AZ

Diaspor Gənclərinin VI Yay Düşərgəsi başa çatıb (FOTO)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi başa çatıb.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Xankəndi şəhərində təşkil olunan düşərgənin bağlanış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edib. Natiqlər gənclərin inkişafının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsi, diaspor şəbəkələrinin genişləndirilməsi, icmalaşma prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.

Mərasimdə düşərgə ilə bağlı geniş videomaterial göstərilib, iştirakçılara və diaspor könüllülərinə sertifikatlar, intellektual oyunların qalibi olan "Xankəndi" və "Zəfər" komandalarına hədiyyələr təqdim edilib.

Xankəndi şəhərindən böyük təəssüratla ayrılan düşərgə iştirakçıları ilk dəfə səfər etdikləri Qarabağda unudulmaz bir həftə keçirdiklərinə, dünya azərbaycanlı gəncləri ilə bir araya gəldiklərinə görə təşkilatçılara minnətdarlıqlarını bildirib, bu layihənin uzunömürlü olmasını arzulayıblar. Gənclər Qarabağın işğalı, müharibə və postmüharibə dövrü ilə bağlı müfəssəl məlumat almaq, işğaldan azad olunan ərazilərə həyatın yenidən qayıtdığını, regionda sülh və ədalətin bərpasını müşahidə etmək üçün düşərgənin böyük fürsət olduğunu dilə gətiriblər.

Düşərgə iştirakçıları, həmçinin Prezident İlham Əliyevin ABŞ-dəki görüşünü - möhtəşəm tarixi anları böyük maraq, coşqu və həyəcanla izləməsini, 61 ölkəni təmsil edən bu qədər gəncin dövlət başçısını bir arada dəstəkləməsini həyatlarının unudulmaz anı kimi xatırlayacaqlarını ifadə ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızının aparıcılığı ilə keçən tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Xatırladaq ki, avqustun 3-dən 9-na kimi davam edən Diaspor Gənclərinin VI Yay Düşərgəsinə 61 ölkədən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqları təmsil edən gənclər qatılıb. Gənclərin düşərgə çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşğaldan azad olunmuş rayonlardakı nümayəndələri ilə, diplomatlarla, ölkəmizin görkəmli mədəniyyət xadimləri və məşhur idmançılarla, şəhid ailələri və qazilərlə, Xankəndidə, eləcə də Qərbi Azərbaycanda doğulub-böyüyən ziyalılarla görüşləri təşkil olunub. Onlar eyni zamanda işğaldan azad olunan rayonlara səfər edib, Azərbaycan dili dərslərində, əyləncəli, intellektual oyun və yarışlarda, müxtəlif istiqamətli təlimlərdə biliklərini artırıblar.

Diaspor gənclərinin bundan əvvəlki yay düşərgələri Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin irihəcmli və uzunmüddətli layihələrindən olan Diaspor Gənclərinin Yay Düşərgələri həm ölkə daxilində, həm də diaspor arasında böyük rəğbətlə qarşılanıb, xüsusi marağa səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
50
olaylar.az

10Mənbələr