Mətbuat, söz və ifadə azadlığı demokratik cəmiyyətin əsas təməllərindən olduğuna görə onlarla bağlı hüquqi münasibətlərin Konstitusiya ilə tənzimlənməsi və qorunması zəruridir. Bu azadlıqlar sadəcə fərdi hüquqlar deyil, həm də ictimai maraqlara xidmət edən, idarəetmədə şəffaflıq yaradan və cəmiyyətin inkişafına yönələn əsas prinsiplərdir. Mətbuat, söz və ifadə azadlığının Konstitusiya ilə tənzimlənməsi onların dövlət tərəfindən tanınması və qorunmasına, demokratiyanın dayanıqlı inkişafına zəmin yaradır, eyni zamanda cəmiyyətin məlumatlı, iştirakçı və cavabdeh olmasını təşviq edir. Bütün bunlar isə sadəcə hüquqi məsələ deyil, dövlətin mahiyyəti və legitimliyi ilə bağlı əsas prinsiplərdəndir.
Mütərəqqi yanaşma
Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi - referendum əsasında qəbul olunan və bu il qəbulundan 30 il ötən Azərbaycan Respublikası Konstitusiyasında da bu məsələlər ən mütərəqqi beynəlxalq təcrübələrə uyğun şəkildə təsbit olunmuşdur.
Əsas Qanunumuzda mətbuatla bağlı məsələlər birbaşa və ya dolayısı ilə bir sıra müddəalarda əksini tapmışdır. Bu müddəalar mətbuat azadlığının hüquqi əsaslarını, onun dövlət müdaxiləsindən kənar fəaliyyətini və senzurasızlığını təmin edir. Azərbaycan Respublikası Konstitusiyasının məlumat azadlığı ilə bağlı 50-ci maddəsində həm mətbuat, həm də ümumilikdə informasiya azadlığı ehtiva olunmuşdur. Maddədə göstərilir ki, hər kəsin qanuni yolla məlumat almaq, onu axtarmaq, əldə etmək və yaymaq hüququ vardır.
Bu müddəa jurnalistlərin, redaksiyaların, media qurumlarının hər hansı maneəsiz informasiya əldə etmək və yaymaq fəaliyyətini birbaşa təmin edir. Maddənin II hissəsində isə ölkəmizdə kütləvi informasiya vasitələrinin azad olduğu, senzuranın qadağan edildiyi öz əksini tapmışdır. Bu da Azərbaycan Respublikası Konstitusiyasında mətbuat azadlığı ilə bağlı əsas prinsiplərdəndir. Belə ki, dövlət orqanlarının mətbuatın məzmununa müdaxiləsinə, yayılacaq məlumatların əvvəlcədən yoxlanaraq onlara senzura tətbiq olunmasına qadağa qoyulur. Kütləvi informasiya vasitələrinin, o cümlədən qəzet və jurnalların, televiziya və radio qurumlarının, internet medianın və s. fəaliyyətində müstəqillik təmin edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində isə fikir və söz azadlığı ilə bağlı müddəalar öz ifadəsini tapmışdır. Bu baxımdan 47-ci maddə də mətbuat azadlığının əsas təməllərindəndir. Çünki mətbuat fikir və söz azadlığının əsas ifadə vasitələrindəndir.
Mətbuat azadlığı hər nə qədər geniş sərhədlərə malik olsa belə bu sərhədlər heç bir halda hüdudsuz da deyildir. Dünyanın bütün demokratik ölkələrində mətbuatla bağlı sosial məsuliyyət normaları qorunur və bu sahədə azadlıqlardan sui-istifadə hallarının qarşısını almaqdan ötrü müvafiq normalar tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasında da bu məsələlər dəqiq şəkildə öz ifadəsini tapmış, Əsas Qanunun 71-ci maddəsində hüquq və azadlıqların məhdudlaşdırılması ilə bağlı müəyyən müddəalar təsbit olunmuşdur.
Konstitusion normalara görə ölkəmizdə mətbuat, söz, ifadə azadlıqları ilə bağlı hüquqların məhdudlaşdırılmasına yalnız qanunla və demokratik cəmiyyətin maraqlarına uyğun müvafiq hallarda, yəni ölkənin milli təhlükəsizliyi, ictimai asayiş, əxlaqi-etik normalarının, başqalarının hüquq və azadlıqlarının qorunması və sairə bu kimi hallarda yol verilir. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərə alınmış bütün bu müddəalar beynəlxalq insan hüquqları normalarına tam uyğundur.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonra 1998-ci ildə ölkəmizdə senzura tam ləğv edilmiş, 1999-cu ildə qəbul edilərək qüvvəyə minmiş "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə kütləvi informasiya vasitələrinin dövlət qeydiyyatı, fəaliyyəti daha da sadələşdirilmiş, Azərbaycanda yüzlərlə yeni media qurumu yaradılaraq uğurla fəaliyyətə başlamışdır. Bu gün də ölkəmizdə yüzlərlə media qurumu fəaliyyət göstərir, onlar cəmiyyət həyatının ən müxtəlif sferaları ilə bağlı informasiyalar əldə edir, yayır, insanların məlumatlandırılmasına xidmət edirlər. Azərbaycanda internet tam azaddır. Ölkə Prezidenti İlham Əliyev digər vətəndaş hüquq və azadlıqları kimi ölkəmizdə söz və ifadə azadlığının ən böyük qarantıdır.
