İsrail əsgərləri Suriyanın cənubundakı Əl-Kuneytra əyalətində bir neçə kəndə daxil olaraq orada nəzarət-buraxılış məntəqələri qurublar.
Bizim.Media xəbər verir ki, məlumatı Suriyanın SANA agentliyi yayıb. Bildirilir ki, "İsrail qüvvələri Əl-Kuneytra əyalətinin mərkəzi və cənub bölgələrində bir neçə kənd və qəsəbəyə daxil olub, nəzarət-buraxılış məntəqələri yaradıb və dinc əhali arasında axtarışlar aparıb".
Xüsusilə, beş hərbi maşından ibarət kolon İsrailin əlində olan Qolan təpələri ilə sərhəddə yerləşən Ər-Rafid şəhərinə daxil olub. Digər bir kolon vilayətin mərkəzi hissəsində, Dəməşqdən 70 km aralıda yerləşən Ruveyhinə kəndinə doğru irəliləyib, bir neçə saat sonra geri çəkilib.
Qeyd edək ki, iyulun 26-da Parisdə ABŞ-ın vasitəçiliyi ilə Suriya və İsrail nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Dəməşqdəki diplomatik mənbənin məlumatına görə, tərəflər Qolan təpələrində İsrail və Suriya qüvvələrinin döyüşdən çıxarılmasına dair 1974-cü il müqaviləsinin yenilənməsi imkanlarını müzakirə ediblər.
Onun sözlərinə görə, Suriya tərəfi "İsrail qoşunlarının son zamanlar irəlilədikləri mövqelərdən dərhal çıxarılması" tələbini irəli sürüb.
Bizim.Media