AZ

Etibar Həsənov: “Vaşinqton Bəyannaməsi İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir”

“08 avqust 2025-ci il tarixdə  ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən BƏYƏNNAMƏ imzalanmışdır.

Bu bəyənnamə, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin sülh yolu ilə həllinə yönəlmiş beynəlxalq hüquqin norma və prinsipləri çərçivəsində regional və dövlətlərarası münasibətlərdə tənzimləyici rolu olan mühüm diplomatik sənəddir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Qərbi Azərbaycanın İcmasının Gorus rayonu təşkilatının sədri, tanınmış vəkil Etibar Həsənov bildirib.

O, qeyd edib ki, sözügedən Bəyənnamə həmçinin siyasi, hüquqi və iqtisadi baxımdan mühüm əhəmiyyətli diplomatik tarixi akt kimi xüsusi çəkiyə malikdir:

“ABŞ-ın vasitəçiliyi ilə baş tutmuş üçtərəfli zivə görüşündə tərəflər xarici işlər nazirlərinin iştirakı ilə sülh  müqaviləsinin ilkin razılaşdırılmış mətnini paraflayıblar. Bu, iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş önəmli addımdır. Üçtərəfli görüşdə həmçinin  Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-ə müraciət edərək Minsk Qrupu və onunla bağlı strukturların fəaliyyətinin dayandırılmasını istəyiblər. 
 

Bəyannamədə regionun geosiyasi fotosunu dəyişən, iqtisadi önəmi ilə seçilən ölkələr arasında daxili, ikitərəfli və beynəlxalq nəqliyyatın asanlaşdırılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi vurğulanıb.


Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin siyasi əhəmiyyəti olduğu kimi eyni zamanda iqtisadi əhəmiyyəti xüsusilə Cənubi Qafqaz regionunda sabitlik və inkişafın təmin olunması, regional nəqliyyat və kommunikasiya xətlərinin bərpası, həmçinin Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın başlanması baxımından mühüm rol oynayır”.

Etibar Həsənov vurğulayıb ki, regional nəqliyyat dəhlizlərinin açılması dövlətlərarası iqtisadi əməkdaşlığın inkişafına və bölgədə zəruri infrastrukturun formalaşmasına böyük zəmin yaradacaq.

“Bəyannamədə yer alan məsələlərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa və maneəsiz əlaqənin təmin olunmasıdır. Bu, Zəngəzur dəhlizi ideyasının reallaşmasına,  Azərbaycanın öz ərazisi olan Naxçıvan və qardaş Türkiyə ilə quru əlaqəsinin təmin olunmasına və bununla da logistika, ticarət və tranzit imkanlarının artmasına imkan yaradacaq.

Sözügedən bəyənnamədə razılaşdırılan “TRIPP” layihəsi – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu Ermənistan ərazisindən keçəcək, bu yeni nəqliyyat və kommunikasiya marşrutu, ABŞ və digər tərəfdaş ölkələrin maliyyə və texniki dəstəyi ilə həyata keçiriləcək. Həmin layihə regionun tranzit ölkə kimi əhəmiyyətinin artması, infrastrukturun inkişafına investisiyaların cəlb olunmasının stimullaşdırılması və sahibkarlıq mühitinin genişlənməsinə səbəb olacaq”.
 

Vəkil qeyd edib ki, Cənubi Qafqazda siyasi sabitlik və silahlı münaqişənin sona çatması xarici investorlar üçün cəlbediciliyi artıracaq ki, bu da bölgəmizdə gözlənilən sülhün iqtisadi dividendlərini təşkil edir.


“Bu baxımdan Vaşinqton Bəyannaməsi yalnız siyasi sülh sənədi deyil, həm də iqtisadi transformasiya üçün əsaslı zəmin yaradan strateji bir təşəbbüsdür. Əgər əldə edilən bu razılaşma uğurla icra olunarsa, Cənubi Qafqazı Avrasiya ticarət yollarının əsas qovşaqlarından birinə çevirə və əməkdaşlığının inkişafı üçün yeni imkanlar yarada bilər.

Onu da xüsusi qeyd etməliyik ki, 8 avqust Vaşinqton Bəyənnaməsi ölkə başçısı İlham Əliyevin uzun illər ərzində böyük əzmkarlıqla  göstərdiyi uzaqgörən siyasi fəaliyyətinin, qətiyyətinin və iradəsinin nəticəsidir.

İlham Əliyev sübut etdi ki, o Müzəffər Ali Baş Komandan olduğu kimi, həm də Müzəffər siyasi liderdir.

Heç şübhəsiz ki, son beş il ərzində ölkəmizin siyasi platformasında baş verənlər Azərbaycanı regionda lider ölkəyə, aparıcı qüvvəyə, həmçinin dünya siyasi səhnəsində söz sahibinə çevirib. Bu tarixi əsərin müəllifi isə məhz müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir”.

Bizim.Media

Seçilən
9
50
bizim.media

10Mənbələr