525.az saytına istinadən ain.az xəbər verir.
Rəşad MƏCİD"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
Dünən bu acı xəbəri eşidəndən sonsuz qüssə və qəhər içində düşüncələrə dalıb Elçin müəllimlə bağlı xatirələri, onun yazdığı əsərləri yada saldım və fikirləşdim, təskinlik ondadır ki, Elçin müəllim zəngin bir irs qoyub gedib, dopdolu bir həyat yaşayıb. Onun dövlət adamı, ictimai xadim, yazıçı kimi fəaliyyətini Ümummilli lider Heydər Əliyev də, cənab Prezident İlham Əliyev də yüksək qiymətləndiriblər.
Xalq yazıçısı Elçin Əfəndiyevin "Ölüm hökmü", "Ağ dəvə", "Mahmud və Məryəm", "Baş" romanları Azərbaycan nəsrinin ən sanballı, yetkin nümunələri sırasındadır. Bu romanlar uzun illər sonra da ədəbiyyatsevərlərin diqqətini çəkəcək, oxunacaq, öyrəniləcək, dönə-dönə təhlil ediləcək.
Elçin müəllimin kino və dramaturgiya yaradıcılığı da diqqətəlayiqdir. Onun ssenari müəllifi olduğu məşhur filmlər - "Arxadan vurulan zərbə", "Bağ mövsümü", "Hökmdarın taleyi" kimi ekran əsərləri milli kinomuza istiqamət verən, onu fərqli yönlərdən təqdim edən sənət nümunələridir.
Dramaturgiyası isə xüsusilə tədqiq olunası sahədir. "Şekspir", "Mənim ərim dəlidir", "Qatil" pyesləri, eləcə də son vaxtlarda "Baş" romanı əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi eyniadlı səhnə əsəri təqdirə və diqqətə layiqdir.
Elçin müəllimin dramaturgiyası ilə bağlı bir çox araşdırmalar aparılıb, peşəkarlar tərəfindən yüksək səviyyədə dəyərləndirilib. İlk olaraq hekayə kimi qələmə alınan, sonradan səhnələşdirilən "Parisdə avtomobil qəzası" hekayəsinin "Ah Paris, Paris" adlı səhnə variantını illər öncə görmüşdüm. Dərin alt qatları olan, dövrümüzün mənzərəsini canlandıran, bir çox insanın əxlaq və düşüncəsini özündə əks etdirən bu hekayənin səhnə quruluşu da olduqca uğurlu idi.
Yazıçı Elçinin povest və hekayə yaradıcılığı xüsusi və daha əhatəli müzakirə tələb edir. Onun ayrı-ayrı hekayələrinin bizim düşüncəmizə birmənalı təsiri danılmazdır. Bir yandan "Baladadaşın ilk məhəbbəti", "Baladadaşın toy hamamı", "Dolça" və bu səpkili digər hekayələr müəllifin Abşeron ab-havasını necə həssaslıqla qələmə almasının nümunəsidir. O biri yandan da, Qarabağ koloriti, Şuşa sevgisi hələ lap gənclik illərindən onun yaradıcılığında özünü parlaq yönləri ilə göstərməyə başlayıb. Gənc yaşlarında yazdığı, Şuşanın ovqatını, eyni zamanda ilk sevgi macərasını özündə əks etdirən "Şuşaya duman gəlib" povesti bu mənada unudulmaz nəsr əsərlərindəndir. Yaxud da insan psixologiyasının, insanın fərqli məqamlarda keçirdiyi hiss və duyğuların ustalıqla əks olunduğu "Beş dəqiqə və əbədiyyət" hekayəsi. Janr və üslubca bir-birindən kəskin fərqlənən bu hekayələr, düşünürəm ki, müəllifin digər yaradıcılıq istiqamətlərindən daha dərin, daha əhatəli şəkildə araşdırılmalı mövzudur. Bir hekayəçi kimi Elçin Əfəndiyev əvəzolunmazdır. Yazıçının son illər çapdan çıxmış "Qırx beş" adlı hekayələr kitabı da ədəbiyyatımıza sanballı töhfədir.
