AZ

"Vaşinqtonda imzalanan Birgə Bəyannamə İlham Əliyevin növbəti parlaq qələbəsidir" - Deputat

"Bu gün Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bu statusunu gündən-günə daha da genişləndirən Azərbaycanın ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Qarşılıqlı etimada böyük önəm verən Azərbaycan dövləti xarici siyasətinin dəyişməz prinsipləri ilə daim dünyanın diqqətindədir. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında bərabərhüquqlu münasibətlər qurur".

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

"Bu baxımdan Prezident İlham Əliyevin  ABŞ-a səfəri  həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində də  xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşən səfər tarixi xarakter daşıyır.  Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir.  Tarixə nəzər salsaq görərik ki, Donald Trampın birinci prezidentliyi dövründə də Azərbaycan-Amerika münasibətlərinin yüksələn xətlə inkişafı əsas prioritetlər sırasında idi. Xüsusilə Ağ Evin indiki sahibinin  ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq terrorizmə qrşı mübarizə kimi sahələrdə maraqların üst-üstə düşməsi bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirir.

Hələ 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda Birləşmiş Ştatlardakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Azərbaycan dövlətinin başçısı  İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdi. Dövlət başçısı İlham Əliyevin ötən ay Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycan-ABŞ münasibətləri ilə bağlı səsələndirdiyi fikirləri ABŞ Prezidenti Donald Trampın özünün sosial media platformasında paylaşması əslində iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoymaqda olduğuna dair mühüm mesaj idi. ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasındakı səhifəsində Prezident İlham Əliyevin həmin çıxışı ilə bağlı dünən növbəti dəfə paylaşım etməsi Birləşmiş Ştatların dövlət başçısının Azərbaycan liderinə dərin hörmətinin nümunəsi və artıq münasibətlərin yeni mərhələyə keçdiyinin göstəricisi idi.  Əminliklə söyləmək olar ki, bu səfərin nəticələrinə əsasən ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalandı. Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Amerika  texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, Birləşmiş Ştatların iqtisadi fəallığı deməkdir.  Səfər, həmçinin iki ölkə lideri arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na “907”ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması ilə əlamətdar oldu. Azərbaycan-Amerika münasibətlərində keçmişin mənfi mirası olan “907”ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması son dərəcə əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana Amerika tərəfindən  dövlət yardımının göstərilməsini qadağan edən ədalətsiz qanunu qəbul etmişdi.  Bayden-Blinken Administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına “907” saylı düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı. Ümumiyyətlə, Bayden-Blinken Administrasiyasının məqsədi Azərbaycan qaralamaq, gözdən salmaq idi.  Bu cütlük ölkəmizin Qarabağ iqtisadi rayonunda uğurlu  antiterror əməliyyatından sonra Azərbaycandan rəsmi nümayəndə heyətinin səfərlərini təxirə salmışdı. Hətta Azərbaycana qarşı sanksiyalar barədə düşünənlər də var idi. Lakin Azərbaycan bütün bu təzyiqlərin qarşısında sınmadı, ləyaqətini itirmədi, milli maraqlarından bir addım da geri  çəkilmədi. Bu siyasətin nəticəsi olaraq dünən ABŞ Prezidenti tərəfindən “907”ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalandı.

Sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Paraflanma hələ sülh müqaviləsinin imzalanması demək deyil. Bununla belə bu istiqamətdə ciddi addımdır.  ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.  Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstdə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olundu.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Prezident İlham Əliyevin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə, həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Beləliklə, Zəngəzur dəhlizi reallaşır. Təxminən 5 ilə qədərdir ki, Ermənistanın məsələni yubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə - Zəngəzur dəhlizinin açılmasına nail olur. “Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir", - deyə deputat bildirib.

Seçilən
13
50
unikal.az

10Mənbələr