AZ

Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri Ankarada çap edildi

BAKI, 11 avqust, TELEQRAF

“Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri” adlı kitab Türkiyə türkcəsində Ankarada çap edilib.

Bu haqda Teleqraf-a Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bütün yaradıcılığı ilə milli-mənəvi dəyərlərə, gələcək nəslin maarifçi ruhda yetişməsinə xidmət edən, Azərbaycanın Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi, dramaturq, teatr xadimi Əbdürrəhim Bəy Haqverdiyevin pyesləri - teatr əsərləri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada çap edilib.

Nəşri çevirənlər Türkiyəli gənc tərcüməçi Atabey Barış, azərbaycanlı alim Təranə Həşimovadır.

Qeyd edək ki, Əbdürrəhim Bəy Haqverdiyevin pyeslərinin Türkiyə türkcəsində nəşri onun həm Azərbaycan ədəbiyyatını öyrənmək, həm də ədəbiyyatımızı tədqiq etmək istəyənlər üçün mühüm mənbə olacaq. Bundan başqa, nəşr Türkiyə teatrlarında Azərbaycan müəlliflərinin əsərlərinin səhnələşdirilməməsi yolunda da yeni imkanlar açacaq.

“Abdurrahim Bey Hakverdiyevin tiyatro eserleri” adlı kitabda ədibin “Ac həriflər”, “Dağılan tifaq”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Ağac kölgəsində”, “Kimdir müqəssir”, “Ədalət qapıları” və başqa pyesləri öz əksini tapıb. Nəşrdə dramaturq Əbdürrəhim bəy Hakverdiyevin həyatı və ədəbi fəaliyyətindən arxiv şəkilləri də yer alır.

Kitabda qeyd olunur ki, Azərbaycan dramaturgiyasında XIX əsrin sonlarından başlanan maarifçiliyin növbəti mərhələsində ədəbi yaradıcılığa başlayan tanınmış Azərbaycan dramaturqu, realist ədəbiyyatımızın görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev zəngin ədəbi fəaliyyəti, dram əsərləri, yumoristik və satirik hekayələri ilə məşhurlaşıb, ədəbiyyatımıza mühüm töhfələr verib.

Haqverdiyevin pyesləri Azərbaycanda milli dramaturgiyası, teatr mədəniyyəti, Şərqin teatr məktəbinin inkişafı və Türk dünyası xalqları arasında ədəbi əlaqələrin yüksəlişində müstəsna xidmətlər göstərib.

Nəşrin Türkiyədə təqdimatı və aparıcı kitabxanalara, elm-tədris müəssisələrinə hədiyyə edilməsi nəzərdə tutulur.

Seçilən
31
2
teleqraf.com

3Mənbələr