AZ

Dövlətçilik ideologiyasının əsası - Azərbaycançılıq milli ideyası

Milli ideologiyası olmayan xalqlar, dövlətlər yelkənsiz gəmini xatırladır. Xəfif külək onların yolunu asanlıqla dəyişdirə, naməlum istiqamətə yönləndirə bilər. Hər bir dövlət, millət arzularını, istəklərini hədəfə çevirmək üçün mükəmməl proqramlara malik olmalı və məqsədə çatmaq üçün inamla gecə-gündüz çalışmalı, inkişaf etməlidir. Çünki hara gedəcəyini bilməyən bir gəmiyə heç bir səmt küləyi kömək edə bilməz. Azərbaycanın isə bu sarıdan bəxti gətirib.

1993-1995-ci ildən sonra - Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərində milli ideologiya - azərbaycançılıq və dövlətçilik ideologiyasının əsası qoyuldu. Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində azərbaycançılıq ideologiyasının dövlətçilik konsepsiyası və milli-mənəvi dəyərlərlə vəhdətdə olduğunu çox aydın və faktlarla izah etdi. Bütün dünya azərbaycanlılarını birləşdirən əsas amillərin milli mənsubiyyətimiz, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və milli mədəniyyətimizdən ibarət olduğunu nəzərə çatdıran Heydər Əliyev qətiyyətlə qeyd edirdi: "Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldən edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Ulu Öndər Heydər Əliyev milli ideologiyanın milli dövlətçilik və milli-mənəvi dəyərlər kimi iki başlıca komponentdən ibarət olduğunu diqqətə çatdırmışdır. Heydər Əliyevin üzərinə bir tərəfdən milli ideologiyanın məhz ümumbəşəri dəyərlər sistemi zəminində formalaşdırılması, digər tərəfdən də, dövlət və hüquq quruculuğu prosesində xarici təsirlərin milli ideologiya süzgəcindən keçirilməsi kimi ağır bir vəzifə düşürdü. Ulu Öndər Heydər Əliyev tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası işlənib hazırlandı.

Belə bir konsepsiya Heydər Əliyev tərəfindən Azərbaycan müstəqillik əldə etdiyi gündən hazırlaşır və getdikcə təkmilləşdirilir. Bu ideologiyanın ilk müddəaları və əsas istiqamətləri Yeni Azərbaycan Partiyasının Nizamnaməsində ifadə olunmuşdur. Heydər Əliyev özü YAP-ın yaradılmasının 6-cı ildönümü münasibəti ilə təntənəli yığıncaqda belə demişdir: "Azərbaycanın müstəqil dövlət kimi ideologiyası... Yeni Azərbaycan Partiyasının məramnaməsində öz əksini tapıbdır. Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz işlər həmin milli ideologiyanın üzərində qurulur.

Milli ideologiyanın əsas konturları

Dövlətçilik. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalı, milli həmrəylik nümayiş etdirməlidirlər.

Milli-mənəvi dəyərlər. Milli ideologiyamızın ikinci əsas komponentidir. Milli ideologiyanın əsas komponentləri, bir tərəfdən milli dövlətçilik, digər tərəfdən milli-mənəvi dəyərlərdir.

Dövlətçilik ideologiyası insanların bir vətəndaş kimi formalaşdırılmasını, vətənə sevgi hissini, dövlət mənafeyini üstün tutmaq, şəxsi mənafeyi dövlət mənafeyi prizmasından keçirmək vəzifələrini əhatə edir. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır.

Dövlətçilik ideologiyası hüquqi və siyasi şüurun yüksəldilməsini, insanın şəxsi həyatının, şəxsi maraqlarının cəmiyyətdə gedən proseslərlə əlaqələndirilməsini, dövlət idarəçiliyində hər bir şəxsin bilavasitə və ya bilvasitə iştirakının təmin olunmasını nəzərdə tutur.

Dövlətçilik ideologiyası, habelə, iqtisadi təfəkkürün və iqtisadi mədəniyyətin inkişaf etdirilməsini, dövlət tərəfindən qanunvericilik aktları ilə aparılan iqtisadi islahat proseslərinin məqsədyönlü surətdə insanların şəxsi mənafeyi, rifahı və həyat tərzi ilə əlaqələndirilməsini, uyğunlaşdırılmasını əhatə edir.

Seçilən
59
2
publika.az

3Mənbələr