"ChatGPT" süni intellekti qəribə və yalan ifadələr verməyə başlayıb ki, bu da istifadəçilərdə təşviş yaradıb.
Bu barədə ABŞ-nin "The Wall Street Journal" qəzeti 2023-cü ilin mayından 2025-ci ilin avqustuna qədər olan yazışmaların arxivini təhlil edərək yazıb.
Dialoqların birində ABŞ-nin Oklahoma ştatında yanacaqdoldurma məntəqəsinin işçisi olan kişi "ChatGPT" ilə "Orion tənlikləri" konsepsiyasını müzakirə etmək qərarına gəlib. Bundan sonra kişi etiraf edib ki, dialoqdan sonra narahatlıq hiss edib. Başqa bir yazışmada çatbot yadplanetlilərlə əlaqə saxladığını iddia edib və istifadəçini Lira planetindən olan "Ulduz toxumu" adlandırıb.
Psixiatrlar belə fenomeni "süni intellekt psixozu" və ya "süni intellektin sayıqlaması" adlandırırlar.
Məqalədə qeyd olunub ki, istifadəçilər yazışmalar zamanı süni intellektin təsirinə məruz qalırlar, ən fantastik baxışların belə təsdiqini tapırlar və bu da onların yanlış düşüncələrini gücləndirir.
Danimarkadakı Orhus Universitetindən olan psixiatr Seren Dinesen Esterqor, həmçinin xəbərdarlıq edib ki, çatbotlarla ünsiyyət psixi pozğunluqların inkişafına səbəb ola bilər. İstifadəçilərin çoxu fövqəltəbii bacarıqlara malik olduqlarına, xüsusi missiya üçün seçildiklərinə və ya çatbotun "onlarla gizli dialoq apardığına" inanmağa başlayıblar.