Onun tərcüməçi kimi fəaliyyətinin, ələlxüsus dünya dramaturgiyasından çevirmələrinin, bu sahə ilə bağlı apardığı təbliğatın, dramaturgiya haqqında dərin və düşündürücü fikirlərinin yeri isə ədəbiyyatımızda bambaşqadır.
Elçin müəllimin publisistikası da daim yaddaşlarda yaşayacaq. Onun publisistik əsərləri içərisində mənim tez-tez xatırladığım və yaddaşımda əbədi qalan ötən əsrin 80-ci illərində qələmə aldığı "Yaxın-uzaq Türkiyə" oçerki vaxtında çox böyük rezonansa səbəb olmuş, ciddi reaksiyalarla qarşılaşmışdı. Qapalı sərhədlər çərçivəsində Türkiyə haqqında nəsə öyrənməyə təşnə vaxtlarımızda ən ümdə xəyallarımızdan olan bu qardaş ölkəni bizə tanıtmaq, onu "yaxın və uzaq" adı ilə təqdim etmək o dövr üçün hamının diqqət kəsildiyi məqam idi.
Sonralar Elçin müəllim Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin Rəyasət Heyətinin sədri oldu. Mənim onunla ilk təmaslarım da elə bundan sonra başladı. Azərbaycanın iki tanınmış alimi - Aydın Məmmədovla Dilarə Əliyeva avtomobil qəzasında həlak olmuşdular. Mənə çox əziz olan Aydın Məmmədovla Azərbaycan Tərcümə Mərkəzində bir yerdə çalışırdıq. Aydın müəllimin faciəli ölümü onu yaxından tanıyan, istedadına bələd olan Elçin müəllim üçün də çox ağır itki idi. İndi də xatirimdədir, o vaxt Aydın müəllimin xatirəsini əbədiləşdirmək üçün "Vətən" Cəmiyyətində bir komissiya yaradılmışdı, mən də o komissiyanın üzvü idim. O vaxtlar Elçin müəllimin həm məmur, həm də yazıçı kimi yüksək bacarıqlarını birləşdirməyinin şahidi olmuşdum. "Vətən" Cəmiyyətində işləyərkən onun gördüyü işlər o dövr üçün çox əhəmiyyətli və vacib idi. O illər bizim mühacirlərin vətənə ilk gəlişini də Elçin müəllim təşkil etmişdi. Komitənin mətbu orqanı olan "Odlar yurdu" qəzetində mühacirlər haqqında məqalələr işıq üzü görürdü. Fransada yaşayan yazıçımız Baninlə Elçin müəllimin söhbətləri, onun haqqında yazdığı yazılar Azərbaycanda bir ilk idi. Hamımız bu yazıları böyük təşnəliklə oxuyurduq. Bu yazılar, bütövlükdə Elçin müəllimin publisistikası tariximizlə bağlı maraqlı və lazımlı bir çox mövzuları tədqiq etmək, araşdırmaq baxımından qiymətli və zəngin mənbədir. Uzağa getməyək, həyatının son illərində yazdığı "Mircəfər Bağırov kim idi?" adlı böyük və əhatəli məqaləsində o, hədsiz maraqlı informasiyaları bir yerə cəmləmişdi.
Azərbaycanın həddindən artıq mütaliəli ziyalısı, söz və fikir adamı kimi Elçin müəllim həm ədəbi yeniliklərə, həm klassikaya, həm də tarixə yaxından bələd olması ilə seçilirdi. Onun ədəbi-tənqidi məqalələri hər zaman Azərbaycan ədəbiyyatşünaslığına yön verib, ədəbi mühitdə çalxalanma yaradıb. Elçin müəllimin ədəbi-tənqidi məqalələrini mən hələ gənc yaşlarımdan maraqla oxumuşam. Sonralar "525-ci qəzet"də biz o yazıları silsilə şəklində dərc edirdik. Çox vaxt bu yazılar geniş müzakirə obyektinə çevrilirdi. Yazıçılar Birliyində keçirilən belə ədəbi-tənqidi müzakirələrdə Elçin müəllim özü də iştirak etməyə çalışırdı.
