AZ

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­cov yazır

ain.az, 525.az saytına istinadən bildirir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

İzabella öz əmisi oğlu Ferdinand Araqonluya 1469-cu ildə ərə getdi. Kardinal Rodriges Borcia, sonralar o, papa VI Aleksaandr oldu, onların nikahına papanın razılığını almaqda kömək etdi. 1474-cü ildə Henri öləndə İzabella Kastiliyanın kraliçası elan olundu. Bu vaxt Ferdinand da Araqon kralı oldu və hər ikisi bərabər hakimiyyətlə bu cüt səltənəti idarə edib, İspaniyanı birləşdirdilər. İzabella və Ferdinand İspan inkvizisiyasını yaratdıqlarına görə, 1480-ci ildə onlara katolik monarxlar titulu verildi.

Onlar bütün İspaniyanı birləşdirmək istəyirdilər, mavrları ölkədən qovmağa cəhd edirdilər. 1492-ci ilin əvvəlində sonuncu Qranada müsəlman krallığı da süqut etdi.

Xristofor Kolumb Yeni Dünyanı kəşf etdiyinə görə Kastiliyada çox məşhurlaşmışdı. Katolik monarxlar da öz sərhədlərini genişləndirmək istəyirdi. Bunu nəzərə alaraq, İspaniya Kolumbun səfərinə sponsorluq etmişdi. Ölkədə cinayətkarlıq da artdığına görə, İzabella həm də qanunlarda islahatlar apardı. 1500 quldur əyalətdən qovuldu. Saray xərcləri də xeyli azaldılmışdı, çünki Henrinin krallığı dövründə ölkə ağır borc içərisində idi.

1492-ci ildə Rekonkista (müsəlmanların İspaniyadan qovulması uğrunda mübarizə) sona çatdı. Bu mübarizəyə hələ VIII əsrdə, mavrlar Andalusiyaya müdaxilə edəndə başlanmışdı. 2 yanvar 1492-ci ildə İzabella və Ferdinand sonuncu ərəb dövləti olan Qranadanı, şəhərin açarlarını əldə etməklə tutdular. Müharibədə İzabella həm də yüksək sərkərdəlik qabiliyyəti nümayiş etdirmişdi.

Kolumb da məhz həmin 1492-ci ilin 12 oktyabrında Yeni Dünyanın torpağına qədəm basmışdı. 1494-cü il Tordesiliya müqaviləsi ilə Avropadan kənarda olan dünya əraziləri İspaniya və Portuqaliya arasında bölündü. İspanlar Cənubi Amerikada ağalıq mövqeyi tutdular. 1492-ci ildə həm də yəhudilər İspaniyadan qovuldular.

1504-cü ilin sentyabrında İzabella xəstəliyinə görə hökmranlıqdan geri çəkildi və noyabrın 26-da öldü. Təkcə Amerikaların kəşfini himayəçilik etdiyinə görə, İzabella ölümündən sonra daha böyük hörmətə yiyələndi.

Rusiya imperatriçəsi II Yekaterina

II Yekaterina və ya Böyük Yekaterina, ərə getməmişdən əvvəl Sofiya Avqusta Tserbskaya adını daşıyırdı. O, 1729-cu ildə Prussiyadakı Ştettində anadan olmuş, 1796-cı ildə Sankt-Peterburqda ölmüşdü. 1762-1796-cı illərdə Rusiya imperiyasında hökmranlıq etmişdi. O, həm də İsveç-Prussiya krallarının qohumu idi. Karl Tserbskinin qızı olmaqla, Yekaterina öz əri III Pyotrun saray çevrilişi nəticəsində devrilməsindən sonra Rusiya dövlətinin taxt-tacına yiyələnmişdi. Əri isə müəyyən olunmamış şəraitdə həlak olmuşdu, yəqin ki, öldürülmüşdü.

