AZ

Xilaskar orta güc rolunda çıxış edən Azərbaycan - ŞƏRH

“Bu gün Avrasiya məkanında yeni orta güc rolunda çıxış edən Azərbaycan beynəlxalq aləmdə ədalətin, hüquq normalarının və dövlətlərarası münasibətlərdə humanitarlığın təmin edilməsinə nail olmaqla yanaşı, daha çox qlobal sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına üstünlük verir. Bu səbəbdən də Azərbaycan artıq dünyada öz sözünü deyən, mövqeyini qətiyyətlə müdafiə edən, çoxsaylı dostları, tərəfdaşları ilə regionun və dünyanın yeni enerji, nəqliyyat xəritəsini cızan, qlobal problemlərin həllinə, xüsusən də sülhə, sabitliyə, inkişafa, təhlükəsizliyə dəyərli töhfələr verən dövlət kimi beynəlxalq arenada böyük nüfuza malik bir ölkəyə çevrilib”.

Bunu Azreform.info -a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəszilik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. 

Komitə sədri bildirib ki, istər avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər, istərsə Suriyanın yenidən bərpasında, istərsə də Ukraynaya geniş miqyasda açıq dəstək verməsi məsələsi bunun bariz nümunəsidir:

“İlk olaraq onu qeyd edim ki, son günlərdə Rusiya tərəfinin Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına məqsədyönlü şəkildə hava zərbələrinin endirilsə də,  cənab Prezident İlham Əliyev qətiyyətli mövqe sərgiləyərək bu çətin anda Kiyevə dəstək verəcəyini bəyan edib. Bu məsələ Prezident İlham Əliyevlə Volodimir Zelenski arasında baş tutan telefon danışığında da müzakirə edilib. İki ölkə lideri bu hadisəni pisləyərək, ölkələr arasında energetika sahəsində əməkdaşlığın dayandırılmamasını əminliklə bəyan ediblər. Bunun ardınca Azərbaycan Ukraynanın enerji infrastruktururnun bərpası üçün iki milyon ABŞ dollar həcmində humanitar yardım ayrılması barədə sərəncam imzalayıb.

8 avqustda Vaşinqton anlaşması və imzalanan sənədlər təkcə Cənubi Qafqaz bölgəsində deyil, Avrasiyanın daha geniş coğrafiyasında qlobal sülhə, sabitliyə, inkişafa, əməkdaşlığa və təhlüksizliyə töhfə verən bir sənəddir”.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində ciddi aktor rolunda çıxış etməsinin bünövrəsini Ulu öndər Heydər Əliyev qoyub və həmin siyasi irsin davam etdirilməsi Prezident İlham Əliyevin qətiyyəti nəticəsində mümkün olub. "Bunun üçün qısa da olsa, keçilən yolun xronologiyasına nəzər yetirmək kifayətdir: 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, 1999-cu ildə Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarlarına daşınması məqsədilə ABŞ, Azərbaycan, Türkiyə, Gürcüstan prezidentlərinin iştirakı ilə imzalanan sənəd, 2006-cı ildə Xəzər neftinin Bakı-Ceyhan xətti ilə dünya bazarına çıxarılması, daha sonra Avropanın yeni qaz xəritəsini cızması və bu məqsədlə Cənub Qaz Dəhlizi layihəsini reallaşdırması, nəhayətində Ermənistanın işğal siyasətinə son verib sülh sazişinin paraflanması. 

Hələ 1999-cu ildə ABŞ prezidenti Bill Klinton Ulu öndər Heydər Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya üçün önəmli rol oynayan lider kimi xarakterizə edərək qeyd edib: “Cənab Prezident, Amerika-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi sahəsində göstərdiyiniz səylərə görə, Sizə minnətdarlığımı bildirirəm. Mən bizim aramızda yaranmış şəxsi dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynaycaqdır”.

Bəli, bünövrəsi Ulu öndər Heydər Əliyevin qoyduğu uğurlu yol Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilib və Azərbaycanın qarşısında duran bütün məsələlər öz həllini tapıb. Artıq Azərbaycan nəinki Cənubi Qafqazda və Mərkəzi Asiya məkanında, Avropa, Yaxın Şərqdə və digər coğrafiyalarda biz bunun şahidi olmaqdayıq. 

Bundan sonra da Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan qlobal miqyasda yeni dünya düzənin formalaşması istiqamətində gedən geosiyasi mübarizələrdə sülhə, sabitliyə, inkişafa, qarşıqlı maraqlara xidmət edən əməkdaşlığa və təhlükəsizliyin təmin olunmasına töhfə verilməsində ciddi aktor rolunda çıxış edəcək”.

Mürtəza

Seçilən
80
50
azreform.info

10Mənbələr