Elçin müəllim son illər "Ədəbin evi"nin keçirdiyi Mir Cəlal Paşayev adına hekayə müsabiqəsinin münsiflər heyətinin də sədri idi. O, hər dəfə müsabiqəyə təqdim olunan hekayələrlə bağlı müzakirələrdə məmnuniyyətlə iştirak edir, öz dəyərli fikir və tövsiyələrini bildirirdi. Biz bu müzakirələrdə onun çağdaş ədəbiyyatımızın taleyi ilə bağlı narahatlıqlarını da hiss edirdik.
Elçin Əfəndiyev uşaq ədəbiyyatına xüsusi qayğı ilə yanaşırdı. Onun bu mövzuda ayrıca məqalələri də var. O, həmişə uşaq ədəbiyyatının vacibliyi, gərəkliliyi haqda düşünür və bunu tez-tez vurğulayırdı. Hətta özü də silsilə uşaq hekayələri yazır və çap etdirirdi. "525-ci qəzet"də ardıcıl şəkildə onun uşaq hekayələri çap olunmuş, oxucularda, ədəbi mühitdə müsbət rezonans doğurmuşdu. Bu hekayələr zahirən uşaqlar üçün olsa da, dərin alt qatlara malik, böyük mənalar kəsb edən əsərlər idi. Fikrimcə, bunun özü də gələcəkdə tədqiq olunmalı zəngin bir irsdir.
Elçin müəllimin müsahibələrinin də ayrıca tədqiqinə ehtiyac var. O, müsahibələrində də ictimai həyatımızda, ədəbiyyatımızda baş verən hadisələri təhlil edirdi. Son müsahibələrindən biri olan "Xəstəxana özü də bir filosofdur" başlıqlı məqaləsi böyük maraq doğurmuşdu. O, bu müsahibəni xəstəxanada yatarkən vermişdi. Həmçinin, yenə də son müsahibələrindən olan "Dünya, deyəsən, dəli olub" başlıqlı müsahibəsində onun bu gün dünyada baş verən qlobal problemlərlə bağlı düşüncələri yer almışdı.
Elçin müəllim həmişə çalışırdı ki, hansısa ədəbi dəyəri kənarda qoymasın. Məsələn, Mir Cəlal Paşayev, Təhsin Mütəllimov, Şirindil Alışanov, İntiqam Qasımzadə və digər ədəbiyyatşünaslar haqqında məqalələr yazır, xüsusi həssaslıq göstərərək yubileylərində onları yaddan çıxmağa qoymurdu. Eyni zamanda müsahibə və məqalələrində gənc yazarlar haqqında da elə dəqiq fikirlər söyləyirdi ki, heyrət etməyə bilmirdin. Gənc yazarların şəstlə Elçinin öz müsahibələrində onların adlarını çəkməyini, oxumağını necə yüksək qiymətləndirdiklərinin dəfələrlə şahidi olmuşam.
Dediyim kimi, Elçin müəllimlə ilk təmasımız onun "Vətən" Cəmiyyətində çalışdığı dövrə təsadüf edirdi. Sonralar Baş nazirin müavini vəzifəsində çalışarkən də təmaslarımız davam elədi. Həmçinin, "525-ci qəzet"lə bağlı da çox xatirələrimiz var. Uzun illər "525-ci qəzet" Elçin müəllimin əsərlərini çap edən əsas mətbuat orqanı olub. Yadımdadır, 2000-ci illərdə Elçin müəllimin "Ədəbi düşüncələr" silsilə yazılarını çap edirdik. Həmin "Ədəbi düşüncələr" vaxtilə onun hansısa bədii əsərlər, yaxud baş verən önəmli hadisələr barədə yazıb kənara qoyduğu fikirlər, təfərrüatlar idi. O qeydləri indiki dövrdə mənim də tez-tez müraciət etdiyim "Qələmsiz yazılanlar" üslubuna yaxın bir üslub, bəlkə də onun ilk başlanğıclarından biri adlandırmaq olar. İndi bu janr daha aktualdır. "Ədəbi düşüncələr"i biz hissə-hissə çap etdikdən sonra Elçin müəllimin bu silsiləsi, fikirləri haqqında "Nostalgiya, pessimizm və qürur" adlı bir məqalə də yazmışdım. Sonra o, bu silsilə düşüncələrini kitab halında çap etdirdi.
