"Maksim Musayevin həyatı hər birimizin görə biləcəyi ən gözəl nümunələrdən biridir..." -Firudin Cəlilov
Maksim Musayev Azərbaycanın siyasi və ictimai həyatında mühüm rol oynamış, xüsusilə hakim Yeni Azərbaycan Partiyasının qurulmasında və Azərbaycan Respublikası parlamentinin formalaşmasındakı fəaliyyəti ilə tanınan, həmçinin Qarabağ münaqişəsi dövründəki prinsipial mövqeyi ilə seçilən şəxsiyyətlərdən biridir. Onun həyat və fəaliyyəti bir tərəfdən Azərbaycanın, o cümlədən hazırda “Ermənistan” adlanan Qərbi Azərbaycanın tarixi və mədəni irsinin qorunmasına, digər tərəfdən isə milli mənəviyyatın yüksəldilməsinə yönəlmişdir. Maksim Musayevin şəxsi və ictimai prinsipləri, onun daim maddiyyatı deyil, mənəviyyatı daha yüksək tutması, həm də Qarabağın işğal altında olduğu dövründəki mövqeyi ilə bir çoxlarına nümunə olmuşdur. Təqdim etdiyimiz bu məqalə onun həyatına və siyasi-mənəvi mübarizəsinə işıq tutacaq...
Onu da xatırladaq ki, Maksim Musayev Sovet dövründə uzun illər boyunca Ermənistan SSR-in müxtəlif bölgələrində dövlət və ictimai vəzifələrdə çalışmış, Ermənistan SSR Ali Soveti sədrinin müavini postunadək yüksəlmiş, Qərbi Azərbaycanın milli kimliyinin və mənəvi, mədəni və tarixi irsinin qorunması üçün əvəzsiz xidmətlər göstərmiş Talıb Musayevin oğludur.
Həyatı və ictimai-siyasi fəaliyyəti...
Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirmişdir. 1956–1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı olmuşdur. 1960–1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961–1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil almışdır.
1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan Lenin Komsomol Gənclər İttifaqı(komsomol) Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləmişdir. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991–1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.
"Heydər Əliyevin qayıdışı parlamentdə", "Milli Şura Parlamenti 1991–1992"ş"Mediada düşüncələrim", "Xızı XX əsrdə", "Parlament fəsilləri və Bəxtiyar Vahabzadə", "Atam Talıb Musayev" və s. kimi maraqlı və ibrətamiz tarxi fakt və olaylarla dolu, dərin siyasi məzmunlu 12 kitabın müəllifidir.
"Şərəf nişanı" ordeni və bir neçə medalla təltif edilib. "Piterskie Azerbaydjantsi" ("Piter Azərbaycanlıları") qəzetinin təsisçisi və baş redaktoru olub.
Özündən sonra 3 övladı qalıb.
1970-ci ildən kənd təsərrüfatı elmləri namizədi olub.
Maksim Musayev 27 oktyabr 2021-ci ildə ürəktutmasından dünyasını dəyişib.
Qərbi Azərbaycanın, o cümlədən bir müddət təhsil aldığı qədim İrəvan şəhərinin zəngin mədəniyyəti və Azərbaycana bağlılığı onun şəxsi inkişafında mühüm rol oynamışdır. O, gənclik illərində həm Sovet dövrünün siyasi təzyiqlərinə, həm də Azərbaycan mədəniyyətinə qarşı yönələn assimilyasiya siyasətinə qarşı çıxaraq, milli kimliyini mümkün qədər qorumağa çalışmışdır.
Maksim Musayevin siyasi fəaliyyətində ən diqqətəlayiq mərhələ, onun Yeni Azərbaycan Partiyasının (YAP) qurucularında biri kimi həmin partiyanın rəhbər üzvlərindən biri olaraq, Azərbaycanın müstəqillik hərəkatına qatılmasıdır. 1990-cı illərdə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə əlaqədar olaraq Musayev bu mübarizənin fəal iştirakçısı olmuşdur. YAP daxilindəki fəaliyyəti ilə o həm partiyanın ideologiyasının formalaşmasında, həm də ölkənin müstəqil və demokratik bir dövlət olaraq inkişaf etməsində mühüm rol oynamışdır. O, özünün prinsipiallığı və ictimai-siyasi təşəbbüskarlığıyla, milli-mənəvi dəyərlərə bağlılığı daim başqalarından seçilmişdir...
