AZ

ABŞ nümayəndə heyəti Bakıya səfər edəcək

2025-ci il sentyabrın 4-dən 11-dək ABŞ Ticarət Departamenti Orta Dəhliz üzrə ticarət, enerji, infrastruktur və logistika sahələrini araşdırmaq məqsədilə Qazaxıstan, Azərbaycan və Gürcüstana yüksək səviyyəli biznes nümayəndə heyəti göndərəcək. Səfərin əsas məqsədi Avrasiyanın əsas nəqliyyat-logistika arteriyası olan Orta Dəhliz boyunca iqtisadi əməkdaşlığın genişləndirilməsidir.

Səfər ABŞ-Azərbaycan Ticarət Palatası, ABŞ-Gürcüstan Biznes Şurası və Qazaxıstandakı Amerika Ticarət Palatası tərəfindən ABŞ Ticarət Departamenti ilə birgə təşkil edilib.

Qazaxıstanda görüşlər və liman ziyarətləri

Səfər sentyabrın 4-də Qazaxıstanın Aktau şəhərində investisiya imkanlarının müzakirəsi ilə başlayacaq. Növbəti gün Aktau qubernatoru, ABŞ-ın müvəqqəti işlər vəkili, Qazaxıstanın ticarət, inteqrasiya və nəqliyyat nazirliklərinin rəsmiləri, Gömrük Xidmətinin rəhbərliyi və hökumət nümayəndələri ilə görüşlər keçiriləcək. Həmçinin ABŞ-ın İxrac-İdxal Bankının təqdimatı təşkil olunacaq və nümayəndə heyəti Aktau limanını ziyarət edəcək.

Sentyabrın 6-da nümayəndə heyəti quru yüklərin daşınması üzrə Sarja və neft daşımaları üzrə ixtisaslaşan Kurık limanlarına baxış keçirəcək. Həmin gün nümayiş məqsədilə bir bərə Orta Dəhliz marşrutu üzrə Bakıya göndəriləcək.

Azərbaycan proqramı: Bakı limanı, nazirliklər və biznes görüşlər

Sentyabrın 7-dən 9-dək nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Proqram çərçivəsində Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasına baxış planlaşdırılıb. Həmçinin Abşeron Logistika Mərkəzinin rəhbərliyi ilə görüş keçiriləcək.

Sentyabrın 8-də nümayəndə heyəti Azərbaycanın İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” QSC-də danışıqlar aparacaq.

Sentyabrın 9-da isə Xarici İşlər Nazirliyində brifinq, “Silk Way West Airlines” şirkətinin rəhbərliyi ilə görüş və Bakı Yük Terminalına səfər nəzərdə tutulur. Günün sonunda Azərbaycanda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə işgüzar nahar keçiriləcək.

Gürcüstanda beynəlxalq maliyyə institutları və liman operatorları ilə görüşlər

Sentyabrın 10-11-də nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində Tbilisidə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və Asiya İnkişaf Bankının nümayəndələrinin iştirakı ilə brifinq keçiriləcək. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri və digər hökumət rəsmiləri ilə işgüzar görüşlər planlaşdırılıb. Nümayəndə heyəti həmçinin Tbilisi Azad İqtisadi Zonası və Quru Limanla tanış olacaq.

Sentyabrın 11-də səfərin son günündə nümayəndələr yeni anbar kompleksi və yüngül sənaye parkını idarə edən Quadro Logistics, APM Terminals/Poti Port, Pace Group/New Poti Port, eləcə də Anaklia və Batumi limanlarının rəhbərləri ilə görüşəcəklər.

Orta Dəhliz: Qlobal ticarətdə artan strateji rol

ABŞ Ticarət Departamentinin açıqlamasına görə, səfər Amerika şirkətlərinə Qazaxıstan, Azərbaycan və Gürcüstanın milli iqtisadiyyatları, mövcud infrastruktur və logistik imkanlar barədə birbaşa məlumat toplamaq, tarif və gömrük siyasətini, transsərhəd ticarətin xüsusiyyətlərini öyrənmək imkanı yaradacaq. Bu həmçinin potensial tərəfdaşlarla əlaqələrin qurulmasına, biznes imkanlarının dəyərləndirilməsinə və beynəlxalq ticarət maneələrinin aradan qaldırılmasına şərait yaradacaq.

Orta Dəhliz Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə Xəzər dənizi üzərindən Şərqi Avropa və Aralıq dənizi regionuna birləşdirən strateji ticarət və tranzit marşrutudur. Marşrutun inkişaf etmiş liman infrastrukturu, azad iqtisadi zonaları və müasir logistika imkanları bu bölgəni Qərb şirkətləri üçün getdikcə daha cəlbedici edir. Bu səbəbdən, Orta Dəhliz üzrə əməkdaşlıq və investisiya imkanlarının araşdırılması ABŞ üçün prioritet sahəyə çevrilir.

Seçilən
8
moderator.az

1Mənbələr