Yekaterina epoxası kəndlilərin maksimum dərəcədə istismarı, dvoryanların idarə etmədə iştiraklarının hərtərəfli genişlənməsi dövrü idi. Böyük Yekaterinanın hakimiyyəti dövründə həm də Rusiya imperiyasının sərhədi, Reçi Pospolitanın bölünməsi hesabına qərbə tərəf genişlənmişdi. İmperiyaya Novorossiya, Krım yarımadası daxil edilmişdi. Həmçinin Qafqazın bir hissəsi zəbt edilmişdi.

II Yekaterinanın dövründə dövlət idarəçilik sistemi ilk dəfə olaraq islahata uğradılmışdı, Senat altı departamentə bölünmüşdü və qanunvericilik hüququndan məhrum edilmişdi. Həm də quberniya islahatı keçirilmişdi, onları namestniklər (valilər) idarə edirdi. Bu vaxt həm də favoritizm inkişaf etdirildi, onları saxlamağa dövlət büdcəsindən on milyonlarla rubl məbləğində pul ayrılırdı. Bir sıra Avropa ölkələrində sənaye inqilabının getməsi ilə yanaşı, Rusiyada heç də ciddi inkişaf getmirdi. Yeni texnika tətbiq edilmədiyindən yalnız əl əməyindən istifadə olunurdu. Büdcə  mədaxilinin 80-90 faizi idxal hesabına gətirilən xarici sənaye mallarının satışından əldə edilirdi.

II Yekaterinanın hakimiyyətinin sonunda Rusiya həm də aqrar iqtisadi böhranda idi, maliyyə sistemi dağılmışdı. Onun aldığı borclar yalnız iki əsr sonra, 1991-ci ildə tamamilə ödənilmişdi.

İmperatriçənin əxlaqı ciddi qüsurlara malik idi, onun onlarla məşuqu vardı və bu, heç də gizlədilmirdi. Qərb mətbuatı indiyədək bu mövzunu geniş təbliğ etməyi unutmur. Məşuqlardan bəziləri Yekaterinaya böyük təsir göstərirdilər. Çariçanın əxlaqsızlığı açıq, özü də nümayişkaranə surətdə baş verirdi və bu davranış saray mühitində əxlaqın pozulmasına xidmət edirdi. Hersoq Tserbskinin ailəsində böyüyən Yekaterina ev təhsili almışdı, ingilis, fransız və italyan dillərini öyrənmişdi. Bir sıra elmlərə, həmçinin musiqiyə və rəqsə həvəs göstərirdi.

1743-cü ildə Rusiya imperatriçəsi Yelizaveta Petrovna öz varisi, gələcək imperator III Pyotra gəlin seçəndə, öz seçimini alman qızı Sofya üzərində saxladı. Tezliklə qız öz gələcək əri Pyotr Fyodoroviçi gördü. 21 avqust 1745-ci ildə 16 yaşlı Yekaterina Pyotra ərə getdi, oğlanın bu vaxt 17 yaşı var idi. Ailə həyatının ilk illərində Pyotr öz arvadı ilə heç cür maraqlanmırdı və onların arasında ər-arvad münasibətləri yox idi. Bu barədə Yekaterina sonralar özü yazmışdı ki, əri onu heç sevməmişdi də. O, Kerr adlı bir qıza vurulmuşdu.

Tənhalığa qapılan Yekaterina təhsili ilə məşğul olmağını davam etdirir, tarixə, fəlsəfəyə, hüquq elminə dair kitablar oxuyurdu. Onu daha çox Tatsitin, Bekonun, Volterin, Monteskyüenin əsərləri maraqlandırırdı.

İki dəfəlik uğursuz hamiləliyindən sonra, 1754-cü ilin sentyabrında o, oğlu Paveli doğdu. İmperatriçə Yelizaveta Petrovnanın göstərişi ilə uşağı anasından ayırdılar, o, körpəni nadir hallarda görürdü. Uşağın həqiqi atası isə Yekaterinanın məşuqu S.V.Saltıkov idi. Ərinin laqeydliyindən onun məşuqları meydana gəlirdi.