.
Elçin Əfəndiyevin Qarabağla, Şuşa ilə bağlı yazıları, hesab edirəm ki, ən çox da atası - Xalq yazıçısı İlyas Əfəndiyevdən qaynaqlanan və uşaqlıq, gənclik yaddaşında özünə yuva quran mövzular idi. Azərbaycan ədəbiyyatına "Geriyə baxma, qoca", "Üçatılan" kimi dəyərli nəsr nümunələri bəxş edən İlyas Əfəndiyevin bu əsərlərindəki Qarabağ koloriti, Qarabağın xüsusi aurası Elçinin əsərlərində də özünü büruzə verirdi. O, Şuşanı çox sevirdi. "Qaçqınlar" silsiləsindən yazdığı hekayələrdə, xüsusən, "Bayraqdar" povestində Şuşanı, Şuşanın əhalisini, qaçqın və məcburi köçkün şəraitində yaşayan insanları təsvir edir, onların düşüncələrini, Şuşaya qayıtmaqla bağlı əzm və ümidlərini qələmə alırdı.
2000-ci illərin əvvəllərində biz Elçin müəllimin "525-ci qəzet"də çap olunan "Sarı gəlin" əsərinə "İlin əsəri" bədii mükafatını vermişdik. Bu mükafatın təqdimatını Yazıçılar Birliyində böyük qələbəliklə keçirtdik. Bu, həm də ədəbi cameənin diqqətini belə bir gözəl hekayəyə cəlb etmək, ədəbi mühiti hərəkətə gətirmək niyyəti güdürdü.
Elçin müəllimin bizi tərk etdiyi, onsuz nəfəs aldığımız ilk axşamda mən onun bu sadaladığım və sadalamadığım əsərlərini, onunla bağlı yadıma düşən xatirələri gözlərim önünə gətirdim. Amma sosial şəbəkələrdə paylaşmaq üçün Elçin müəllimin 2001-ci ilin mart ayında yazdığı "Şuşanın dağları başı dumanlı" yazısını seçdim. Hələ 2020-ci ildə, 44 günlük Vətən müharibəsi davam edərkən Elçin müəllim oktyabrın 18-də Azərbaycanın Ali Baş Komandanının dünyanın ikili standartlarını pozan əzmkarlığı barədə öz hisslərini bildirmiş, işğaldan azad olunan kəndlərimizdən, şəhərlərimizdən söz açmışdı. Qələbəmizdən sonra Anar müəllimin təklifi ilə "Qarabağ dastanı: 30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab hazırladıq. Bu kitabda əslən Qarabağdan olan yazıçılar öz doğulduqları rayon və kəndlər haqqında yazılar təqdim edirdilər. Amma Elçin müəllim mövzunu özü seçdi və dedi ki, "mən Şuşadan yazmaq istəyirəm". Beləcə, Şuşadan yazdı, həm də necə yazdı - çox dərin və sanballı bir xatirə yazısı ortaya çıxdı. Bu yazıda o, ilk dəfə Şuşaya getməyini, 1982-ci ilin qarlı 14 yanvar günündə Ümummilli liderin rəhbərliyi ilə Şuşada Vaqifin məqbərəsinin açıldığını xatırladı. Bu xatirələrdə ən xırda detallar belə unudulmurdu. Dərin müşahidəsi, iti yaddaşı sayəsində yazıçılar arasında keçən söhbətləri, baş verən hadisələri elə dəqiqliklə qələmə almışdı ki, həmin hissələri oxuduqca özünü o qarlı 14 yanvar günündə hiss edirdi. Sətirlərin arasından, az qala, ayaqlar altındakı qarın xışıltısını, küləyin səsini də duymaq olurdu. 1982-ci ilin 29 iyulunda keçirilən Vaqif Poeziya Günləri də eynən o cür - dəqiq və hərtərəfli şəkildə qələmə alınmışdı. Bu xatirələri oxuduqca o yaddaşa heyrət etməmək mümkün deyildi. Fikrimcə, Elçin Əfəndiyevin bu yazısı Şuşa haqqında yazılmış ən gözəl xatirələrdən biridir.
