977-ci illərdə hərbi xidmət keçəndən sonra – 1978-ci ildən İmişli lokomotiv deposunda işləmişəm. Çilingər, maşinist köməkçisi və maşinist. 1994-cü ildən indiyədək isə maşinist təlimatçısı vəzifəsində çalışıram.
- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə hələ əvvəldən çox marağım var idi. Kəndimiz dəmir yolunun yaxınlığında yerləşirdi. Qatarlar hər gedib-gələndə onları müşahidə edirdim, səsləri gələn kimi ya eyvana çıxıb baxır, ya da həmin yola yaxınlaşıb qatara baxırdım.
- İlklər həmişə yadda qalır, yəqin siz də maşinist kimi ilk səfərinizi unutmamısınız...
- İlk səfərim İmişli-Mincivan istiqamətində olub. Saat 22:00-dan səhərə qədər yol getmişdik. Mənim üçün həyatımın ən unudulmaz günü idi, həyəcandan gözümü də yuma bilməmişdim. Mincivanda əməkdaşlar üçün gözəl istirahət guşəsi var idi, orada istirahət edəndən sonra geri qayıtdıq.
- Çalışarkən qarşılaşdığınız maraqlı hekayələri də eşitmək istərdik. Hələ də unutmadığınız hadisə nə olub?
- Bilirsiniz, qatar idarə etmək asan deyil, gərək son dərəcə məsuliyyətli, diqqətli olasan. Mən uzun illər xidməti qatarları müşahidə etmişəm. Sərnişinlər də, necə deyərlər, maşinistlərə inanırlar, onlara arxayındırlar. Bu da işimizi sevməkdə, işimizi daha yaxşı görməkdə bizə stimul verir.
Təəssüf ki, bəzən xoşagəlməz hadisələr də olur. Xüsusilə dəmiryol keçidlərində avtomobillərlə toqquşma halları olur. Həmin an soyuqqanlılığımızı qorumaq əsas şərtdir. Təhlükəli, həyəcanlı dəqiqələrdən sonra qatarı düzgün idarə edib sərnişinlərin, qatar heyətinin zərər görməsinə imkan vermədiyimizə görə daha sonra bu hadisələri həm də maraqla danışırıq, xatırlayırıq.
- Qatarla müxtəlif rayonlara səfəriniz olub, yəqin ki, bəzi bölgələrdə qısa da olsa gəzmisiniz, sizin üçün bu baxımdan Azərbaycanın ən gözəl bölgəsi haradır?
- Qatarla Culfaya qədər səyahət etmişəm. 1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Anatoli Platonovu qatarla Qafana, oradan da yenidən İmişliyə gətirmişəm. Ən uzun səyahətim səhv etmirəmsə, bu olmuşdu.
- Mincivan-Zəngilan-Ağbənd istiqamətinə də səfərləriniz olub. Gəlin bu haqda danışaq. Bura ilk səfəriniz, həmin bölgələrlə bağlı təssüratlarınız nələr olub?
- 1980-ci illərdə iki dəfə getmişəm. Sonuncu dəfə 1988-ci ildə A.Platonovu aparmışdım. Hadisələrin yeni qızışan vaxtı idi. Ondan sonra bir də gedə bilmədik. Oranın təbiətinin gözəlliyi hələ də gözümün qabağından getmir...
- Qarabağa son səfəriniz nə vaxt oldu, onda hadisələr artıq gərginləşmişdi? Sonradan heç ilk səfərinizlə son səfərinizi müqayisə etdiniz hansı qənaətlərə gəldiniz?
- Əsasən Füzuli, Cəbrayıl, Qubadlıya səfərlərim olub. 1988-ci il fevralın 23-dək hər şey çox normal idi, insanlar bir-biri ilə mehriban idi. Amma münasibətlər pisləşəndə artıq biz həmin bölgələrə səfər edə bilmədik.
- Naxçıvana səfər zamanı Zəngəzurdan da keçmisiniz, bu ərazilər Azərbaycanın digər bölgələrindən fərqlənirdimi?
- Əlbəttə, keçmişik. Astazur, Meğri, Qarçivan – oralardan keçib Naxçıvana gedirdik. 39-41 kilometr yol idi, arada da həmin kəndlər. Həmin bölgələr, əsasən, Qarabağ bölgəsinə oxşayırdı. Baxan kimi bilirdin ki, bura Azərbaycan kəndləridir.
- Zəngəzur dəhlizinin yenidən açılacağı ilə bağlı xəbərləri yəqin ki oxumusunuz. Həmin an nə hisslər keçirdiniz, nələr yadınıza düşdü?
- 1988-ci ildən sonra həmin ərazilərə gedə bilməmək bir azərbaycanlı olaraq insana çox pis təsir edirdi. Təsəvvür edin, hər gün su içirsiniz, birdən biri çıxıb deyir ki, sən bundan sonra su içməyəcəksən. Bu ona bənzəyirdi. Yolların bağlanması, əvvəllər getdiyin yola heç uzaqdan da baxa bilməmək çətindir. Dəhlizlə bağlı ilk xəbərləri eşidəndə çox sevindim, ağlıma birinci ora səyahət etmək gəlmişdi. Yol açılan kimi getmək ən böyük arzumdur.
- Yəqin ki, qısa zamanda Azərbaycan Dəmir Yollarının gənc maşinistləri yenidən Qarabağa, Zəngəzur dəhlizi ilə Naxçıvana gedəcəklər. Onlara tövsiyələriniz nə olardı?
- Biz yorulmadan onlara hər şeyi öyrədirik. Ən önəmlisi, qatarların təhlükəsiz hərəkətini təmin etməli, sərnişinləri rahat, maneəsiz mənzil başına çatdırmalıdırlar. Məsuliyyətli olsunlar, işlərini sevsinlər. Onlar çox xoşbəxt nəsildir, bizim bir vaxtlar əlimizdən alınan imkanlar onlara yenidən təqdim olunur. Bu günlərin qədrini bilsinlər, işlərini sevsinlər. Əsas da odur ki, diqqətli, məsuliyyətli olsunlar.
4Mənbələr
-
demokrat.azZəngəzurdan keçən sonuncu maşinist: “Baxan kimi bilirdin ki, bura Azərbaycan kəndləridir” ( 20270757)
-
referans.azZəngəzurdan keçən sonuncu maşinist: “Baxan kimi bilirdin ki, bura Azərbaycan kəndləridir” - MÜSAHİBƏ ( 20269500)
-
modern.azZəngəzurdan keçən sonuncu qatarın maşinisti: “Baxan kimi bilirdin ki, bura Azərbaycan kəndləridir” MÜSAHİBƏ ( 20264856)
-
modern.azZəngəzurdan keçən sonuncu qatarın maşinisti: “Baxan kimi bilirdin ki, bura Azərbaycan kəndləridir” - MÜSAHİBƏ ( 20264736)