ABŞ Prezidenti Donald Trampın dəvəti, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən sülh sammitinin böyük rezonans doğuracağı əvvəlcədən bəlli idi.
Hələ danışıqlar ərəfəsində medianın əldə etdiyi məlumatlardan görünürdü ki, danışıqların zəngin gündəliyi və imzalanacaq sənədlər Azərbaycanla Ermənistan arasında sülh gündəliyini finiş xəttinə çıxaracaq və Cənubi Qafqazda mahiyyətcə yeni geosiyasi dövrün əsasını qoyacaq.
Artıq neçə gündür ki, danışıqların nəticələri mediada və analitik çevrələrdə təhlil edilir və demək olar ki, bütün rəylərdə əldə olunan razılaşmaların bölgəyə sülh və rifah gətirəcəyinə dair əminlik ifadə olunur.
Vaşinqton sammitinin uğurlu yekunları ilə bağlı Azərbaycan və Ermənistan liderlərinə çoxsaylı təbrik, Donald Trampa isə təşəbbüsə görə təşəkkür mesajları göndərilir. Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar baş verənləri bir ağızdan alqışlayır, kimisi vaxtilə sülh prosesinə özünün verdiyi töhfəni xatırladır, kimisi gələcək üçün dəstəyini təklif edir.
ATƏT, Makron və digər qatara gecikənlər
Razılaşmaları alqışlayanlar arasında vaxtilə sülhə mane olmaq istəyənləri, Azərbaycanı qəbuledilməz güzəştlərə məcbur etməyə çalışanları da görmək mümkündür. Onlar qatara gecikdiklərini başa düşsələr də, artıq ona çatdırmaqları çox çətin, bəziləri üçün isə ümumiyyətlə mümkün olmayacaq.
Məsələn, ATƏT deyir ki, Azərbaycan və Ermənistan liderlərinin 8 avqust Bəyannaməsinin reallaşdırılmasında öz üzərinə düşəni etməyə hazırdır. Bəyannaməyə görə isə bu təşkilatın bundan sonra edə biləcəyi ən yaxşı iş ancaq ATƏT-in bədnam Minsk qrupunun ləğv edilməsi ola bilər. Münaqişənin həlli üçün vasitəçilik mandatı almış bu qurum, 30 ilə yaxın müddətdə yalnız Azərbaycanı işğalın nəticələri ilə barışdırmağa çalışıb.
Fransa senatının üzvü Natali Qule isə rəsmi Parisin erməni lobbisinə xidmət etməsi səbəbindən oyundan kənar vəziyyətdə qaldığı üçün təəssüflənib. “İndi Fransa bu prosesdə iştirak etmir. Ümid edirəm ki, Fransa tezliklə Azərbaycanla münasibətlərini yaxşılaşdıracaq”, - deyə senator bildirib.
Azərbaycan-Ermənistan razılaşmalarını alqışlayanlar arasında BMT-nin Baş katibi Antoniu Quterriş də var. Həmin BMT-nin ki, böyük güclərin lazım bildiyi ölkələrə hərbi müdaxiləyə bir gecədə fərman verə bilir, amma 30 il ərzində öz Təhlükəsizlik Şurasının Qarabağdan işğalçı erməni qüvvələrinin çıxarılması haqqında qətnamələrinin icrasını təmin edə bilmədi.
907 saylı maneə
Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasında əsas söz sahibi olan ABŞ-nin özü də Donald Tramp hakimiyyətə gələnədək Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə ədalətli yanaşması ilə seçilmirdi. Elə Vaşinqton danışıqlarının nəticəsi olaraq prezident Trampın icrasını dayandırdığı “Azadlığa dəstək aktı”na 907 saylı düzəliş bunun ən bariz nümunəsidir. 1992-ci ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı BMT səviyyəsində təsdiqini tapdığı bir vaxtda, ABŞ işğalçı tərəfi deyil, işğaldan zərər çəkən tərəfi sanksiyalara məruz qoymuşdu. Yalnız Amerika hərbi yüklərinin Azərbaycan üzərindən Əfqanıstana daşınması zərurəti yarandıqdan sonra Ağ Ev sahibləri bu ədalətsiz düzəlişin icrasını müvəqqəti dayandırmağa başladılar. ABŞ Əfqanıstandan çıxdıqdan sonra isə qatı ermənipərəst Co Bayden administrasiyası yenidən 907-ci düzəlişi işə saldı. Bu mənada Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv münasibətləri sayəsində 907-ci düzəlişin iclasının dayandırılması Vaşinqton sammitinin ən vacib nəticələrindən hesab olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta