"Ukrayna xalqı öz gələcəyi ilə bağlı qərar verməkdə azad olmalıdır. Ukraynada sülhə gedən yolu Ukraynasız müəyyən etmək olmaz. Mənalı danışıqlar yalnız atəşkəs və ya hərbi əməliyyatların azaldılması kontekstində baş verə bilər".
Herbiand.az xəbər verir ki, bu fikirlər 27 Aİ ölkəsindən 26-nın liderinin birgə bəyanatında yer alıb.
Bəyanat ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan sülh danışıqları ilə bağlı imzalanıb.
Sənəddə Aİ liderləri Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq səylərini alqışlayır, eyni zamanda vurğulayırlar ki, sabitlik və təhlükəsizlik gətirən ədalətli və davamlı sülh üçün beynəlxalq hüquqa, o cümlədən müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsiplərinə hörmət edilməlidir.