AZ

Türkiyədən salamlar 

Həftəni Elmar Baxşıyevin reklamının olub-olmaması ilə keçirdik. “Aris”i keçməyin “Araz Naxçıvan”a qazandırdığı gündəm mövzusu bu oldu.

Bir də Türkiyədən salamlar var idi. Ahmet Dursun və Yılmaz Vuraldan. Nəsə yeni tərzdi bu da. Hardansa “Araz Naxçıvan”a uğurlar arzulayıb paylaşırlar.

Nəysə. Əlimiz üzümüzdə baxıb keçdik. Nəticənin yaratdığı şadlığa şitliyi görməzdən gəldik. Çünki bizə maraqlı olan meydandakı tərz idi.

0:4-ə isə göz yummaq olmur. Gərək bir neçə kəlmə edək. Həm də Baxşıyevin reklamı olsun. Yaxşısı pisi yoxdur deyirlər.

Görəsən, Yılmaz Vural salamla yanaşı, taktika da göndərmişdi “Araz Naxçıvan”a? Meydanda əsl onunsayağı komanda var  idi.

Dünən futbolçularda ən azı motivasiya olmalı idi. Yunanıstan səfərindən yaxşı nəticə ilə gəlib Bakıda belə oyun çıxarmaq olmaz axı.

Elmar müəllim həftə ərzində komandanı hazırlamayıb sanki. Kipr təmsilçisinin nə boyda adı olur-olsun. Belə heyətlə bu qədər aciz qalmaq ayıb oldu. Biz yaxşı oyun gözlədiyimiz yerdə “hələ bunun səfəri var” qorxusuna qapılmışıq.

Bilmirəm “Araz Naxçıvan”ın dünənki dərdi nə idi. Meydanda yaxşı mənada adı çəkiləsi bir nəfər belə olmadı. Heç Premyer Liqa oyunlarında komandanı belə darmadağın görməmişdik.

Klub üçün tarixi əhəmiyyətə malik bir görüşə belə yanaşmaq təəccüblü gəldi. Rəqibmi çox şişirdilib, yoxsa komandamı “şişib”, yaxşısını Baxşıyev bilər.

Amma bu nəticə xətrini istədiyimiz mütəxəssisin komandasına yaraşmadı.

Həsən Quluzadə

Seçilən
32
idmanxeber.az

1Mənbələr