AZ

Nə qədər ki, Tramp Ağ Evdədir: “Zəngəzur dəhlizini işə salmaq lazımdır” 

“Vaşinqtonda liderlərin ortaq mətbuat konfransında səsləndirilən suallar içərisində “İmzalanan ortaq bəyanatdan geri dönüş mümkündürmü?” diqqətimi cəlb etdi. Prezident İlham Əliyev geri dönüşü istisna etdiyini bildirdi. Dövlət başçısı sözlərinə onu da əlavə etdi ki, liderlər geri dönüş barədə düşünsəydilər Vaşinqtonda toplanıb ortaq bəyanata imza atmazdılar, həm də ortada dünyanın super dövlətinin başçısının imzası və reputasiyası var”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, buna baxmayaraq, ortaq bəyanatda vurğulanan bəndlərin sürətlə yerinə yetirilməsində fayda var:

“Trampın Prezidentlik müddətinin bitiminə təxminən 3 il 6 ay qalıb. O, növbəti dəfə namizədliyini irəli sürməyəcəyini bildirib. Gələcək prezident seçkisində Trampın rəqibləri olan Demokratlar Partiyasının namizədinin seçilmək şansı ola bilər. Trampdan sonra Ağ Evdə Co Bayden və Kamala Harris kimi demokrat birisi yerləşərsə, yeni prezident özündən əvvəlkinin imzaladığı anlaşmalara sadiq qalacaqmı? Çünki siyasi tarixdən də bəllidir ki, bəzən imzalanan sazişlərin yerinə yetirilməsində maneələr çıxır, kənar oyunçular gedişatı pozmağa çalışırlar. Ona görə də nə qədər ki, Tramp Ağ Evdədir, ABŞ şirkətinin iştirakı ilə təsis olunacaq konsorsiumun Zəngəzur dəhlizini inşa edib işə salması və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması lazımdır”. 

Onun sözlərinə görə, bu iki məsələnin həlli Ermənistanın Baş naziri Nikol Paşinyandan asılıdır:

“Prosesin uzanmasının ona faydadan çox zərəri var. Bu iki məsələ həll olunandan sonra ABŞ-də gələcəkdə kimin prezident olmasının əhəmiyyəti qalmayacaq. Sülh və dəhliz olandan sonra Azərbaycan və Türkiyənin Cənubi Qafqazdakı proseslərə təsirləri daha da artacaq”.

Seçilən
11
50
cebheinfo.az

10Mənbələr