AZ

“Araz-Naxçıvan”ın uğurlarına sevinməyə bilmərəm” – Bağırov

Azərbaycan klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyuna çıxacaqlar.

Günün ilk matçında “Araz-Naxçıvan” Kiprin “Omoniya” komandasını qəbul edəcək. “Sabah” isə Bolqarıstanda “Levski”nin qonağı olacaq. Azərbaycan millisinin sabiq futbolçusu, “Araz-Naxçıvan”ın keçmiş baş məşqçisi Azər Bağırov “Futbolpress.az“a açıqlamasında oyunlardan gözləntilərini bölüşdü:

“Təsnifat mərhələlərini keçdikcə rəqiblər çətinləşir. “Levski” və “Omoniya” tanış rəqiblərdir və ölkələrinin ən yaxşılarındandır. Asan oyunlar olmayacaq. “Araz-Naxçıvan” üçün daha çətin olacaq. Çünki komandanın sütunu, əsas oyunçularından İqor Ribeyro matçda olmayacaq. “Sabah”da isə heyət daha genişdir və düşünürəm ki, böyük ölçüdə çətinlik olmayacaq. Düşünürəm ki, hər iki komandamız mərhələ adlaya bilər. Rəqiblər keçiləsidir”.

Vaxtilə “Araz-Naxçıvan”a rəhbərlik etmiş Bağırov sabiq klubundan söz açdı:

“Əlbəttə, “Araz-Naxçıvan”ın uğurlarına sevinməyə bilmərəm. Burda bir neçə il keçirmişəm. Yaxşı və pis vəziyyətdə “Araz-Naxçıvan”da olmuşam. Klubdakı şəxslərlə yaxşı, isti münasibətlər var. Hər klubun Avropadakı iştirakına sevinirəm, “Araz-Naxçıvan”ınkı isə daha əzizdir”.

Son olaraq “Kəpəz”də baş məşqçi olan Bağırov hələ işsizdir. O, təkliflərin olmadığını bildirdi:

“Hələ təkliflər yoxdur. Çempionatı gözləyirik, izləyəcəyik. Hər şey yaxşı olar”.

Şahin Cəfərov

Seçilən
57
25
futbolpress.az

10Mənbələr