AZ

"Mahm Abbas Fələstin dövlətini bir qayda olaraq elan etmək üçün nəzərdə tutulub" - İsrail mətbuatı

"BMT Baş Assambleyası ərəfəsində diplomatik gərginlik artır..."

Ramallahda son günlər diplomatik kuluarlarda mühüm dəyişikliklər müzakirə olunur. Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas sentyabr ayında BMT Baş Assambleyası ilə eyni vaxtda Fələstin dövlətini birtərəfli qaydada elan etməyi nəzərdən keçirir.

Moderator.az xəbər verir ki, bu barədə "İsrailinfo.co" nəşri yazıb.

Planın mahiyyəti

Abbasın təşəbbüsü hər hansı dərhal siyasi və ya hüquqi addımla müşayiət olunmayacaq. Bu, sadəcə siyasi bəyanat kimi təqdim ediləcək və məqsədi Fələstin Administrasiyasının statusunu dəyişmək, Oslodakı razılaşmalara əsaslanan idarəetmə orqanından müstəqil dövlət strukturu imicinə keçid etməkdir. Bunun üçün nə İsrailin razılığı, nə də danışıqlar lazım olacaq. Mümkündür ki, bəyanatda gələcək dövlətin sərhədləri də göstərilsin. Bu addım, bəzi beynəlxalq hüquq ekspertlərinə görə, Oslo sazişlərinin pozulması kimi qiymətləndirilə bilər və nəticədə illərdir fəaliyyətsiz olan Fələstin Qanunverici Şurasının tamamilə ləğvinə gətirib çıxara bilər.

Beynəlxalq kontekst

Sentyabr sessiyasında Fransa, Böyük Britaniya, Kanada, Avstraliya da daxil olmaqla bir sıra ölkələr Fələstin dövlətini tanımağa hazır olduqlarını bəyan edib. Hətta Almaniya da bu məsələni açıq müzakirə etməyə başlayıb, baxmayaraq ki, hələ rəsmi olaraq bu addıma qoşulmayıb. Bu diplomatik dalğa HƏMAS-ın girov müzakirələrini dayandırmasının da səbəblərindən biri olub. Qrup ümid edir ki, artan beynəlxalq təzyiq İsraili müəyyən güzəştlərə məcbur edəcək.

Abbasın mesajı

Abbas yaxın çevrəsinə ümidverici bəyanatlar verir: "Bu, düşündüyünüzdən daha yaxındır. Üç-beş il ərzində Fələstin dövləti yaradılacaq". Xatırladaq ki, 2013-cü ilin yanvarında Abbas prezident fərmanı ilə Fələstin Administrasiyasının adını rəsmi şəkildə "Fələstin Dövləti" olaraq dəyişdirmiş, öz titulunu isə "prezident" kimi rəsmiləşdirmişdi. Bu addım 2012-ci ilin noyabrında BMT-nin Fələstini müşahidəçi dövlət statusunda qəbul etməsindən sonra atılmışdı. Bu dəfə isə Abbasın qarşısında daha riskli, amma beynəlxalq siyasi gündəmdə səs gətirə biləcək bir addım dayanır.

Seçilən
9
moderator.az

1Mənbələr