Sofiya artıq şahzadənin arvadı kimi Yekaterina Alekseyevnaya çevrilmişdi. O, qızlıq dövründə görmədiyi dəbdəbəli bir mühitə, bolluq aləminə düşmüşdü. İmperatriçə Yelizaveta dəbdəbəni sevirdi, gəlinin atası evi isə Avropanın ucqarında olmaqla, gözü kor edən nəhəng sarayla müqayisədə, onun tam əksi sayıla bilərdi. Ona görə də Rusiyaya gələn Sofiya hamıya xoş gəlməyə çalışırdı və bunu ustalıqla bacarmışdı.

Qayınanası Yekaterinadan uzun müddət uşağının olmamasının səbəbini soruşduqda, o, cavab vermişdi kim, uşağın doğulması üçün səbəbin özü yoxdur. Nikahdan on il sonra doğulan Pavel Petroviç əslində onun məşuqu ilə yaxınlığının bəhrəsi idi. Lakin Pavel,  III Pyotru öz atası hesab edirdi, taxt-taca çıxdıqdan sonra ona böyük ehtiram göstərmişdi.

III Pyotr çar olduqdan sonra ərlə arvadının münasibəti tamam pozuldu və aralarında münaqişə başlandı. Yekaterina qərarlar qəbul edilməsindən və imperatorun özündən uzaqlaşdırıldı. Axı Pyotr özünə məşuqə saxlayırdı. Arvadının isə Saltıkovla yanaşı, Polşa kralı Ponyatovski ilə də hələ əvvəldən intim münasibəti var idi.

Yeni imperator Yeddi illik müharibədə rus ordusunun Böyük Fridrixin Prussiya qoşunları üzərindəki qələbəsinin üstündən xətt çəkdi, düşmən Prussiya isə Rusiyanın müttəfiqinə çevrildi.

III Pyotr taxt-tacda cəmi 6 ay oldu. O, dvoryanlara sərbəstlik verdi, monastır torpaqlarını dünyəvi mülkiyyətə çevirdi. Kilsəyə açıq nifrətlə yanaşırdı. Arvadı isə əksinə, pravoslav kilsəsinə daim yaxşı münasibət bəsləmişdi. Onun ən böyük fərasəti özünü zabitlərlə əhatə etməsi idi, özü də qvardiya polkunun mundirini geyinirdi. Qvardiya kapitanı Qriqori Orlovla gur eşq macərası yaşamışdı.

1762-ci ilin iyununda Pyotr qvardiyaçıların xoşuna gəlmədiyinə görə taxt-tacdan məhrum edildi, bir həftə sonra isə o, qəflətən öldü.

Bütün Rusiya imperatorları kimi, Yekaterinanın da ölkəni total qaydada yenidən qurmaq imkanları var idi. O, özünü Böyük Pyotrun varisi hesab edirdi. Ölkədə vətəndaş maariflənməsinin qızıl dövrünü yaratmağı düşünürdü və bunu daim təbliğ edirdi. Qərbin görkəmli ziyalıları ilə məktublaşırdı.

Onun bir xüsusiyyəti də özü haqqında yüksək fikirdə olması idi. Böyük Pyotrun işlərini başa çatdırmaq istəyirdi. Şair Suvarokrov yazırdı ki, "Pyotr bizə varlıq, Yekaterina isə könül vermişdir". I Pyotr Avropa qaydalarını tətbiq edirdi, Yekaterina isə öz təbəələrindən yeni insan cinsi yaratmaq istəyirdi. Bu məqsədlə teatrla, jurnal dərci ilə, təhsillə məşğul olurdu. Oğlu Pavel səhnədə oynamağı sevmədiyindən, gələcək çarın hər şeyi bacarmalı olduğunu vurğulamışdı. O, yeni kadet məktəbi yaratdı, universiteti islahata uğratdı, Smolnı institutunun əsasını qoydu, axırıncıda qızlar yeni qaydada tərbiyə ovunurdular ki, ana olanda öz uşaqlarını da bu qaydada böyütsünlər. Akademiyanın rəhbərliyinə, direktor kimi rəfiqəsi Yekaterina Daşkovanı gətirmişdi.

