Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Leyla Məcidovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə 05 iyul 2025-ci il tarixdə, saat 13 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən heyvanların sığınacağı məntəqəsinin qarşısında qeydə alınıb.
Belə ki, Leyla Məcidova tanışı, zərərçəkmiş Familə Səfərzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə zərərçəkmiş şəxsin onu nalayiq ifadələrə təhqir etməsi olub. Bu zaman Leyla qəsdən əl zərbələri ilə Familənin boyun və alın nahiyəsinə bir neçə dəfə vuraraq, ona yüngül zərər yetirib.
Hadisədən sonra Leyla Məcidova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Zərərçəkmiş Familə Səfərzadənin məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs ilə barışıb, ona dəymiş ziyan ödənilib, Leylaya qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edib.
Qeyd: Leyla Məcidova ilə Familə Səfərzadə sözügedən sığınacaqda könüllü işləyir.
Kamal Məmmədov