Avqustun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib ki, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Prezidenti Ermənistanın Baş nazirini Azərbaycanla əldə olunan razılaşma münasibətilə təbrik edib. Eyni zamanda, sülh yolunda göstərilən iradənin regionda sabitlik üçün vacib olduğunu vurğulayıb. Bununla bağlı atılan addımların konkret təşəbbüslərlə davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində texniki səviyyəli danışıqların davam etdiriləcəyini də vurğulayıb.
ZÜMRÜD