Musayevin parlamentdəki fəaliyyəti xüsusilə Azərbaycanın daxili və xarici siyasətindəki islahatları dəstəkləməsi ilə yadda qalmışdır. O həm də Azərbaycanın mədəniyyətini, xüsusilə Qərbi Azərbaycanın tarixi-mədəni irsini qorumağa çalışan şəxslərdən biri olmuşdur. Bu istiqamətdə Musayevin atdığı addımlar, onun mədəni irsə olan dərindən bağlılığını və bu irsin gələcək nəsillərə ötürülməsi ilə bağlı böyük məsuliyyət hissini göstərir.
Yaxın dostu, sabiq təhsil naziri Firudin Cəlilov xatirələrində belə deyir:
“Maksim Musayev qurucu, yaradıcı adam idi. Mən sadəcə onun bir rayondakı xidmətləri üzərində dayanmaq istəyirəm... Xızı rayonunu yaradan Maksim Musayev oldu... Yaxşı yadımdadır ki, o vaxt Xızıda nəinki icra hakimiyyətinin binası, heç icra başçısının əyləşib işləməsi üçün bir adi iş otağı da yox idi. Təsəvvür edirsiz, yeni işə başlayanda Maksim müəllimin kabineti vaqonda idi... Xeyli müddət də belə oldu... Belə bir vəziyyətdə, 1990-cı illərdə yenicə müstəqilləşən dövlətin böyük vəsaitlər ayırmağa imkanı olmadığı bir durumda o, əsl cəfakeş rəhbər, xalq adamı kimi Xızı rayonunu qurub yaratdı. Əraziyə su çəkdirdi, qaz çəkdirdi, yolları təmir etdirdi, yenilərini inşa etdirdi. Bütün bu zəhmətləri nəticəsində Maksim Musayev Bakının yüz kilomterliyində yerləşən dağlıq ərazidə böyük bir rayon yaratdı. Bu, asan məsələ deyildi. Maksim müəllim böyük işlər gördü…”
Qərbi Azərbaycandan soydaşlarımızın qaçqın düşməsi, Qarabağ müharibəsi və Maksim Musayevin fəaliyyəti...
Onu deyək ki, 1970-cı illərdə və 1980-cı illərin əvvəllərində mərkəzi komsomol və partiya təşkilatlarının keçmiş Dağlıq Qarabağda təlimatçısı kimi çalışması və o dövrdə erməni millətindən olan vətəndaşlarla işlə bağlı qazandığı təcrübə sonradan- 1988-1994-cü illərdəki münaqişə və müharibə illərində Maksim Musayevin bir deputat olaraq yerli və beynəlxalq çərçivədə torpaqlarımızın azadlığı uğrunda apardığı ictimai-siyasi mübarizəyə öz töhfəsini
vermişdir...
1988-ci ildə Moskvanın təhriki ilə Ermənistanda başlanan ekstremist, irqçi hərəkatın nəticəsi olaraq Qərbi Azərbaycandan azərbaycanlıların qaçqın düşməsi, həmçinin keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarımızda erməni terrorunun başlanması hər bir vətənpərvər Azərbaycan Azərbaycan vətəndaşı kimi Maksim Musayevi də dərindən sarsıtmışdır. O, 1989-1990-cı illərdə Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991–1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışarkən həm Qərbi Azərbaycan, həm də Qarabağdan didərgin düşən soydaşlarımızın ərzaqla, müvəqqəti yaşayış məkanıyla təminatı və s. ehtiyaclarının ödənməsi üçün əlindən gələni edib. 1990-cı ilin əvvəllərindən başlayaraq Xızı rayonunun yenidən bərpası işi ilə məşğul olarkən Maksim müəllim bir rayon rəhbəri kimi nəinki Qarabağ və Qərbi Azərbaycandan didərgin soydaşlarımızın, həmçinin Orta Asiyadakı münaqişələr nəticəsində ölkəmizə pənah gətirən Məhsəti türklərinin də rayon ərazisində yerləşdirilməsi, onların maddi-mənəvi ehtiyaclarının təmin olunmasından ötrü o ağır dövr üçün bütün mümkün tədbirləri görmüşdür...
