AZ

Bakıda arvadına qısqanclıq zəminində şiddət göstərən 38 yaşlı kişi həbs edildi

Bakının Sabunçu rayonunda 38 yaşlı kişi arvadına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 5-də baş verib. Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Tərlan Babayev həmin gün saat 20:00-da yaşadıqları evin qonaq otağında arvadı Əsmər (ad-soyad şərtidir – red.) ilə qısqanclıq zəminində mübahisə edib. 

Aralarında yaranmış mübahisə zamanı o, qəsdən yumruqla arvadının üz və baş nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən T. Babayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən T. Babayev  ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə qısqanclıq zəminində baş verib: “Səmimi peşmanam, zərərçəkmiş şəxsdən üzr istəyirəm, onunla barışmışam. Hadisə zamanı "GO" adlı tərkibində spirt olan enerji içkisi içmişdim. Zərərçəkən şəxsin başından, budundan vurmuşam. Sonra qardaşım gələrək bizi aralayaraq danladı. Əvvəllər də məhkəmədə zərərçəkmiş şəxsi döyməm ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə işlərim olub. Həmin vaxtlar da döymə səbəbim qısqanclıq olub. Bəzən ağlıma pis fikirlər gəlir, buna görə də qısqanclıq zəminində bu hadisələr baş verir. Qısqanmama səbəb olan hallarla bağlı boşanmaq üçün məhkəməyə müraciət etməmişəm. Çünki buna ehtiyac olmayıb”.

İş üzrə zərərçəkmiş Ə. Babayevanın sözlərinə görə, onlar qəsəbədə yaşayırlar və bu ərazidə əhalinin hərəsi bir cürdür: “Qonşuluqda eynliklə mənə bənzəyən bir qadın var və həmin qadının nalayiq hərəkətləri ilə bağlı qəsəbədə söz-söhbətlər çox olur. Həyat yoldaşım Tərlan spirtli içki içən kimi həmin qadının etdiyi hərəkətlərə görə məni döyməyə başlayır. Beyninə uydurma hadisələr gəlir və məni döyür. İndiyədək Tərlanın absurd, uydurma qısqanc fikirlərinə görə hər zaman döyülmüşəm. Məsələn qonşuda kimsə desə ki, 6-cı mərtəbəyə bir qadın çıxıb, o dəqiqə ağlına gəlir ki, həmin qadın mən olmuşam. Gələrək məni nalayiq ifadələr işlədir və döyür. Mən isə izah edə bilmirəm ki, evdən bayıra çıxmıram, mənim çöldən xəbərim yoxdur. Mənim heç mobil telefonum da yoxdur. Mənim uşaqlarımın da psixologiyası pozulub. Uşaqların yanında mənə nalayiq ifadələr işlədir. Uşaqlar videoya çəkərək ayıldıqda göstərdikdə ki, bu nə sözlərdir anamıza deyirəm, deyir ki, yox ananız elə qadın deyil”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə T. Babayev 5 ay müddətə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, dərhal məhkəmə iclas zalından həbs edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
36
50
demokrat.az

10Mənbələr