"Yuxu problemləri yalnız fiziki deyil, həm də psixoloji kökləri olan məsələdir".
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, stress, narahatlıq və ya gündəlik həyatda qarşılaşdığımız emosional çətinliklər yuxuya mənfi təsir edə bilir:
"Məsələn, işdə və ya münasibətlərdə yaşanan gərginliklər, hətta qərarsızlıq və ya gələcək barədə qorxular beynimizin sakitləşməsinə mane olur. Bu zaman düşüncələrimiz bir-birini əvəz edir və beynimiz "dincəlmək" yerinə, sanki durmadan işləyir. Beləliklə, yuxuya getmək çətinləşir və ya gecə yuxudan tez-tez oyanırıq".
Ekspert qeyd edib ki, yuxu problemləri eyni zamanda bizim emosional ehtiyaclarımızın qarşılanmaması ilə də əlaqəli olur:
"Özümüzü dəyərsiz, tənha və ya anlaşılmamış hiss etdiyimiz zaman bu daxili narahatlıq yuxumuzu pozur. Bu səbəbdən yuxu rejimimizi düzəltmək üçün yalnız fiziki müalicə və qaydalara əməl etmək kifayət deyil. Həmçinin, özümüzlə barışmaq, stressi idarə etmə yollarını tapmaq və emosional sağlamlığımıza diqqət göstərmək çox önəmlidir".
Psixoloq vurğulayıb ki, gündəlik kiçik rahatlama texnikaları nəfəs məşqləri, meditasiya və müsbət düşüncə yuxuya gedən yolu asanlaşdıra bilər:
"Bundan başqa, peşəkar dəstək almaq da faydalıdır. Çünki bəzən yuxu problemlərinin kökündə ciddi psixoloji durumlar ola bilir. Onları isə tək başına həll etmək çətindir. Nəzərə almaq lazımdır ki, yuxu həm bədənimizin, həm də ruhumuzun ehtiyacıdır. Yəni yuxu ümumi sağlamlığımız üçün əsas şərtdir".
Pərviz