1990-cı illərin əvvəllərində artıq Azərbaycanın Qarabağda Kremlin dəstək verdiyi erməni terrorçularının birbaşa silahlı müharibəsi ilə üzləşməsi Musayevin həyatında yeni bir mərhələ yaratdı. Qarabağ müharibəsinin başlanğıcında, o, bu münaqişənin Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı haqq savaşından başqa bir şey olmadığını vurğulayan önəmli şəxsiyyətlərdən biri olmuşdur. Musayevin müharibə dövründəki fəaliyyəti bir deputat və sonradan Xızı rayonunun İcra Hakimiyyəti başçısı kimi yalnız döyüşən ordu hissələrinə təşkil etdiyi yardımlarla məhdudlaşmlr, o, müharibə zamanı insan hüquqları və milli mənəviyyat məsələlərinə də böyük diqqət yetirirdi...
Musayevin Qarabağ müharibəsi ilə bağlı əsas düşüncəsi ölkənin ərazi bütövlüyü və müstəqilliyini müdafiə etməklə yanaşı, Azərbaycan xalqının mənəvi dəyərlərini qorumağın vacibliyi idi. O, xalqının mənəvi zənginliyini, milli və dini birliyini yüksək tutaraq, müharibə dövründə ən çox önə çıxdığı xüsusiyyətlərindən biri olan yüksək mənəviyyatını önə qabartmışdı...
Dostu və qonşusu olmuş Milli Məclisin sabiq deputatı Şahlar Əsgərov Maksim Musayev haqdakı xatirələrində yazır:
“Maksim müəllim ilə 15 ilə yaxın qonşu olduq. Biz qonşu olanda o, Qax Rayon Partiya Komitəsinin birinci katibi, mən isə BDU-nin müəllimi idim. Uşaqlarımız gözlərimiz önündə böyüdülər... 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi işləyəndə Maksim müəllim Ermənistandan və Qarabağdan gələn qaçqın selinin qarşısında mərd duruş gətirdi. Hər şeylərini itirmiş insanlara qayğı göstərdi. Yaşamaları üçün şərait yaratdı. 1992-ci ildə Xızı rayonunun icra başçısı işləyəndə mənim xahişimlə Kəlbəcərə rayonun ermənilərdən müdafiə olunması üçün bir yük maşını silah göndərdi...”
Mənəviyyatın maddiyyatdan üstün tutulması...
Maksim Musayevin həyatı və fəaliyyəti, yalnız siyasi mübarizə ilə məhdudlaşmamış, həm də onun şəxsi mənəviyyatına və dünyagörüşünə dərin təsir etmişdir. Musayev hər zaman mənəviyyatı maddiyyatdan üstün tutmuşdur. Onun bu yanaşması həyatının hər bir sahəsinə təsir etmişdir. Maksim müəllimin fəaliyyətində əsas prinsiplərdən biri insanın iç dünyasının, milli mənəviyyatının, xalqının tarixini və mədəniyyətini qorumağın əhəmiyyətini göstərmək olmuşdur...
Firudin Cəlilovun xatirələrində yazdığına görə, "Maksim Musayevin həyatına və fəaliyyətinə ən çox təsir edən amil, onun sadəlik və dürüstlük idi. O, hər zaman xalqının mənafeyini öz şəxsi maraqlarından üstün tutaraq, doğru yolda getməyə çalışırdı. Onun mənəvi dəyərləri maddiyyatın qarşısında heç vaxt əyilməzdi..."
Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması...
