AZ

Prezident İlham Əliyevin Vaşinqton səfəri: Strateji əməkdaşlıqdan dayanıqlı sülhə gedən yol - TƏHLİL

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçirdiyi Vaşinqton səfəri Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi strateji və tarixi əhəmiyyət daşıyır. Bu səfər, sadəcə, diplomatik protokolun tərkib hissəsi deyil, ikitərəfli əməkdaşlığın məzmununu və miqyasını dərinləşdirən siyasi hadisədir. Gündəliyin əsasını iki istiqamət təşkil edir: Azərbaycan–ABŞ ikitərəfli əlaqələrinin inkişafı və Azərbaycan–Ermənistan sülh prosesinin irəlilədilməsi.

 

Vaşinqton səfəri: Strateji tərəfdaşlığa aparan yol

 

Səfərin ən mühüm nəticələrindən biri kimi Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. Bu sənəd strateji tərəfdaşlığın hüquqi-siyasi çərçivəsini möhkəmləndirərək əməkdaşlığı üç əsas sahə üzrə sistemləşdirəcək: Birincisi, enerji, ticarət və tranzit marşrutlarını əhatə edən regional bağlantılar – Azərbaycanın qlobal enerji təhlükəsizliyində və beynəlxalq nəqliyyat şəbəkələrində aparıcı rolunu daha da gücləndirəcək. İkincisi, süni intellekt və rəqəmsal infrastruktur sahəsində investisiyalar – innovasiya və texnoloji tərəfdaşlığı dərinləşdirəcək. Üçüncüsü, müdafiə sənayesi, silah tədarükü və terrorizmə qarşı mübarizə – təhlükəsizlik sahəsində qarşılıqlı etimadı artıraraq regional sabitliyə töhfə verəcək.

 

Bu səfər həm ikitərəfli münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi, həm də Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi istiqamətində mühüm diplomatik platforma rolunu oynayır.

 

Səfər siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını dərinləşdirəcək

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidentinin Vaşinqton səfəri çox böyük əhəmiyyət kəsb edir.

 

O bildirib ki, Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətləri müəyyən dövrlərdə gərgin mərhələlərdən keçib: “Bu gərginlik Azərbaycanın narazılığına səbəb olurdu və rəsmi Bakı ardıcıl şəkildə xarici siyasət alətlərindən istifadə edərək münasibətləri bərpa etməyə, əməkdaşlığı normal məcraya qaytarmağa çalışırdı. Vaşinqton səfərinin əsas əhəmiyyəti də məhz bundadır – Azərbaycan ABŞ ilə əlaqələrini artıq yüksək səviyyəyə qaldırmağa nail olub. Başqa sözlə, münasibətlərdə əvvəlki soyuqluq aradan qalxıb və tərəflər yeni strateji əməkdaşlıq mərhələsinə qədəm qoyublar. Səfər çərçivəsində Azərbaycan Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. Bununla bir neçə sahədə – ilk növbədə siyasi və strateji əməkdaşlıq səviyyəsində, süni intellekt texnologiyaları sahəsində ABŞ investisiyaları, Azərbaycanın enerji sektoruna yeni yatırımlar, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın güclənməsi, həmçinin ölkədaxili məsələlərin həllinə töhfə verəcək təşəbbüslər müzakirə olunur. Bu baxımdan, səfər çox vacib bir addım olacaq.”

 

Azərbaycan–Ermənistan sülh prosesi Vaşinqtonda yeni mərhələyə keçir

 

ABŞ səfərinin ikinci əsas məqsədi Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsi və yekun razılaşmanın əldə olunmasıdır. Bu kontekstdə tərəflərin sülh sazişinin mətni üzərində razılaşması, sərhədlərin delimitasiya prosesi, Zəngəzur dəhlizinin istifadəsi və Ermənistan Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması kimi məsələlər əsas prioritetlər sırasında yer alır.

