AZ

Regionda kritik gəlişmə: Rusiya və İran Qafqazdan kənarlaşdırılır

“Amerika Birləşmiş Ştatlarının Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə vasitəçilik etməsi olduqca ciddi və əhəmiyyətli bir məsələdir. Çünki bu, sadəcə iki dövlət arasında sülhün əldə olunması deyil, həm də bütövlükdə Cənubi Qafqazın gələcək taleyinin həll olunması kimi anlaşılmalıdır”.
NOCOMMENT.az bildirir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli Vaşinqton görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Vaşinqton görüşü Cənubi Qafqazdakı sülh prosesini Rusiyanın təsir dairəsindən tamamilə çıxarıb:
Bakupost.az
“Bundan sonra Rusiya Azərbaycan və Ermənistan arasında, yaxud da hansısa formada arbitr rolunu oynamaq şansını tamamilə itirdi. Yəni Brüssel prosesi ilə başladılmış Rusiyanın kənarlaşdırılması məsələsi artıq daha böyük mərhələyə keçirilmiş oldu. Bundan sonra Rusiya Cənubi Qafqazdakı proseslərdə söz sahibi olmayacaq. Ən əsası isə Cənubi Qafqazda geosiyasi əsas oyunçuların sırasına ABŞ da daxil oldu”.
E.Xalidbəyli bildirib ki, ABŞ regionun ən mühüm geoiqtisadi layihəsinə – Zəngəzur dəhlizinə xüsusi maraq göstərir:
“Tramp administrasiyası Zəngəzur dəhlizinin açılmasını istəyir və eyni zamanda bu dəhlizə uzunmüddətli təhlükəsizlik təminatı vermək niyyətindədir. Bu baxımdan hesab etmək olar ki, ABŞ artıq Ermənistanla bu məsələdə anlaşmış kimi görünür. Əks halda, Ağ Evdən Zəngəzur dəhlizi ilə bağlı belə əminliklə açıqlamalar verilməzdi”.
Siyasi şərhçi hesab edir ki, son vaxtlar atılan addımlar həm Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesini sürətləndirir, həm də Zəngəzur dəhlizinin açılmasına xidmət edir:
“Ən əsası, Cənubi Qafqaz demək olar ki, yenidən dizayn olunur. Artıq burada Rusiya və İrana demək olar ki, elə bir rol ayrılmır. Rusiya tarixi bir şəkildə Qafqazdan kənarlaşdırılır, onun Qafqaza qapısı tamamilə bağlanır. Artıq Cənubi Qafqaz xalqları və dövlətlərinin yeni inkişaf mərhələsinə keçmək şansı artmış kimi görünür. Bu baxımdan hazırda baş verən hadisələr Rusiyasız Qafqazın gələcək taleyinin həll olunması istiqamətində atılmış tarixi addımdır”.
Seçilən
77
16
nocomment.az

10Mənbələr