AZ

Azərbaycanın və ABŞ-ın prezidentlərinin, Ermənistanın Baş nazirinin Ağ Evdə mətbuata BƏYANATI - TAM MƏTN

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər.

 

Pravda.az xəbər verir ki, əvvəlcə ABŞ Prezidenti mətbuata bəyanatla çıxış etdi.

 

Prezident Donald Trampın bəyanatı

 

-Təşəkkür edirəm, böyük şərəfdir, minnətdaram.

 

Otuz beş il idi ki, müharibə idi, indi isə onlar dostdurlar və onlar uzunmüddətli perspektivdə dost qalacaqlar. Böyük şərəflə sizi burada - Ağ Evdə salamlayıram. Azərbaycan və Ermənistan arasında tarixi xarakter daşıyan sülh sammitinə xoş gəlmisiniz. Əlbəttə ki, bu sözləri böyük məmnuniyyət hissi ilə söyləyirəm. Bu insanlar - iki böyük lider - Baş nazir Paşinyan və Prezident Əliyev burada bərabər iştirak edirlər. Hər ikisinə təşəkkürümü bildirirəm ki, onlar bu Bəyannaməni - həqiqətən də çox önəmli bir sənədi burada - Vaşinqtonda imzalayacaqlar. Onlar hər zaman fikirləşirdilər ki, bu, mümkün deyil, amma bu gün mümkündür. Eyni zamanda, Dövlət katibi Marko Rubioya minnətdarlığımı bildirirəm. Həmçinin xüsusi nümayəndə Stiv Uitkoffa və Dövlət Departamentinin bütün digər komanda üzvlərinə minnətdaram. Çox sağ olun. Eyni zamanda, sizin ölkələrinizin nümayəndə heyətləri də bu gün burada iştirak edirlər. Ciddi şəkildə diplomatik səylər nümayiş etdirərək böyük nailiyyətlərə imza atmışıq.

 

Bəli, 35 il idi ki, Ermənistan və Azərbaycan müharibə şəraitində və böyük bir münaqişə içində idilər. Bu münaqişə hər iki dövlətə illər ərzində böyük ziyan vurmuşdur və onlar çıxış yolu axtarırdılar. Eyni zamanda, Avropa İttifaqı, ruslar da bu istiqamətdə ciddi şəkildə iş görüblər. Amma alınmadı. Bütün günü yuxulu olan Co Bayden də cəhd elədi, ancaq o da bunu bacarmadı, alınmadı. Digər komandalar, digər dövlətlər də buna cəhd etdilər. Amma alınmadı. Bu dəfə isə biz ABŞ olaraq çox böyük sənədlər silsiləsinə imza atdıq və onlar da həmin sazişin tərkib hissəsi olacaq.

 

Ermənistan və Azərbaycan ticarətə başlamaq, diplomatik münasibətləri bərpa etmək, suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq şərti ilə fəaliyyət göstərəcəklər. Hər iki rəhbər, əslində, tez-tez görüşmürdü. Amma məncə, siz hər ikiniz bu görüşdə yaxşı münasibətlər qurdunuz, eyni zamanda, danışıqlarda. Bəyannamədə də qeyd olunur ki, - əslində, bu, mənim üçün böyük şərəfdir, - məhz Tramp marşrutu - sülh və rifah marşrutu Ermənistanın suverenliyinə hörmətlə yanaşaraq Azərbaycanın, eyni zamanda, Naxçıvan ərazisinə tam çıxışını təmin edəcək. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” vasitəsilə buna nail olacaqlar. Hər iki dövlət bunun üzərində çalışacaq. Çox önəmli bir ərazidir, xüsusilə hər ikiniz üçün mühüm bir ərazidir. Eyni zamanda, Ermənistan da bu dəhlizi inkişaf etdirmək üçün ABŞ ilə müstəsna əməkdaşlığa imza atır. Onlar söz verirlər ki, 99 il ərzində və 99 ildən sonra da bu əməkdaşlığın müddətini uzadacaqlar. Biz də - Amerika şirkətləri də həmin əraziyə gedib orada böyük infrastruktur işləri görmək niyyətindədirlər. Onlar orada böyük pullar xərcləyəcəklər. Bu pullar, əlbəttə ki, bizim üç dövlətə fayda verəcək. Bu, bütün bölgə, region, eyni zamanda, bütün dünya üçün son dərəcə önəmli və faydalı xəbərlərdir.