 

“İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan sülh sazişi ilə bağlı mövqeyində qalır və bu sənədin imzalanması Azərbaycanın şərtinə uyğun olaraq Ermənistan Konstitusiyasında dəyişikliklərin baş verməsi nəticəsində mümkün ola bilər. Yəni indiki mərhələdə bu səfər çərçivəsində sülh sazişinin imzalanması nəzərdə tutulmur. Amma bu sənədə, orada əks olunan prinsiplərə dəstək olaraq üçtərəfli bəyanat da qəbul olunacaq. Bu, siyasi iradənin nümayişi olacaq ki, ABŞ, Azərbaycan rəhbərliyi və Ermənistan rəhbərliyi prosesləri sülh yolu ilə həll etməkdə qərarlıdırlar. Üçtərəfli bəyanatda eyni zamanda, xarici işlər nazirləri tərəfindən sülh sazişinin paraflanması proseduru nəzərdə tutulur. Belə bir hadisənin mənası və əhəmiyyəti ondan ibarətdir ki, tərəflər illər ərzində apardıqları danışıqlar nəticəsində razılaşdırılmış bir sənədə rəsmi şəkildə imza atacaqlar”.

 

Trampın təşəbbüsü diplomatik dəyərə malikdir

 

İki ölkə arasında aparılan sülh danışıqlarının irəliləməsi və hazırkı məqamda ABŞ Prezidenti Donal Trampın təşəbbüsü ilə danışıqların Ağ Evdə davam etdirilməsi məsələsi erməni ictimaiyyətində də müsbət qarşılanır.

 

Erməni siyasi şərhçi, jurnalist Natali Aleksanyan APA-ya açıqlamasında bildirib ki, həqiqi və uzunmüddətli sülhə xidmət edən danışıqlar alqışlanmalıdır.

 

“Hər hansı danışıqlar əgər həqiqi və uzunmüddətli sülhə xidmət edirsə, əlbəttə, alqışlanmalıdır. Lakin unutmamalıyıq ki, sülhün əsası daxildən – ədalətin bərpası, daxili təmizlənmə və ictimai etimadın yenidən qurulması ilə başlanmalıdır. Qarabağ klanının üzvləri məsuliyyətə cəlb edilmədən gerçək sülhdən danışmaq mümkün deyil. Çünki illər boyu məhz onlar siyasi və iqtisadi manipulyasiyalarla həqiqəti təhrif ediblər. Əgər ədalət tələb edirsə ki, onların törətdikləri əməllərə görə Bakıya təhvil verilməsi gündəmə gətirilsin, bu məsələ də müzakirə olunmalıdır. Trampın və ya hər hansı beynəlxalq aktorun təşəbbüsləri diplomatik əhəmiyyət daşıya bilər”, - o bildirib.

 

Amerikalı siyasi ekspert Peter Teyz APA-ya açıqlamasında vurğulayıb ki, Prezident İlham Əliyevin Donald Trampın dəvəti ilə Ağ Evə tarixi səfəri Azərbaycan–ABŞ strateji tərəfdaşlığını gücləndirərək regional sabitlik, enerji təhlükəsizliyi və sülh gündəliyində yeni mərhələ açır.

 

“Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə həyata keçirəcəyi tarixi Ağ Ev səfəri Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Uzun müddətdir gözlənilən bu görüş iki ölkə arasında strateji əməkdaşlığın miqyasını genişləndirməklə yanaşı, regional sabitlik, enerji təhlükəsizliyi və çoxtərəfli diplomatiya baxımından mühüm əhəmiyyət kəsb edir. Donald Tramp prezidentliyinin əvvəlindən Cənubi Qafqaza sülh və rifah gətirmək istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edib. Onun vizyonunda Azərbaycanın geosiyasi rolu xüsusi yer tutur. İlham Əliyevin dövlət idarəçiliyi və nəticəyönümlü siyasəti, bir çox cəhətdən, Trampın liderlik üslubu ilə oxşarlıq təşkil edir. Azərbaycan, xüsusilə Əfqanıstan və İraq müharibələri dövründə Qərbə göstərdiyi sadiqliklə ABŞ-ın etibarlı tərəfdaşı olduğunu sübut edib. Bu mövqe Pentaqon tərəfindən də yüksək qiymətləndirilib və ölkəmiz Cənubi Qafqazda sabitliyin əsas dayaqlarından biri kimi qəbul olunub. Prezident Əliyevin liderliyi altında həyata keçirilən iqtisadi islahatlar, infrastruktur layihələri və xarici siyasətdə fəallıq Azərbaycanın regional lider statusunu möhkəmləndirib. Enerji layihələri, yaşıl inkişaf təşəbbüsləri və çoxtərəfli platformalarda fəal iştirak ölkənizin beynəlxalq nüfuzunu artırıb. Ağ Ev görüşündə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, enerji və texnologiya sahələrində yeni layihələr, eləcə də Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi əsas müzakirə mövzuları olacaq. Bu səfər, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir”, - bildirib.