Dövlət başçısı söz azadlığının təmin olunmasını prioritet məsələ hesab edir və bununla bağlı böyük siyasi iradə nümayiş etdirərək lazımi addımlar atır. "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur" - Prezident İlham Əliyev bildirmişdir. Və bunu demokratiyanın fundamental şərti kimi dəyərləndirmişdir. Azərbaycan mediası da ölkəmizin ümumi inkişaf proseslərinin çox əhəmiyyətli hissəsi kimi üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir, günümüzün reallıqlarını sənədləşdirərək əbədi tarixə çevirir.
Zamanın çağırışlarına uyğun təkmilləşdirmələr
Əsas Qanunumuzun dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi məqsədilə 2002, 2009, 2016-cı illərdə reallaşdırılan referendumlarda da söz və ifadə azadlığı, mətbuat azadlığı, informasiya hüquqları ilə birbaşa və ya dolayı şəkildə bağlı olan müəyyən dəyişikliklər həyata keçirilmişdir.
Belə ki, 2002-ci ildə keçirilmiş referendumda vətəndaşların məhkəməyə çıxış imkanları genişləndirilmiş, insan hüquqlarının qorunması baxımından məhkəmələrə müraciət prosedurları sadələşdirilmiş, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu təsis edilmiş, bu qurumun fəaliyyət dairəsinə ifadə və söz azadlığı ilə bağlı şikayətlərə baxılması da daxil olmuş, bütün bunlar isə ifadə azadlığı ilə bağlı birbaşa dəyişikliklər sayılmasa da, hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi ilə bu sahəyə müsbət təsirlər yaratmışdır.
2009-cu il referendumunda isə Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində hər kəsin şəxsi həyatına müdaxilənin yolverilməzliyi müddəası genişləndirilmişdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, şəxsin xəbəri olmadan və ya etirazına baxmadan izlənilməsi, video və foto çəkilişi, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyulması qadağan edilmişdir.
2016-cı ildə keçirilmiş referendumda da məlumat əldə etmək və ifadə azadlığı baxımından mühüm dəyişikliklər baş vermişdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağan edilmişdır.
Bundan başqa, göstərilmişdir ki, məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Fərdi məlumatların dairəsinin, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtlərinin də qanunla müəyyən edildiyi təsbit olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş müddəalara əsasən, 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" qanun da qəbul edilmişdir. Burada Əsas Qanunumuzun 50-ci maddəsi ilə müəyyən edilmiş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsasları göstərilmiş, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaradılmışdır.
2021-ci ildə qəbul edilmiş "Media haqqında" qanun isə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən etmişdir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalist peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Mətbuat, jurnalistika zamanın çağırışları ilə nəfəs alan ictimai təsisatdır. Azərbaycan dövlətinin bugünkü inkişafı, həm regionda, həm də qlobal məkanda oynadığı əhəmiyyətli rol, önümüzdəki böyük milli hədəflər mətbuatımız qarşısında da yeni vəzifələr qoyur. Prezident İlham Əliyev çıxışlarında bu xüsusda demişdir: "Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlğın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".
Bütün bu qeydlər də göstərir ki, Azərbaycan Respublikası Konstitusiyasında mətbuatla bağlı məsələlər medianın azadlığı, senzuranın yolverilməzliyi, informasiyanın sərbəst axtarılması və yayımı prinsipləri ilə tənzimlənir və eyni zamanda başqalarının hüquq və mənafelərinin mövcud azadlıqlardan sui-istifadə hallarından qorunması üçün sosial məsuliyyət prinsipini də öndə tutur.
Azərbaycan Respublikası Konstitusiyası söz və mətbuat azadlığını hüquqi cəhətdən qoruyur, təmin edir, real həyatda bu azadlıqlardan maksimum və məsuliyyətli istifadə üçün dəqiq mexanizmlər formalaşdırır. Bu, ölkəmizdə demokratik inkişaf proseslərinin ardıcıllığı üçün əsas hərəkətverici qüvvələrdəndir.
İradə ƏLİYEVA,
"Azərbaycan"