2025/2026-cı tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bakalavriat və magistratura səviyyələrində illik təhsil haqqı artırılıb. Magistratura səviyyəsində MBA proqramının ixtisaslaşmaları üzrə təhsil haqqı 2500 AZN-dən 2700 AZN-ə, bakalavriat və magistratura səviyyələrində təhsil haqqı məbləği 2300 AZN-dən 2400 AZN-ə qaldırılıb. Artım yeni tədris ilində ADPU-ya qəbul olan tələbələrə şamil olunacaq.
Ali təhsil müəssisələri təhsil haqqının artırılmasını dəyişən sosial-iqtisadi tələblər, təhsil xidmətlərinin maya dəyərinin artması ilə izah edirlər. Valideyn və tələbələr isə artımdan narahatdırlar.
Biz də bəzi dövlət və özəl ali məktəblər arasında sorğu keçirərək 2025/2026-cı tədris ilində təhsil haqlarının artıb-artmayacağı və hazırkı təhsil haqları ilə maraqlandıq.
BDU-da təhsil haqlarında əhəmiyyətli dəyişiklik nəzərdə tutulmur
Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Namazova sorğumuza cavab olaraq bildirdi ki, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb: “Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədi ilə qəbul edilib. Eyni zamanda, qeyd edirik ki, hazırda Bakı Dövlət Universitetinə qəbul olunan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır”.
ADA Universitetinin mətbuat xidmətindən bildirildi ki, universitetdə təhsil haqqında artım gözlənilmir: “ADA-da ən aşağı ödənişli ixtisas Qazaxda tədris olunan Təlim və tədrisin metodikası üzrə magistr proqramıdır ki, təhsil haqqı 2500 AZN təşkil edir. Ən yüksək ödənişli ixtisas isə Biznesin idarəedilməsi üzrə magistr proqramıdır - 8.500 AZN”.
Qeyd edək ki, ADA Universiteti bu ildən I və II qrupun bəzi ixtisasları üzrə dövlət sifarişi əsasında tələbə qəbulu aparacaq. Bu qruplar üzrə ümumilikdə 180 yer ayrılıb.

Tibb ixtisası 6500 AZN, stomatologiya 6000 AZN
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən verilən məlumata görə, ödənişli təhsildə ixtisaslar üzrə təhsil haqqı aşağıdakı kimi müəyyənləşdirilib: “Tibb ixtisası üçün 6500 AZN, stomatologiya ixtisası üçün 6000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5000 AZN olaraq dəyişdirilib”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən sorğumuza “təhsil haqlarının ilə bağlı məlumatı tədris ili başlayandan sonra biləcəyik. Hazırda konkret söz deyə bilmərik”, - deyə cavab verildi. Təhsil haqları isə bakalavr səviyyəsi üçün 2000-2500, magistratura səviyyəsi üçün 2500-3000 AZN arasında dəyişir.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirdi ki, onlarda təhsil haqqı ötən il olduğu kimi qalır. AzTU-da ixtisaslar üzrə ən aşağı təhsil haqqı 1900 AZN, ən yüksək təhsil haqqı isə 2200 AZN-dir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də (ADMİU) yeni tədris ili üçün heç bir ixtisas üzrə təhsil haqqı artımı nəzərdə tutulmayıb. Universitetin mətbuat katibi Şəhanə Müşfiqin sözlərinə görə, bütün ixtisaslar üzrə təhsil haqları sabit qalıb: “Universitetdə “ən aşağı” və “ən yuxarı” ayırımı yoxdur. Bütün ixtisaslar üzrə ödəniş eynidir”.