Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Ukrayna arasında “ərazi sazişi”nin bağlanması təklifini tənqid edərək, bu təşəbbüsü Krım ssenarisini təkrarlamaq cəhdi adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə o, axşam çıxışında bildirib.
Dövlət başçısının sözlərinə görə, Krımın Rusiya tərəfindən ilhaqına beynəlxalq reaksiyanın olmaması Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin işğalına səbəb olub. Onun sözlərinə görə,Ukrayna sərhədlərində qoşunların cəmləşdirilməsinə görə profilaktik cəzanın olmaması genişmiqyaslı işğalla nəticələnib.
Zelenskinin sözlərinə görə, Rusiya tərəfi Xerson vilayətinin cənubu, Zaporojye, Luqansk vilayəti, Donetsk və Krımın ələ keçirilməsinə görə bağışlanmaq istəyir.
"Ukrayna ölkənin ikinci dəfə bölünməsinə imkan verməyəcək, çünki Rusiyanı tanıyaraq demək olar: harada ikinci varsa, orada üçüncü də olacaq", - o bildirib.