2021-ci ilin avqustunda Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin ikinci dəfə açılışında Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev geniş nitqlə çıxış etdi, Şuşa haqqında danışdı. Elçin müəllim də azad Şuşada ilk dəfə idi ki, olurdu. Onun oradakı çıxışı da olduqca düşündürücü idi. O, Şuşanın azadlığını xalqımızın böyük zəfəri adlandırdı, Ali Baş Komandanın əzmkarlığını, iradəsini xüsusi qeyd etdi, eyni zamanda Ümummilli liderin bu günləri görməsi ilə bağlı arzusunu da bildirdi. Həmin çıxışda o, atası İlyas Əfəndiyevi də yada saldı, Şuşanı görməyin hər bir azərbaycanlının ən ümdə arzusu olduğunu vurğuladı. Ən təsirli məqam isə, fikrimcə, bu cümləsi idi: "Mən Şuşanın azad olunacağına inanırdım, amma bunu mənim görə biləcəyimə ümidim yox idi". Təbii ki, yazı boyunca təskinliklə bağlı sadaladığım məqamlar öz yerində, amma Elçin müəllimin doğma Şuşanın, Füzulinin, Qarabağın azadlığını görmək sevincini yaşaması da bizim üçün bir ayrı təskinlik, bir ayrı təsəllidir.
Müsahibələrinin birində demişdi ki, hər dəfə məzuniyyətə gedəndə özüylə yeni kitablar götürür və məzuniyyətdən yeni yazılarla əlidolu qayıdır. Ona görə biz də Elçin müəllimin məzuniyyətdən qayıtmağını səbirsizliklə gözləyirdik. Bilirdik ki, o, yenə də qəzetimizə hansısa kitablar, problematik ədəbi mövzular barədə yazılarını göndərəcək, yeni bədii əsəri, hekayəsi ilə oxucularını sevindirəcək.
Elçin müəllimin bizi əbədi tərk etdiyi bu günlərdə mən yenə də düşünürəm ki, o, əbədi məzuniyyətə gedib və bu məzuniyyətdən də əlidolu qayıdacaq. Yeni nəsillər yetişdikcə, yeni ədəbiyyat sevdalıları doğulduqca, onlar Elçin müəllimin əsərlərini ilk dəfə oxuyacaq və Abşeron koloritini, Qarabağ ab-havasını necə məharətlə təsvir etdiyinə, hekayələrində insan psixologiyasını necə ustalıqla açdığına heyran qalacaqlar. Bu əsərlər həmişə yeni olacaq. Hər dəfə Elçin müəllimin məzuniyyətdən əlidolu qayıtdığı kimi, yeni nəsillər üçün onun bu yeni-köhnə yazıları həmişə yaşayacaq.
Son zamanlar akademik İsa Həbibbəyli, Xalq yazıçısı Anar və Elçin müəllimlə arabir birlikdə oturur, maraqlı söhbətlər edirdik. Bu söhbətlər zamanı Elçin müəllimin qızları tez-tez zəng vurur, nigaranlıqla harada olması ilə maraqlanırdılar. Onda o, söhbətə ara verib bu zəngləri cavablayırdı. Bu zaman onun üzündəki məmnunluq gözümüzdən qaçmırdı. O, qızlarının bu sonsuz sevgisindən, onunla bağlı nigarançılıq duyğusundan məmnun görünürdü.
Mən bu qüssəli günlərdə onun həyat yoldaşı Nüşabə xanıma, qızları Günay xanıma, Humay xanıma, Aysu xanıma başsağlığı verir, acılarını bölüşürəm. Eyni zamanda demək istəyirəm: Elçin müəllim, telefonunuzu bağlı saxlamayın, sizə sevgi və minnətdarlıq dolu zənglər həmişə gələcək!
Ruhunuz şad olsun! Rahat uyuyun!
4 avqust 2025.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.