AZ

Cənubi Qafqazda sülh Rusiyanı qane etmir

Azərbaycanın liderliyi və səyləri ilə Cənubi Qafqzda irəlilədilən normallaşma prosesi sürətlə məntiqi sonluğuna, yəni sülh müqaviləsinin imzalanmasına doğru yaxınlaşır. Əbu-Dabidə Ermənistan və Azərbaycan liderlərinin ikitərəfli görüşündən sonra Vaşinqtonda keçirilən tarixi sülh sammiti nəhayət bölgədə dayanıqlı barışın əldə olunacağına dair hər kəsdə böyük əminlik yaradır. Avqustun 8-də Ağ Evdə Cənubi Qafqazda uzunmüddətli sülhə, sabitliyə aparan yolun başlanğıcı qoyuldu. Belə ki,  Prezident Donald Trampın iştirakı ilə Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton sülh sammitində bir çox tarixi nailiyyətlər əldə edildi. Traixi sammit zamanı razılaşmalar əldə edilməsi, Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamə imzalanması ümumilikdə Cənubi Qafqazda sülh və sabitliyin təmini istiqamətində vacib mərhələ oldu.

Məqsədyönlü hücumlar 

Regionla bağlı əldə olunan bütün bu tarixi nailiyyətlərin fonunda isə Şimal qonşumuz Rusiyanın Azərbaycana qarşı qərəzli siyasəti qabarıq şəkildə diqqət çəkməyə başlayıb. Nə təsadüfdür ki, Vaşinqtondakı tarixi sülh sammiti dönəmində Rusiya Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sistemini, SOCAR-ın yanacaqdoldurma məntəqəsini növbəti dəfə  hədəfə aldı və zərbələrə məruz qoydu. Bununla Rusiya Azərbaycana qarşı düşmənçiliyini açıq şəkildə ortaya qoydu. 

Yeri gəlmişkən bildirək ki, avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlətimizin başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.

Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Qeyd edək ki, bundan əvvəl də Rusiya Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi endirmiş,  daha sonra SOCAR-ın ofisinin yanına raket düşmüşdü. Bunlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq və ölkəmizə qarşı düşmənçiliyini isbat edən faktlardır. 

Prezident İlham Əliyevin Volodimir Zelenski ilə telefon danışığı zamanı da vurğuladığı kimi, iki ölkə arasında istər enerji, istərsə də digər sahələr olsun, əməkdaşlığına maneə törədə bilməz. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Ukraynada yaranmış vəziyyətlə bağlı bu ölkəyə mütəmadi humanitar yardımlar edir. Avqustun 11-də Prezidentin imzaladığı Sərəncama əsasən Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılacaq.

Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılacaq.

Qərəz silsiləsi

Ümumiyyətlə, ərazi bütövlüyünü və suverenliyini təmin edərək bölgədə yeni reallıqlar yaradan Azərbaycan üçüncü qüvvələrin Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq, buranı daimi münaqişə, müharibə zonası olaraq saxlamaq kimi çirkin planlarını da suya salıb. İmperiya təfəkkürü ilə siyasət yürüdən Rusiyanın sərgilədiyi düşmən davranışlar da buna görədir. 

 Azərbaycanın müstəqil siyasət yürütməsinə hec cür qəbullana bilməyən Moskva əlində olan bütün rıçaqları işə salaraq ölkəmizə hücuma keçib. Hava məkanında təyyarəmizin vurulmasından tutmuş, Yekaterinburqda həmvətənlərimizə qarşı həyata keçirilən vandal davranışlara, absurd iddialarla ölkəmizə media savaşının açılmasına qədər bütün bu sadalanan mənfur fəaliyyətləri ilə Rusiya Azərbaycanın timsalında strateji müttəfiqini də itirmiş olur. 

