AZ

"Şkendiya"nın baş məşqçisi: "Qarabağ"la oyunda itirəcəyimiz bir şey yoxdur"

"Bu dəfə daha aqressiv oynayacağıq".

Operativ Media xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Bakıda “Qarabağ”ın qonağı olacaq Şimali Makedoniya təmsilçisi “Şkendiya”nın baş məşqçisi Jeton Beqiri qarşılaşma öncəsi mətbuat konfransında deyib.

Beqiri oyunun çətin keçəcəyini vurğulayıb:

“Sabahkı oyun çox çətin olacaq. "Qarabağ" çox güclü, təcrübəli komandadır. Maksimumumuzu ortaya qoyacağıq və qol vurmağa çalışacağıq. Birinci oyunu uduzmuşuq, itirəcəyimiz bir şey yoxdur.”

Baş məşqçi ilk qarşılaşmadakı məğlubiyyəti belə izah edib:

“Razıyam, ilk oyunda problemlərimiz oldu. Xüsusilə də fiziki cəhətdən geri qalırdıq. Qolda səhv etdik, penalti oldu. Amma bizim də imkanlarımız vardı".

Beqiri cavab oyununda daha hücumameyilli çıxış edəcəklərini bildirib:

“Birinci hissədə "Qarabağ" bizdən üstün idi. Fiziki fərq hiss olunurdu. Amma ikinci hissədə biz daha yaxşı oynadıq və qol şanslarımız oldu. Bu dəfə daha aqressiv və hücummeyilli çıxış edəcəyik, çünki itirəcəyimiz bir şey yoxdur".

O, “Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremlə əlaqə saxlamadığını deyib:

“Muaremi yaxşı tanıyıram, hazırda həmkarımızdır. Hörmət xatirinə onunla danışmadım, çünki bilirəm ki, onun Qurban Qurbanovla yaxşı münasibəti var".

Oyun əlavə vaxta gedərsə, komandasında fiziki çatışmazlıq yaranacağı ilə bağlı suala Beqiri belə cavab verib:

“’Qarabağ"ın "Şelburn"la oyunu bizdən bir gün əvvəl olmuşdu, onların daha çox istirahət vaxtı oldu. Səfərlər bizi yormuşdu. Amma sabahkı matç üçün gücümüz kifayət edəcək".

Seçilən
42
50
operativmedia.az

10Mənbələr