AZ

Deputat: Vaşinqtonda müasir Azərbaycan tarixinə növbəti uğur salnamasi yazıldı

BAKI, 10 avqust. Teleqraf.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Vaşinqtona səfəri tarixi əhəmiyyət kəsb edib. Bu səfər sözsüz ki, Azərbaycan-ABŞ əlaqələrində yeni bir dövrün başlanğıcı hesab edilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, səmimi ortamda aparılan müzakirələr Azərbaycan Liderinə olan hörmət əlaqələrin yeni dönəm üçün inkişafını özündə əks etdirən mühüm əlamətlərdən idi.

Bu sözləri Teleqraf-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O, Azərbaycan Prezidentinin Amerika səfərinin iki mühüm istiqamət üzərində qurulduğuna diqqət çəkib: “Təbii ki, bu səfərdə Azərbaycan-ABŞ ikitərəfli əlaqələri və Azərbaycan-Ermənistan sülh gündəliyi əsas müzakirə mövzualarından idi. Bakı-Vaşinqton münasibətlərinin indiki səviyyəsi ölkəmizin başçısının ortaya qoymuş olduğu iradəyə əsaslanır. 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəklədiyini ifadə etmişdi. Həmçinin Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi dövründə ABŞ-in heç bir müharibəni başlatmadığını, onun ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini bildirib. Sözsüz ki, D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi baş tutdu. Bu mənada Prezident İlham Əliyevin Amerikaya səfəri fonunda ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. Eyni zamanda Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı. Bu məlum “akt” torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanun qəbul etmişdi. Təəsüf ki, ABŞ-in sabiq prezidenti və dövlət katibi Cozef Bayden və Entoni Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına “907 saylı” düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təziq vasitəsi kimi istifadə etməyə çalışırdılar. Məhz Azərbaycan Prezidentinin böyük uğurla və məharətlə həyata keçirdiyi siyasət nəticəsində ölkəmizə qarşı olan bu qadağalar da aradan qaldırılmış oldu”.

Deputat səfər çərçivəsində Azərbaycan-Ermənistan sülh gündəliyinə dair əldə edilən razılaşmaların da mahiyyətinə toxunub: “ABŞ Prezidenti D.Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir N.Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı. Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Bunlar Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi və Ermənistan konstitusiyasina dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı idi. Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqləndi. Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Yəni, yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur”.

Sevinc Hüseynova Vaşinqton görüşlərində Zəngəzur dəhlizinə dair əldə edilən razılaşmanın da tarixi xarakterinə diqqət çəkib: “Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Bu gün dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır. Vaşinqtonda həmçinin Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanıb. Prezident D.Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq. Vaşinqtonda baş vermiş daha bir tarixi hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Sözsüz ki, paraflanma hələ sülh müqaviləsinin imzalanması demək deyil. Bununla belə bu istiqamətdə ciddi addımdır. Prezident İlham Əliyevin Vaşinqton səfəri, imzalanan birgə sənədlər Azərbaycan tarixinə növbəti siyasi, diplomatik uğurdur. Bununla da ölkəmiz birlik tərəfindən özünün bütün haqqlarının tərənnümunə nail oldu”.

Seçilən
50
50
teleqraf.com

10Mənbələr