Yay aylarında tərəvəzdən hazırlanan şirələr və bitki çayına üstünlük vermək lazımdır. Amma ümumilikdə içki seçiminə xüsusi diqqət yetirilməlidir.
Tibbi baxımdan ən fizioloji uyğun içkilər bunlardır: içməli su (ümumi minerallaşması 200-500 mq/l), mineral sular, bitki çayları (şəkərsiz, temperatur 15-20°C) və tərəvəz şirələri.
Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) tövsiyələrinə əsasən maye istehlakının əsas normaları qorunmalıdır. "Kişilər gün ərzində 2,5-3,0 litr (bunun 70-80%-i təmiz su olmalıdır) qəbul etməlidir. Qadınlar isə 2,0-2,5 litr içməlidir. 4-8 yaş uşaqlar 1,6, 9-13 yaş oğlanlar 2,1, (Qızlar isə 1,9), yeniyetmələr isə isə 2,5-3 litr içməlidir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova, deyib ki, yayda insanlarda maddələr mübadiləsinin sürəti aşağı düşür:
“Eyni zamanda havanın temperaturu yüksək olduğundan orqanizmi mayeyə daha çox tələbat duyur. Maye tələbatını ödəmək üçün yaxşı olar ki, çoxlu su qəbul edilsin. Burda da təmiz suyun qəbulu vacibdir. Təmiz su və ayran orqanizmdəki maye balansını təmin edə bilir. İsti havalarda sutkada bədən çəkisinin hər kiloqramına görə 0,30 milliqram suyun qəbulu tövsiyə olunur.
Eyni zamanda, su əvəzinə çay və kofe də qəbul oluna bilər. Ancaq bunlar ac qarnına qəbul edilməməlidir və sutkada 1-2 fincanı keçməməlidir. Çünki çayın və kofenin tərkibindəki kofein insan orqanizmindəki enerji itkisini tez bərpa eləsə də, susuzluq üçün qəbul edilən mayeni heç də əvəz etmir”.
Müsahibimizin fikrincə bitki çaylarından da istifadə olunmalıdır:
“Lakin bitkiləri seçərkən mütəxəssis rəyi nəzərə alınmalıdır. Çünki bir sıra bitkilər müalicəvi olduğuna görə orqanizmə yan təsirləri ola bilər. Nanə, kəklikotu, mixək, hil və mədədə heç bir problem yoxdursa az bir miqdarda zəncəfirdən də istifadə oluna bilər. Bu susuzluğun qarşısını almaqla yanaşı maddələr mübadiləsinin sürətini yaxşılaşdır.
Eyni zamanda yaxşı olar ki, isti günlərdə meyvə-tərəvəzlərə daha çox yer verilsin. Sutkada 4-5 ədəd tərəvəz və 2-3 meyvənin qəbulu pis olmaz. Gün ərzində 150 qram albalı, çiyələk və gilas yemək mümkündür. Təbii ki, qarpız və yemiş də yayın vazkeçilməzlərindəndir. Amma bunları qəbul edərkən miqdara da fikir vermək lazımdır”.
Surxay Atakişiyev, Bizim.Media