Maksim Musayev Qərbi Azərbaycanın tarixi-mədəni irsinin daşıyıcısı olaraq, bu irsin gələcək nəsillərə ötürülməsi istiqamətində çoxsaylı təşəbbüslər irəli sürmüşdür. Onun əsas məqsədi, bu zəngin mədəniyyəti yalnız sözlə deyil, həm də əməllə qorumaq olmuşdur. O, xüsusilə İrəvan və digər Qərbi Azərbaycan şəhərlərindəki Azərbaycan mədəniyyətini yaşatmağı, bu bölgənin əhəmiyyətini diqqətə çatdırmaq üçün müxtəlif tədbirlər görmüşdür.
Maksim müəllim Azərbaycanın digər bölgələrində olduğu kimi, Qərbi Azərbaycanın da tarixi və mədəni irsinin qorunması ilə bağlı müxtəlif yazılar yazmış və bu irsin gələcəkdə unudulmaması üçün müxtəlif beynəlxalq forumlarda çıxışlar etmişdir. Onun bu fəaliyyəti, yalnız bu regionun tarixi haqqında məlumat vermək deyil, həm də həmin ərazilərin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğuna dair əyani sübutlar təqdim etmək idi.
Maksim Musayev ömrünün son günlərinədək Azərbaycanın yaxın tarixindəki ictimai-siyasi proseslər, Rusiya və Ermənistanın Qərbi Azərbaycan, Qarabağ məsələlərinə dair haqsız iddialarıyla bağlı araşdırma məqalələr işləyir, mütəmadi olaraq Milli Məclisin kitabxanasında çalışır, mediaya müsahibələr verirdi. Ömrünün son aylarında Irəvana Qayıdış İttifaqı yaradılması haqda təşəbbüs qaldırmışdı və təşkilatın nizamnamə və proqramı üzərində çalışırdı.
O, Azərbaycanın tarixi əraziləri, o cümlədən Qarabağda cinayətlər törətmiş Serj-Sərkisyan-Robert Köçəryan cütlüyü ilə bağlı həqiqətlərin çatdırılmasında, canilərin ifşasında da mühüm rol oynayırdı. Erməni dilini mükəmməl bilən Maksim Musayev mütəmadi olaraq erməni telekanalları və mediasını izləyir, davamlı şəkildə yerli mediamzda çıxış edir, düşmənin məkrli niyyətləri barədə ictimaiyyəti məlumatlandırırdı...
Maksim müəllimin mediada dərc olunan sonuncu yazılardan biri Qərbi Azərbaycanın Basarkeçər mahalı ilə bağlı idi. O, Azərbaycan ictimaiyyətinə müraciətlə Ermənistan adlanan tarixi ərazilərimizdəki toponimlərimizi unutmamağa çağırmışdı, bir sıra çox tutarlı faktları açıqlamışdı...
Nəticə...
Maksim Musayevin həyatı və fəaliyyəti Azərbaycan xalqı üçün çox önəmli dərslər verməkdədir. O yalnız siyasi mübarizədə deyil, həm də mədəniyyətin və mənəviyyatın inkişafında əvəzsiz bir ictimai-siyasi xadim olmuşdur. Maksim müəllimin Qərbi Azərbaycanın maddi-mənəvi və mədəni irsinin qorunması uğrunda, həmçinin Qarabağ müharibəsi dövründəki yorulmaz ictimai-siyasi fəaliyyəti ilə xalqımızın və dövlətimizin müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrundakı mübarizəyə verdiyi töhfələr Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. O hər zaman mənəviyyatı maddiyyatdan üstün tutmuş, xalqının gələcəyini yalnız mədəni və mənəvi dəyərlər üzərində qurmağa çalışmışdır...
Maksim Musayevin bu yanaşması, Azərbaycan xalqının həm müstəqillik, ərazi bütövlüyü naminə mübarizəsində, həm də milli mədəni, mənəvi və tarixi irsimizin qorunmasında verdiyi töhfələri daha da dəyərləndirir. Firudin Cəlilovun xatirələrində də qeyd edildiyi kimi, "Maksim Musayevin həyatı hər birimizin görə biləcəyi ən gözəl nümunələrdən biridir..."
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Qərbi Azərbaycan - maddi mədəni irsimiz” adlı layihəsi çərçivəsində hazırlanıb.