Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanmış mətni açıqlandı. Bu sənəd, əslində, Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin başlanmasını rəsmiləşdirmək üçün nəzərdə tutulmuş sülh müqaviləsi layihəsidir. Onun məğzi beynəlxalq hüququn əsas prinsiplərinə - suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və güc tətbiq etməməyə söykənir. Ən önəmli məqam odur ki, tərəflər SSRİ dövründəki inzibati sərhədləri beynəlxalq sərhədlər kimi tanıyır və gələcəkdə bir-birinə qarşı ərazi iddiası irəli sürməmək öhdəliyini qəbul edirlər.
Saziş layihəsi, həmçinin hərbi eskalasiyanın qarşısını almaq məqsədilə güc tətbiqinə, güclə hədələməyə və sərhədyanı ərazilərdə üçüncü ölkələrin hərbi mövcudluğuna məhdudiyyətlər qoyur. Bu yanaşma regionda balanslı təhlükəsizlik sisteminin formalaşmasına xidmət edir.
Ümumi ton baxımından sənəd kompromis xarakter daşıyır, tərəflər bir-birinin mövcudluğunu rəsmən tanıyır, gələcək münaqişələrin qarşısını almağa çalışır.
Bu sənəd layihəsi Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirdikdə bir neçə əsas məqam ön plana çıxır. Layihənin hüquqi çərçivəsi Azərbaycanın milli maraqlarına uyğun nəticələr doğurur. Ermənistan, açıq şəkildə yazılmasa da, “ərazi bütövlüyü” və “SSRİ sərhədlərinin tanınması” bəndləri vasitəsilə Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etmiş olur.
Bundan başqa, “Güc tətbiq etməmək” prinsipi göstərir ki, Azərbaycan 2020 və 2023-cü illərdə əldə etdiyi hərbi üstünlüyü indi diplomatik müstəvidə rəsmiləşdirir. Eyni zamanda, layihədə Zəngəzur dəhlizi açıq şəkildə qeyd olunmasa da, sərhədlərin tanınması və blokadaların aradan qaldırılması barədə müddəalar Azərbaycanın gələcək arqumentlərini gücləndirir.
Bir sözlə, bu saziş layihəsi Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq və Cənubi Qafqazda yeni bir dövr açmaq üçün hazırlanmış ciddi və hərtərəfli bir yol xəritəsidir. Bu sənəd beynəlxalq hüquqa əsaslanır, tərəflərin əsas narahatlıqlarını (ərazi bütövlüyü, təhlükəsizlik) ünvanlayır və normallaşma üçün konkret addımları müəyyən edir. Sazişin imzalanması və ratifikasiyası tarixi bir hadisə olacaq. Bunun üçün İrəvan son addımı atmalı, Azərbaycana qarşı ərazi iddialarını əsas qanunundan çıxarmalıdır.
Azərbaycan bir daha sülhə sadiqliyini nümayiş etdirərək regionda davamlı inkişaf və sabitliyin təmin olunması istiqamətində tarixi bir addım atdı. Prezident İlham Əliyevin qlobal miqyasda qəbul olunan liderliyi sayəsində Cənubi Qafqazda yeni bir dövr başlayır. Sülhə, əməkdaşlığa və tərəqqiyə aparan yol Azərbaycandan keçir. Bizim yolumuz isə fəaliyyətimiz və sözümüz qədər düzdür!
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı