AZ

OpenAI GPT-5: süni intellektdə yeni mərhələ

Amerikanın OpenAI şirkəti süni intellektin yeni versiyasını — GPT-5 modelini təqdim edib. Yenilənmiş neyroşəbəkə bütün istifadəçilər üçün pulsuz əlçatandır, lakin müəyyən məhdudiyyətlər də var. Şirkətin baş direktoru Sem Altman bildirib ki, GPT-5 əvvəlki modellərlə müqayisədə əhəmiyyətli irəliləyişdir və süni intellektin inkişafında yeni mərhələ açır.

GPT-5-də nələr dəyişib?

OpenAI-nin məlumatına görə, GPT-5 elmi araşdırmalar, analitik işlər, proqramlaşdırma və müxtəlif məsələlərin həlli üçün nəzərdə tutulub. Şirkət bu modeli “ən ağıllı, ən sürətli və ən faydalı” süni intellekt kimi təqdim edir.

Əsas üstünlükləri:


Bundan əlavə, istifadəçilər artıq “düşünən” və ya “sürətli” rejim arasında seçim etmirlər — GPT-5 sorğunun mürəkkəbliyinə uyğun olaraq bunu avtomatik edir.

OpenAI-nin məlumatına görə, yeni model riyaziyyat, təbiət elmləri, maliyyə, hüquq və digər sahələrdə yüksək dəqiqlikli cavablar təqdim edir, proqram yaza bilir, sayt və tətbiqlər hazırlaya bilir, həmçinin sağlamlıqla bağlı suallara cavab verə bilir. GPT-5 üzərində iş zamanı 5 min saatlıq təhlükəsizlik testləri aparılıb.

Sem Altman təcrübəni belə dəyərləndirib: “Əgər GPT-3 məktəbli, GPT-4 isə kollec tələbəsi idisə, GPT-5 doktorluq dərəcəsinə sahib bir ekspertə bənzəyir”. Onun sözlərinə görə, artıq məlumatı, sadəcə yadda saxlamaq və ya tez tapmaq kifayət deyil — süni intellektin əsas gücü analitik düşüncə qabiliyyətidir.

Kimlər istifadə edə bilər?

GPT-5 bütün istifadəçilər üçün əlçatandır. Pulsuz tarifdə limit 5 saat ərzində 10 mesajdır. Limit dolduqda sistem avtomatik olaraq GPT-5-mini versiyasına keçir. Hər gün bir dəfə “Thinking” — mürəkkəb tapşırıqları həll edən və proqramlaşdırma üçün əlverişli dərin təhlil funksiyasından istifadə etmək mümkündür.

Plus abunəliyində istifadəçilər 3 saatda 80 sorğu göndərə bilirlər. Limit aşılarsa, mini-versiyaya keçid olur. “Thinking” funksiyasında həftəlik limit 200 mesajdır. Team və Pro paketlərində isə GPT-5 bütün rejimlərdə limitsiz işləyir.

Altman qeyd edib ki, GPT-5 əvvəlki bütün modellərin ən yaxşı xüsusiyyətlərini birləşdirir: “Bu, proqramlaşdırma, riyaziyyat, yazı, sağlamlıq, vizual analiz və daha çox sahədə ən yüksək nəticələr göstərən modeldir”.

Bu yenilik süni intellektlə işləyənlər üçün həm peşəkar, həm də gündəlik istifadə baxımından yeni imkanlar açır və rəqəmsal texnologiyaların inkişafında dönüş nöqtəsi hesab olunur.

Səbuhi MƏMMƏDOV

XQ

Seçilən
33
xalqqazeti.az

1Mənbələr