Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə əməkdaşlıq, bu dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsinin əhəmiyyəti və Orta Dəhlizin əsas seqmentlərindən biri kimi yükdaşımalardakı rolu müzakirə edilib.
İllik gücü 5 milyon tona çatdırılmış BTQ ilə yükdaşımaların daha səmərəli təşkili və yeni yüklərin cəlbi məqsədilə “BTKI Railways” MMC birgə müəssisəsinin fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin əməkdaşlığın yeni səviyyəyə qaldırılması məqsədilə bu ilin iyununda imzalanmış yol xəritəsinin icrasının mövcud mərhələsini müzakirə ediblər. Qeyd olunub ki, hazırda Azərbaycan və Gürcüstanın dəmiryol mütəxəssisləri arasında birgə fəaliyyətin uzlaşdırılması və optimallaşdırılması məqsədilə zəruri məlumatların aktiv və konstruktiv mübadiləsi aparılır.