AZ

Aytən Səfərova iddiaları yalanladı

Mətbuatda aparıcı Aytən Səfərovanın barəsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıldığı və istintaq getdiyi haqqında xəbər yayılıb.

Aparıcı Teleqraf-a açıqlamasında Aytən Səfərova yayılan məlumatları təkzib edib: "Camaat məni 28 ildir tanıyır. Əgər mənim günahım olsaydı, kişi kimi çıxar və deyərdim ki, bu məsələdə günahım var. Oturub cəzamı gözləyərdim. Yayılan xəbərlərdəki iddiaların heç biri doğru deyil. Yeganə həqiqət odur ki, sürücülük vəsiqəmin müddəti bir həftədən çox idi ki, bitmişdi. İndi kim sürücüdürsə, bilir ki, həmin həftə çox gərgin keçmişdi. Çünki COP29 hazırlıqları olan bir həftə idi".

Qeyd edək ki, bu haqda ilk məlumatı Gununsesi.info yayıb. Qeyd edilib ki, ötən ilin aprelində Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində aparıcının idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə "Hyundai İX-35" markalı avtomobilin toqquşması Ayxan Əliyev adlı gəncin ölümü ilə nəticələnmişdi.

Ekspertiza və bir ilə yaxın davam edən istintaq araşdırmalarından sonra belə nəticəyə gəlinib ki, baş vermiş qəzada həm "Hyundai İX-35"in sürücü İsmayıl Məmmədovun, həm də jurnalistin təqsiri olub.

19 yaşlı İsmayıl Məmmədova 8 Noyabr prospektindən Sadıqcan küçəsinə dönərkən yol hərəkəti qaydalarına əməl etməyib - dönməni həm ikinci zolaqdan, həm də qırmızı işıqda yerinə yetirib.

Aytən Səfərovaya gəlincə, ekspertiza rəy verib ki, onun da hərəkətində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub. Yəni o, sürət həddini aşıb. Ekspertin rəyinə görə, onun bu əməli ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olub. Qanun bu tələbinə əməl etsəydi, hadisənin qarşısını almağa texniki imkanı olardı.

Bundan başqa, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib. Hadisə baş verəndə onun sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıb.

İstintaqın sonunda "Hyundai İX-35"in sürücüsünə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Hadisə vaxtı onun avtomobilində olmuş və dünyasını dəyişmiş dostu Ayxan Əliyevin ailəsi şikayətçi olmayıb. Məhkəmənin hökmü ilə İsmayıl Məmmədova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il cəza verilib.

Aytən Səfərova haqqında da Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi ayrılıb.

Seçilən
85
42
teleqraf.com

10Mənbələr