AZ

Azərbaycanda borclu əhalinin vəziyyətini yaxşılaşdırmağa doğru işlər başladı...


Aparılan hesablamalar göstərir ki, cari il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 527,4 milyon manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 3,8 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 %, son 1 ildə isə 16,75 % artıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət mayın sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il iyunun sonuna isə 1,7 % olub. Belə ki, ötən ilin sonunda Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 451,7 milyon manat olub. Millət vəkili Vüqar Bayramov qeyd edir ki, baş verənlər fonunda Mərkəzi Bank istehlak kredit kartları üzrə borclanma ilə bağlı tənzimləyici çərçivəni dəyişib. Bankın yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması ,və eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədi ilə aparıldığı bildirilib. Ekspert qaydalara niyə ehtiyac olduğunu aydınlaşdırıb: "Müşahidələr göstərir ki, son dövrlər istehlak kreditləri üzrə yubanmaların səbəblərindən biri də kartlarda müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xətlərinin açılması və eləcə də yubanmalar üçün izah edilə bilməyən yüksək cərimə faizlərinin hesablanması ilə bağlıdır. Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə 475 milyon manat idisə, bu göstərici ilin yarısında 527 milyon manatadək yüksəlib. Yəni bu ilin ilk yarısında problemli kreditlərin həcmi 10 faizdən çox artıb. Həmin dövrdə ümumi kredit portfeli 24 milyard 890 milyon manatdan 25 milyard 991 milyon manatadək yüksəlib. Bu, o deməkdir ki, həmin müddətdə kredit portfeli cəmi 4.4 faiz artıb. Bu həm də o deməkdir ki, problemli kreditlərin həcmi ümumi kredit portfeli ilə müqayisədə 2 bənd daha çox artıb. Bu isə bank sektoru üçün heç də yaxşı dinamika hesab oluna bilməz. Bir tərəfdən də əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artıması müşahidə olunurdu. Təbii ki, bütün bunlar fonunda kredit xətlərinin açılması üçün yeni meyarların müəyyənləşdirilməsinə ehtiyac var idi. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Mərkəzi Bank hesab edir ki, bununla banklar preventiv olaraq risklərin qarşısını ala bilərlər. Bununla yanaşı, dəyişiklərə əsasən nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır. Yəni əgər vətəndaşın xalis gəliri min manatdırsa, onun kredit xətti, yəni kart vasitəsi ilə borclanması 5 min manatdan çox ola bilməz. Təbii ki, vətəndaşın digər borc öhdəlikləri varsa, o da nəzərə alınacaq. Amma əgər, borclanma nağdıdırsa və təmin olunubsa o zaman bu qaydalar istisna edilir".

Onun sözlərinə görə, digər qaydaya əsasən, overdraft limitləri kredit xətləri anlayışına daxil edilərək istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalının 40% müəyyən edilməsidir: "İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcəkdir. Aydınlıq üçün qeyd edək ki, overdraft xidməti ilə kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bütövlükdə, vəsaitə ehtiyacı olan borcalan tərəfindən istifadə edilə bilən kreditdir. Nəzərə almaq lazımdır ki, bir sıra banklar overdraft xidmətindən istifadə edərək yüksək faizlər ilə bəzi kart sahibləri üçün izafi maliyyə yükü yaradırlar. Bu baxımdan, bu istiqamətdə təkmilləşdirmələrin davam etməsinə ehtiyac var. Bütövlükdə, Mərkəzi Bankın yeni qaydaları təqdirəlayiqdir və vətəndaşların izafi borclanmasını azalda bilər, amma təbii ki, bu istiqamətdə tənizmləmələrin daha da dərinləşdirilməsi prioritet olaraq qalmaqdadır".Bu fonda onu da qeyd edək ki, Azərbaycanda istehlak kreditlərinin sürətli artımı müşahidə olunur. Bu da problemli kreditlər üçün əlavə təhdid yaradır. Azərbaycan banklarının 2025-ci ilin ikinci rübünün sonuna əhaliyə verdiyi istehlak kreditləri həcmi ilin əvvəli ilə müqayisədə 5.4 faiz artım göstərərək 8 milyard 898 milyon manata yüksəlib. Mərkəzi Bank isə istehlak kredit kartları ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib. Onun apardığı təhlilərə görə, son dövrlərdə istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilib. Vurğulandığına görə, bu tendensiya əhalinin sərəncamında qalan gəlirlərində müsbət artım fonunda olsa da, borc yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub. Qurum bildirib ki, istehlak kredit kartları üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması üçün tənzimləyici çərçivəni gücləndirib. Eyni zamanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqinə başlanıb. Bu proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra Mərkəzi Bank tərəfindən təqdim olunan maliyyə aləti ilə zəmanət olunmalıdır. Daha əvvəl Mərkəzi Bankın İdarə Heyətinin qərarları ilə bank olmayan kredit təşkilatlarının fəaliyyəti üzrə iki yeni normativ sənəd – "Fəaliyyətin prudensial tənzimlənməsi Qaydası" və "Kredit risqlərinin idarə edilməsi Qaydası" qüvvəyə minib.Yeni tələblərə əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan BOKT-lər üçün nizamnamə kapitalı və ümumi kapitalın minimum həddi 1 milyon manat, qeyri-kommersiya hüquqi şəxslər üçün isə 100 min manat müəyyən edilib. Bu dəyişikliklərin BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədi ilə atıldığı açıqlanıb.

Ramil QULİYEV

Seçilən
39
2
baki-xeber.com

10Mənbələr