 

ABŞ, eyni zamanda, hər iki ölkə ilə energetika, texnologiya, süni intellekt istiqamətində ikitərəfli münasibətlər quracaq və sazişlər imzalayacaq. Kris də burada bizim ölkəmizi təmsil edəcək. Bu işi Krisdən daha yaxşı görən adam yoxdur. Kris dediyi kimi, bu ərazilər çox məhsuldardır və bizə böyük uğur qazandıracaq.

 

Beləliklə, bu yeni istiqamətdə böyük nailiyyətlərə imza atıldı. Biz əvvəlki illərə nəzər yetirdiyimiz zaman görürük ki, yeni neft-qaz sahəsində böyük işlər görmüşük. Eyni zamanda, Azərbaycan və ABŞ arasında da böyük işlər görülüb. Xüsusən müdafiə istiqamətində böyük nailiyyətlər var. Onlar bu istiqamətdə çox məmnundurlar. Prezident olaraq mənim istəyim də bölgə və bütövlükdə dünya üçün sülhün və rifahın təmin olunmasıdır.

 

Ümid edirəm ki, bundan sonra da uğurlara nail olacağıq. Bu kontekstdə nailiyyətlərimiz çox olacaq.

 

x x x

 

Sonra Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış etdi.

 

Prezident İlham Əliyevin

bəyanatı

 

- Təşəkkür edirəm, cənab Prezident. Eyni zamanda, ilk növbədə, dəvətə görə minnətdaram. ABŞ Prezidentinin dəvətini qəbul edərək burada iştirak etmək böyük şərəfdir. Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.

 

Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, eyni zamanda, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq.

 

Cənab Prezident, Sizə təşəkkür edirəm ki, 1992-ci ildə, - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, - bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq. Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub.

 

Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı.

 

Bu gün həqiqətən də tarixi bir gündür. Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır.

 

Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik.

 

Beləliklə, mən çox sevinirəm. Əlbəttə ki, biz böyük bir tarixə imza atırıq. Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm. Bizim üçün, bölgəmiz üçün və bütün dünya üçün etdiklərinizə görə minnətdaram.

 

ABŞ Prezidenti Donald Tramp: Çox sağ olun. Neçə ildir prezidentsiniz?

 

Azərbaycan Prezidenti İlham Əliyev: 22 ildir ki, prezident vəzifəsini icra edirəm.

 

ABŞ Prezidenti Donald Tramp: Əlbəttə ki, böyük işlərdir, böyük nailiyyətlərdir və bu işdə əməyiniz təqdirəlayiqdir. Təşəkkür edirəm. Buyurun.

 

X X X

 

Daha sonra Ermənistanın Baş naziri bəyanatla çıxış etdi.

 

Baş nazir Nikol Paşinyanın

bəyanatı

 

- Təşəkkür edirəm, cənab Prezident.

 

Xanımlar və cənablar.

 

Bu gün biz, həqiqətən də Ermənistan-Azərbaycan ikitərəfli münasibətləri baxımından fundamental bir mərhələyə qədəm qoyuruq və keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu mərhələ Prezident Trampın şəxsən cəlb edilməsi və bu prosesdə iştirakı olmadan mümkün olmazdı. Beləliklə, sülh sazişinin hazırlanması və imzalanması nəticə etibarilə iki ölkə arasında yeni bir mərhələnin açılması və ölkələrimiz arasında suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının bir başlanğıcıdır. Prezident Tramp da şəxsən bugünkü Bəyannaməyə imza atacaq. Əlbəttə ki, bu sözlərlə və bu iştirakla biz tariximizin yeni fəslinə başlayırıq. Cənubi Qafqazda sülh, əmin-amanlıq, iqtisadi əməkdaşlıq və inkişaf baş verəcəkdir.

 

Beləliklə, eyni zamanda, bu sənəd kommunikasiya və nəqliyyat kontekstində bizim bölgəmizdə məhz suverenlik, ərazi bütövlüyü və hüquqi səlahiyyət baxımından da önəmli təşəbbüsdür. ABŞ və Ermənistan bu kontekstdə “Beynəlxalq Sülh və Rifah naminə Trampın Marşrutu”nun tamamlanması və icra olunması kontekstində bir yerdə bərabər çalışacaq. İqtisadi imkanların artırılmasında, eyni zamanda, infrastruktura sərmayələrin qoyulmasında, regional əlaqələrin qurulmasında, həmçinin münaqişələrin həllində iştirak edən bir ölkə olaraq ABŞ rəhbərliyinin liderliyi bu kontekstdə onun önəmini daha da artıracaq.