Ölkədə baş verən Yemelyan Puqaçov üsyanı çariçanı qorxutmuşdu. Çox vaxt mülkədarlar öz kəndliləri tərəfindən bıçaqlanıb öldürülürdülər. Bu Puqaçov üsyanına gətirib çıxardı və üç il ərzində dövlət qüvvələri onunla bacara bilmirdi. Bu çariçanı məcbur etdi ki, bürokratiya sistemini islahata uğratsın, namestniklər quberniyalar, uyezdlər yaratdı, general-qubernatorlar vəzifəsini təsis etdi. Lakin Yekaterina bilirdi ki, təhkimçiliyi ləğv etməyin özü yeni problemlər yaradacaqdır. O deyirdi ki, azad kəndli kotandan yapışmaq əvəzinə, əlinə bıçaq götürəcəkdir. Puqaçov üsyanı nəhayət, xeyli cəhdlərlə yatırıldı.

Əvvəlki dövrdə Yekaterinanın ekspansiya planı yox idi. 1768-ci ildə Osmanlı imperiyası ilə birinci rus-türk müharibəsi başlayanda Zoporojye kazakları bir neçə türk şəhərini qarət etdi. Yekaterina üzr istəsə də, bunun köməkliyi olmadı. Bu müharibədə işlər Rusiyanın xeyrinə gedirdi. Osmanlı ərazisinin bir hissəsini ruslar ələ keçirdilər. 1770-ci ildə Peterburqdan çıxıb, Atlantik okeanı ilə Aralıq dənizinə keçən rus donanması Çesmen döyüşündə türk donanmasını darmadağın etdi və bir sıra adanı Rusiyaya birləşdirdi.

Sarayın hazırladığı Yunan layihəsi ilə Osmanlı Krımını işğal edib, Rusiya tərkibinə keçirmək nəzərlə tutulurdu. 1783-cü ildə çariçanın keçmiş favoriti Qriqori Potyomkin dinc qaydada, heç bir döyüş aparmadan yarımadanı Rusiyaya birləşdirdi. Krım xanının özü bu xahiş ilə Yekaterinaya müraciət etmişdi. II Rus-türk müharibəsi başlansa da, Krım şimal imperiyasına qaldı.

Yekaterina rus imperiyası tarixində ən fəal ekspansionist olaraq qalır. Sonralar Stalin də bu praktikanı davam etdirməyə müvəffəq olmuşdu. Lakin çariçanın oğlu və nəvələri onun layihələrinə heç də müsbət yanaşmırdılar.

Yekaterina favoritlərinin olmasını, hətta çoxluğunu gizlətmək istəmirdi. Onun bir düjün favoriti var idi və onları tez-tez dəyişirdi. Son favoriti Platon Zubov əvvəlkilərdən fərqli olaraq, dövlətçilik istedadına malik deyildi. Favoritlərdən Qriqori və onun kiçik qardaşı Aleksey Orlovlar, həmçinin Qriqori Potyomkin ərazilər işğal etməklə, Rusiyaya böyük xidmət göstərmişdilər. Yekaterina hətta Potyomkinlə gizlincə evlənmişdi.

Favoritlər Yekaterinaya xidmət göstərməyə çalışırdılar. Lakin çariça ölkəni təkbaşına idarə edirdi. Torpaq, ərazi mülkiyyətini o, Rusiya üçün vacib hesab edirdi. Oğlu Pavellə ananın münasibətləri dramatik xarakter daşıyırdı, onların arasında etimad və yaxınlıq yox idi. Anası Pavelə şübhə ilə yanaşırdı, ona görə də əsas diqqəti nəvəsi, gələcək imperator I Aleksandra verirdi.

Yekaterina 1796-cı ildə ürək tutmasından öldü və Pavel taxt-taca çıxdı. Yeni çar, atası III Pyotru təntənəli qaydada yenidən dəfn etdi, mərasimdə onun tabutunun arxasınca gedən dəstəyə vaxtilə onun qatili olmuş Aleksey Orlov başçılıq edirdi. 1801-ci ildə Pavelin özü də qətlə yetirildi və I Aleksandr yeni çar oldu.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
2
525.az

10Mənbələr