 

Azərbaycan və Ermənistan Minsk Qrupunun ləğvi üzrə razılığa gəldi

 

ATƏT-in Minsk Qrupu uzun illər ərzində münaqişənin həllində real nəticə əldə edə bilmədiyi üçün onun fəaliyyətinin davamı mənasız hesab olunur. Azərbaycanın mövqeyinə görə, bu qurumun ləğvi sülh prosesini daha şəffaf və effektiv mexanizmlər üzərindən aparmaq üçün zəruridir.

 

Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistan və Azərbaycan birgə müraciət edərək Minsk qrupunun buraxılması barədə razılıq əldə ediblər: “Tərəflər bu müraciəti rəsmi şəkildə ATƏT-ə göndərəcəklər. Yəni bu cür vacib məsələlər onu göstərir ki, Azərbaycan xarici siyasəti 2020-ci ildən sonra diplomatiya sahəsində ən vacib və önəmli uğura nail olub və bu baxımdan bölgədə sülhün və əməkdaşlığın bərqərar olunmasına nail olunacaq. ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan və Ermənistan birgə bildiriş göndərəcəklər. Bu, simvolik bir addımdır, çünki de-fakto bu fəaliyyət artıq dayandırılıb. Amma Ermənistanla Azərbaycanın birgə belə addımı çox böyük siyasi-simvolik əhəmiyyət daşıyır. Bu o deməkdir ki, münaqişə bitib, tərəflər postmünaqişə sülh yolunu seçirlər. Belə bir ümumi üçtərəfli bəyanat Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatını daha da gücləndirən siyasi hadisə olacaq. Münaqişə bitib, postmünaqişə dövrü başlayıb və bu, əməkdaşlıq dövrünə yol açır”.

 

Natali Aleksanyan da ATƏT Minsk Qrupunun tarixə qovuşmuş bir qurum olduğunu və ləğv məsələsinin simvolik xarakter daşıdığını bildirib.

 

“Minsk qrupu illər ərzində özünü təsirli bir mexanizm kimi doğrultmadı və onun ləğvi praktiki baxımdan deyil, daha çox simvolik xarakter daşıyır. Əsl önəm kəsb edən məsələ isə Sülh Sazişinin məzmunudur”, - o bildirib.

 

Zəngəzur dəhlizi: Sülh sazişinin əsas şərti və regional geosiyasətdə yeni mərhələ

 

Ermənistanla sülh müqaviləsini imzalamaq üçün əsas şərtlərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa və maneəsiz bağlantını təmin edəcək Zəngəzur dəhlizinin açılması və onun beynəlxalq razılaşmalar çərçivəsində işlək vəziyyətə gətirilməsidir. Bu şərtlər yerinə yetirildiyi təqdirdə, sülh sazişinin imzalanması və bölgədə uzunmüddətli sabitliyin təmin edilməsi mümkün olacaq.

 

Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında imzalanması planlaşdırılan xüsusi sənəd Zəngəzur dəhlizinin Azərbaycanın maneəsiz istifadəsini təmin edərək ölkədaxili əlaqələri, tranzit imkanlarını və regional əməkdaşlığı gücləndirməklə bölgənin geosiyasi mənzərəsini dəyişdirməyi hədəfləyir.