Sərnişin təyyarəmizi Qroznı üzərində vuran Rusiyadan  Azərbaycanın qətiyyətlə cavab tələb etməsi, ölkədəki güc strukturlarının burada yaşayan həmvətənlərimizə qarşı vandal davranışlarının hesabını sorması Moskvanı özündən çıxarıb. Rusiyanın Əməkdar mədəniyyət işçisi və tanınmış jurnalisti Mixail Qusmanın TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi də Rusiyanın anti-Azərbaycan kampaniyasının növbəti təzahürü idi. Qərəzli qərarın verilməsinə Mixail Qusmanın Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda iştirak etməsi və Prezident İlham Əliyevə ünvanladığı sual olub. O, dövlətimizin başçısından Prezident olaraq uğurlu xarici diplomatiyası, çoxvektorlu siyasəti, sözünə sadiq liderliyinin nədən qaynaqlandığını soruşmuş və bunun bir neçə təməl prinsiplərini sadalamasını xahiş etmişdi.

Rusiya sülhməramlı kontingenti tərəfindən qeyri-qanuni şəkildə Xankəndidə quraşdırılan rəssam İvan Ayvazovskinin büstünün demontaj olunması ətrafında Moskvanın süni ajiotaj yaratması da sırf təxribat məqsədi güdüb. 

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan tərəfinin bu addımının dərin təəssüflə qarşılandığını, bunun Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirildiyini bildirmişdi. Bununla yanaşı, Rusiyanın dövlət xəbər agentliyi olan TASS məsələ ilə bağlı dərc edilmiş "informasiya"da Azərbaycanın Xankəndi şəhərini "Stepanakert" adlandırmışdı. Agentlik təxribat xarakterli səhvini yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin sərt tələbindən sonra, o da iki cəhddən sonra düzəltmişdi. Rusiya Azərbaycana qarşı növbəti media hücumunu "Moskovskiy komsomolets" qəzeti üzərindən etmişdi. Sözügedən nəşrdə yayımlanan qərəzli məqalədə hüquqi ərazilərimizdə sökülmüş qanunsuz heykəl bəhanə gətirilərək Azərbaycan nasist Almaniyası ilə müqayisə edilmişdi. Bu, Moskvanın növbəti üzsüzlüyü idi. Çünki alman nasizminin məğlubiyyətə uğradılmasında Azərbaycanın misilsiz töhfələri olduğunu ən yaxşı Rusiya bilir. Bir müddət əvvəl Rusiya dövlət televiziyası da anti-Azərbaycan kampaniyasına qoşulmuşdu. Burada yayımlanan materiallarda Qarabağdan köçən erməniəsilli şəxslərin guya məcburi şəkildə bu ərazidən çıxarılmalarından bəhs edilirdi.

Azərbaycan neftinin də ixrac edildiyi Ukraynanın Odessa istiqamətində qaz kəməri sisteminin, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfə  hədəfə alınması da qərəz silsiləsinin və düşmənçiliyin davamıdır. 

Əslində qardaş  Ukrayna xalqına qarşı vəhşiliklər törədən Rusiyanın digər ölkələrə və xalqlara qarşı törətdikləri o qədər təəccüblü görünmür. 

Postsovet məkanında  Ermənistandan sonra ikinci işğalçı dövlət olan Rusiya bu cür rəzil siyasətlə heç nə əldə etmir, əksinə itirir. Misal üçün indiyə qədər Rusiyanın təsir vasitəsi hesab etdiyi MDB artıq dağılır. Moldova bu qurumu tərk edib, Azərbaycan onun tədbirlərinə qatılmır. 

Bir sözlə, Rusiyanın ölkəmizi hədəf alan qərəzli siyasəti iflasa məhkumdur. Azərbaycan milli maraqlarına təhdid olan və yerləşdiyi ərazidə sülhü hədəf alan, istənilən gücə qarşı qətiyyətli cavab verməyə qadir qüdrətli ölkədir. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
52
azerbaijan-news.az

1Mənbələr