 

Prezident Trampa təşəkkür edirəm, Azərbaycan ilə Ermənistan arasındakı münaqişəyə son qoyulması kontekstində Sizə minnətdaram. Bu, həqiqətən də tarixi bir gündür. Bu, bizim ölkələrimiz arasında və bizim üçün bir uğurdur, regionumuz üçün uğurdur. Dünya da bundan qazanacaq. Çünki sülh içində yaşayan bir region və dünya daha rifahlı və bərabər bir dünya deməkdir.

 

Cənab Prezident, bugünkü böyük nailiyyətlər Sizin qlobal liderliyinizin əyani təzahürüdür və onun bariz nümunəsidir. Sülh qurucusu olaraq rolunuz danılmazdır. Beləliklə, sülhün bərqərar olunması üçün siyasi iradə, öhdəlik və cəsurluq lazımdır. Burada ən önəmli məqam odur ki, həqiqətən də məhz bu məqsədə inanmaq lazımdır. Müqəddəs “İncil”də qeyd olunan kimi, Tanrı sülh yaradan insanları müqəddəs eləsin və biz həm Sizə cənab Prezident Əliyev, həm cənab Trampa, həm də digər həmkarlara - Ermənistandan, Azərbaycandan, ABŞ-dan olan bütün həmkarlara və bizim bölgəmizin bütün xalqlarına, bizim ölkələrimizin xalqlarına, əhalimizə təşəkkürümüzü bildirirəm və təbrik edirəm. Öncə də qeyd etdiyim kimi, bu, həqiqi mənada dünyanı daha yaxşı bir məkana çevirəcəkdir.

 

x x x

 

ABŞ Prezidenti Donald Tramp: Bir daha təşəkkür edirəm. Həqiqətən də bizim hər birimiz üçün çox əlamətdar gündür. Yəni, ağrı-acıları, fəlakətləri geridə qoyaraq bu gün uğuru qeyd edirik. Bu, böyük nailiyyətdir, hər iki liderin nailiyyətidir. Ötən 35 ildə nə qədər insan qətlə yetirilib, indi isə bizi böyük sülh gözləyir. Mən, əlbəttə ki, bu sülhü səbirsizliklə gözləyirəm. Bu, hər birimiz üçün böyük nailiyyətdir. Mən sizi səmimi-qəlbdən təbrik edirəm. Siz həqiqətən inanılmaz liderlərsiniz və adlarınız tarixə bu şəkildə həkk olunacaq. Uzun müddətdir siz düşünürdünüz ki, artıq sülhə çatdınız, amma sonra alınmadı. Sonra digər məsələlər ortaya çıxdı və nəticə etibarilə bu, həqiqətən çox xüsusi bir gündür.

 

x x x

 

Sonra suallar cavablandırıldı.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan: Məncə, Prezident Tramp Nobel Sülh Mükafatına layiqdir və biz bu təklifi təşviq edəcəyik. Məncə, bu, açıq-aydındır. Bu gün burada olmağımız həmin nailiyyətin bariz nümunəsidir. Ümid edirəm ki, Siz bizi də həmin mərasimə dəvət edəcəksiniz.

 

ABŞ Prezidenti Donald Tramp: Hə, birinci sıralarda olacaqsınız. Narahat olmayın.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan: Biz onun tərəfdarıyıq.

 

Azərbaycan Prezidenti İlham Əliyev: Mən təklif etmək istəyirəm. Bəlkə biz Baş nazir Paşinyanla razılaşaraq birgə bir təşəbbüs də irəli sürək, Nobel Sülh Mükafatını Sülh Komitəsinə göndərək ki, cənab Tramp bu mükafata layiqdir. Müharibə içində olan iki ölkənin rəhbərləri kimi bu tarixi imzalanma mərasimində iştirak etmək həqiqətən də real bir nailiyyətdir və heç kəs bu nailiyyətə imza ata bilmirdi. Burada bir çox prezident olub. 1990-cı illərdən fəaliyyət göstərən fərqli prezidentlər olub və faktiki olaraq mənim erməni həmkarım ilə 1992-ci ildən başlayan Minsk prosesinə son qoyduq. ATƏT-in Minsk qrupu artıq 30 il idi ki, fəaliyyət göstərirdi. Bəs, indi Prezident Tramp deyilsə, bu sülh mükafatına kim layiqdir? Mən tarixə, çox qəribə qərarlara varmaq istəmirəm. Sülh Komitəsi bəzilərinə, ümumiyyətlə, həyatda bir iş görməyən adamlara bu mükafatı verib. Amma Prezident Tramp cəmi altı ay ərzində möcüzəyə imza atdı və əminəm ki, mənim Ermənistandan olan həmkarım bu təşəbbüsü dəstəkləyəcəkdir. Buradakı auditoriyada əyləşənlərin reaksiyalarına əsasən, məncə, birgə məktub tərtib edə bilərik. Ümidvaram ki, Siz də məni həmin mərasimə dəvət edəcəksiniz və məmnuniyyətlə, həmin mərasimdə iştirak edərəm.