 

“Eyni zamanda, Vaşinqtonda xüsusi bir sənədin imzalanması da nəzərdə tutulur. Bu sənəd Zəngəzur dəhlizinin Azərbaycan tərəfindən maneəsiz istifadəsini təmin etməyə yönəlib. Bu, ölkəmiz üçün çox vacib və strateji əhəmiyyət kəsb edən bir məqsəddir. Beləliklə, Azərbaycan vətəndaşları dövlətin bir hissəsindən digərinə sərbəst şəkildə gedib-gələ biləcəklər. Həmçinin, bu yolun tranzit məqsədilə istifadəsi də böyük əhəmiyyət daşıyır. Dəhlizin bərpası, onun maliyyələşdirilməsi, kommersiya və ticarət məqsədilə istifadəsi də planlara daxildir. Bu istiqamətdə üç tərəf arasında kommersiya danışıqlarının aparılması nəzərdə tutulur. Ümumiyyətlə, görüşdən sonra müxtəlif sahələri əhatə edən bir neçə işçi qrupunun yaradılması planlaşdırılır və bu qruplar ABŞ-ın dəstəyi ilə mövzuları aydınlaşdırmaq, danışıqları yekunlaşdırmaq üçün fəaliyyət göstərəcəklər. Gözlənilir ki, gələn ilin əvvəlində bu məsələlərin praktiki baxımdan həll olunması və danışıqların yekunlaşması mümkün olsun. Yenə də qeyd etmək lazımdır ki, oktyabr ayının birinci yarısında baş verəcək bu hadisələr bölgədəki geosiyasi vəziyyəti tamamilə dəyişdirə bilər. Bu məsələyə müxalif mövqedə olan Rusiya və İran isə əgər sağlam yanaşma nümayiş etdirsələr, Zəngəzur dəhlizinin bərpası nəticəsində Şimal–Cənub nəqliyyat dəhlizi üzrə dəmir yolu bağlantısından faydalana bilərlər. Sovet dövründə Culfa şəhərində mövcud olmuş dəmir yolu xətti vasitəsilə bu dəhliz Skandinaviya ölkələrindən Körfəzə qədər uzana bilərdi. Belə bir bağlantıdan Pakistan, Hindistan, Körfəz ölkələri, Skandinaviya dövlətləri, Rusiya, Azərbaycan və Ermənistan da fayda əldə edə bilər. Bu, bölgə üçün mühüm hadisədir və əminəm ki, icra olunacağı təqdirdə, qarşıdurmadan əməkdaşlığa keçid üçün real şərait yaradacaq. Zəngəzur layihəsi elə bir təşəbbüsdür ki, təkcə dəmir yolunun və ya avtomobil yolunun bərpası deyil, ümumiyyətlə yeni dövrün başlanması kimi böyük bir hadisədir. ABŞ bu layihəyə dəstək verəcək və ona öz layihəsi kimi yanaşacaq. Hətta Nobel mükafatına layiq görülməsi məsələsi belə gündəmə gələ bilər. Maraqlıdır ki, bu layihəyə təkcə respublikaçılar deyil, administrasiyanın bəzi nümayəndələri də Konqresdə dəstək verir və yüksək qiymətləndirirlər”.

 

Erməni şərhçinin sözlərinə görə, istənilən marşrutun və ya dəhlizin açılması Ermənistan qanunvericiliyi və Konstitusiyası çərçivəsində həyata keçirilməlidir: “Beynəlxalq nəzarət, əgər Ermənistanın maraqlarına və sərhədlərimizin toxunulmazlığına uyğun olarsa, müvəqqəti təhlükəsizlik mexanizmi kimi nəzərdən keçirilə bilər”, - o fikrini yekunlaşdırıb.

Tarix: 8 Avqust 2025, 17:56   
Seçilən
26
1
pravda.az

2Mənbələr