AZ

Deputat: Vladimir Solovyov Rusiyanın düşmənlərindən biridir

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kremlin öndəgedən təbliğatçısı Vladimir Solovyov aparıcısı olduğu "Voskresnı veçer" ("Bazar axşamı") verilişində qısa olaraq Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşmalarını şərh edərkən qonşu ölkələri "xüsusi hərbi əməliyyat"la hədələyib.

Məsələ ilə bağlı deputat Hikmət Babaoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, Vladimir Solovyov Rusiya ətrafında düşmənlər yaratmaqla məşğuldur:

"Ona görə də belə bir təxribatçının Rusiya televiziyalarının efirində olması təəccüb doğurur. Mənə elə gəlir ki, bu gün Rusiyanın ətrafında hər kəsin düşmənə çevrilməsində Vladimir Solovyov kimilərin çox böyük xidmətləri var. Əlində çox geniş informasiya ruporları olan bu cür şəxslər Rusiya diplomatiyasının imkanlarını məhdudlaşdırmaqla, Rusiya ictimaiyyətini yanlış rəyə yönləndirməklə daha çox Rusiyanın antitəbliğatı ilə məşğul olurlar. Vladimir Solovyovun sonuncu açıqlamasından çox aydın görünür ki, söhbət sülhə qarşı təxribatdan gedir".

Deputat qeyd edib ki, 30 ildən çox davam edən bir münaqişə Cənubi Qafqazda öz həllini tapır, sülh, sabitlik gəlir:

"Bu, Rusiyanın da lehinədir ki, ona yaxın olan bir ərazidə uzun müddət davam edən mübarizə aradan qalxır. Yaxşı olardı ki, Vladimir Solovyov məsələni bu cür təqdim edib, sevinsin. Lakin, çox təəssüflər olsun ki, Vladimir Solovyov Azərbaycanı xüsusi hərbi əməliyyatlarla təhdid etməyə çalışır. Mənə elə gəlir ki, 3 il yarım əvvəl xüsusi hərbi əməliyyatın cəmi 3 günə bitəcəyini elan edən Vladimir Solovyov 3 il yarımdır ki, bu gün uğursuz xüsusi hərbi əməliyyatın təbliğatına çevrilib, lakin hələ də nəticə yoxdur. Belə olan halda ikinci xüsusi hərbi əməliyyat cəhdi Rusiyanın sonu ola bilər. Vladimir Solovyov ya bunu dərk etmir, ya da fərqində ola-ola Rusiyanı yenidən sonu görünməyən hərbi-siyasi macəralara sürükləməyə cəhd edir".

Onun sözlərinə görə, Vladimir Solovyovun bu fikirləri hər şeydən öncə Rusiya və xarici siyasətini müəyyən edən mərkəzlər tərəfindən rədd edilməlidir:

"Çünki birinci xüsusi hərbi əməliyyat Rusiyaya ölüm, məğlubiyyət gətirdi, çoxsaylı düşmən qazandırdı. Rusiya indi bu hərbi əməliyyatdan necə çıxacağını müəyyənləşdirə bilmir. Ona görə də Rusiyanın düşmənləri onu yenidən başqa xüsusi əməliyyata dəvət edə bilər. Görünür Vladimir Solovyov Rusiyanın düşmənlərindən biridir".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
11
oxu.az

10Mənbələr