 

ABŞ Prezidenti Donald Tramp: Təşəkkür edirəm. Çox sağ olun.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan: Əgər bir qaralama versiya varsa, ona birbaşa imza ataq, bitsin bu məsələ.

 

Azərbaycan Prezidenti İlham Əliyev: Yəni, biz artıq lazım olan sənədləri imzaladıq.

 

ABŞ Prezidenti Donald Tramp: Bu yoldaşların nailiyyətləri çox önəmli və çox yüksəkdir, onlar böyük liderlərdir və mən bu iki şəxsi bir araya gətirdim. Azərbaycan və Ermənistan gözəl ölkələrdir. Düşünmürəm ki, bundan sonra bu ölkələr geriyə addım atacaqlar. Böyük problemlər artıq həll olundu.

 

Azərbaycan Prezidenti İlham Əliyev: İcazənizlə, mən söyləmək istəyirəm ki, bu gün biz sülh sazişinə start veririk. Artıq bu proses çoxdan gedirdi. Nəyə görə bunun paraflanması burada – bir nömrəli paytaxtda, dünyada bir nömrəli ofisdə və möhtəşəm Prezidentin iştirakı ilə baş verir? Bu o deməkdir ki, burada nə şübhələr, nə başqa bir məsələlər olmamalıdır. Əgər ya Baş nazir Paşinyanın, yaxud da mənim ağlımızda geriyə addım atmaq fikirləri olsaydı, buraya gəlməzdik. Tam əmin ola bilərsiniz. Burada baş verən hadisələr sülhə, uzunmüddətli, əbədi sülhə gətirib çıxaracaqdır.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan: Üzr istəyirəm, tam razıyam, heç bir əlavəm yoxdur.

 

ABŞ Prezidenti Donald Tramp: Təşəkkür edirəm. Məncə, gözəl sözlərdir, gözəl bəyanatdır. Azərbaycan və Ermənistanla əməkdaşlıq son dərəcə önəmlidir. Mən tarixi bilirəm, materialları oxuyuram və onların həqiqətən də son illər ərzində böyük problemləri var idi. Yəni, müharibə içində yaşayırdılar. Əksər vaxtlar müharibə içində idilər. Əlbəttə, hər iki ölkənin insanları ilə tanışam. Onlar möhtəşəm insanlardır. Bu, baş verməməli idi. Düşünürəm ki, biz bu nailiyyətə daha tez imza ata bilərdik. Burada seçkiləri saxtalaşdırdılar və s. o məsələyə toxunmaq istəmirəm. Amma bəli, həqiqət odur. Əgər saxtalaşdırılmasaydı, mən burada dörd il bundan öncə olardım və dörd il bundan öncə bu sazişlər imzalana bilərdi. Amma olmadı. Bayden administrasiyası bu kontekstdə demək olar ki, heç nə, sıfır, heç bir şey etmədi. Onlar, ümumiyyətlə, heç bir iş görmürdülər. Baxın, solumda və sağımda əyləşən bu yoldaşlar çox ağıllıdırlar, çox müdrikdirlər. Düşünürəm ki, onlar, sadəcə olaraq, heç mənə zəng etməyəcəklər, özləri öz aralarında həll edəcəklər. Biz artıq sülh sazişinə çox yaxınıq. Bu, müvəqqəti bir şey deyil. Onlar ticarət edəcəklər, ABŞ ilə əlaqələr quracaqlar. Mən həmişə onların ağıllı, müdrik və peşəkar olduqlarını xatırlayacağam. Biz də 100 faiz tam şəkildə özümüzü buna həsr edəcəyik ki, bu, alınsın. Onlar həqiqətən də böyük iş gördülər, böyük cəsarətlə və ürəklə davrandılar. Çox mürəkkəb, çox qəliz bir bölgədən gəliblər. Onlar çox ağıllı, çox güclü və böyük enerjili liderlərdir.

 

Beləliklə, mən həyatları xilas etməyi xoşlayıram. Həyatları xilas edəndə, əlbəttə ki, sən daha sülh içində yaşayan bir dünyaya malik olursan. Bax, bu iki liderə təşəkkür edirəm. Onların cəsarəti və adları tarixə həkk olunacaq və bu istiqamətdə iş görmək, əlbəttə ki, böyük şərəfdir. Təşəkkür edirəm.

Tarix: 9 Avqust 2025, 11:41   
Seçilən
36
2
pravda.az

10Mənbələr